İranlı jurnalist Ukraynadakı müharibəyə qatılıb

09:15 28.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Beynəlxalq TV-də çalışan jurnalist Xuroş Sehati rusiyalı işğalçılarla savaşmaq üçün Ukraynadakı Xarici legionuna qoşulub.

Hafta.az-ın yazdığına görə, Ukraynanı ikinci vətəni kimi xarakterizə edən Sehati, ailəsinin Londonda yaşadığını söyləyib və “Ukraynaya bağlılığım var, çünki həyat yoldaşım ukraynalıdır və uşaqlarımızın yarıukraynalıdır” deyib.

Diktatorlara və işğalçılara qarşı mübarizə apardığını bildirən Sehati bunun Rusiya, İran, Şimali Koreya və Belarusa işarə olduğunu bildirib.

Beləliklə, Sehati Rusiya təcavüzünə qarşı döyüşmək üçün Ukraynadakı Xarici legiona qoşulan ilk iranlı olub. Sehati sosial media hesabında “cinayətkar Putin və tərəfdarları ilə mübarizə aparmaq üçün” bəyanatı ilə legiona qoşulduğunu açıqlayıb.

İranla Rusiya arasındakı tarixi bağa diqqət çəkən Sehati, "Rusiya son 200 ildə İrana çox böyük ziyan vurdu" deyib. Çar Rusiyasının İranla müharibə etdiyini xatırladan Sehati Moskvanın İranın təbii sərvətlərinə nəzarət etməyə çalışdığını bildirib.

Legiona qatıldıqdan sonra peşəkar təhsil aldığını vurğulayan Sehati 2004-cü ildə İrandan qaçaraq Türkiyəyə gəlib, daha sonra Böyük Britaniyaya köçüb.