İş xanımlarına dövlət böyük dəstək göstərir - Elnarə Nəhmədova

10:15 26.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qadınların öz ideyalarını reallaşdırmasına daha çox adət-ənənələrimiz mane olur

O, karyeraya adi saç ustası kimi başlayıb. Gözəllik sahəsinin incəliklərini öyrəndikdən sonra isə özəl biznesə sahib olmaq istəyib. Hazırda 150 nəfərlik komanda heyəti ilə həm xanımlara, həm də bəylərə xidmət göstərən salonlar şəbəkəsinin sahibidir. “Həftə içi” qəzetinin müsahibi “Beauttech” premium gözəllik salonlar şəbəkəsinin, “Bəri Bax by Beauttech” ekonom gözəllik salonlar şəbəkəsinin, Beauttech Professional School məktəbin təsisçisi Elnarə Nəhmədovadır.

- Elnarə xanım, bu işə necə başlamısınız və neçə ildir bu sahədə fəaliyyət göstərirsiniz?

- Ailəmə dəstək olmaq məqsədilə məktəbi bitirən kimi, 17 yaşından gözəllik salonunda işə düzəldim. Bu sahədə, artıq 27 ildən çox təcrübəm var.

- Gözəllik şəbəkəsi qurmaq ideyası necə yarandi? Bu işdə ilk dəstəkçiniz kim oldu?

- Hər bir ustanın arzusudur ki, şəxsi salonu olsun, amma məni ən çox ilhamlandıran hər il bir neçə dəfə iştirak etdiyim xarici təlimlər oldu. Oradakı salonlara baxıb belə şəbəkə yaratmaq istəyirdim ki, müştərilər tək tanınan ustanın adına deyil, salonun, brendın adına gəlsinlər. Orada iştəyən ustaların peşəkarlığına tam əmin olsunlar.

– Sizcə, uğurlu biznez-ledi olmaq üçün nələrin olması vacibdir?

- İlk növbədə nizam-intizam olmalıdır. Daha sonra stressə davamlılıq, səbir, analitik ağıl, ünsiyyət qurma və təşkilatçılıq bacarığı.

- Qadınlar üçün hazır biznesi inkişaf etdirmək, yoxsa sıfırdan başlamaq daha asandır?

- Düşünürəm, sıfırdan başlamaq çox çətindir və siz başqalarının səhvləri üzərində yox, öz səhvləriniz üzərində öyrənmək məcburiyyətində qalırsınız. Bu, zaman itkisi deməkdir. Mən hazır biznes üstündə işimi qurub, sonra ona fərqli yeniliklər əlavə etməyə üstünlük verərdim.

- Sizcə, biznesdə uğur qazanan qadınların psixologiyasinda sonradan hansı dəyişikliklər baş verir?

- Uğurlu biznes qadınları daha çox özünə güvənməyi öyrədir və sərtləşdirir.

- Bu dəyişikliklər nədən qaynaqlanır?

- Hər bir biznes böyük məsuliyyət deməkdir. Qərarlar rəhbərin üstünə düşür və o qərarlardan bir çox insan asılıdır. Təbii ki, belə sərt şərtlərdə insanım özünə və təcrübəsinə güvənməsi lazımdır.

- Hazırda Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların cəmi 21 faizi qadındır. Sizcə, qadınların öz ideyalarını həyata keçirməsinə nə mane olur?

- Düşünürəm ki, qadınların öz ideyalarını reallaşdırmasına daha çox adət-ənənələrimiz mane olur. Kiçik yaşlardan əksər ailələrdə qızlara atanın, həyat yoldaşının əlinə baxmağı öyrədirlər. Gözəl iş tapıb, ya da bir biznes qurmaq həvəsi yerinə, qadınlarımız daha çox ona baxan, maddi istəklərini qarşılayan həyat yoldaşını tapmaq axtarışında olurlar.

– Ümumiyyətlə, sahibkarlıq sahəsində gender bərabərliyinin təmin olunması üçün hansı addımların atılmasına ehtiyac var?

- Qeyd etdiyim kimi, bu problemlər ailə tərbiyəsindən irəli gəlir. Əgər uşaqlıqdan ailə qızının öz ayağı üstündə durmağı, özünə güvənməyi öyrətsə bu problem olmaz. Bir iş xanımı kimi dövlət tərəfində mən özümə qarşı hörmət gördüm və bu bugünkü gündə iş xanımlarına dövlət böyük dəstək göstərir.

- Çoxları düşünür ki, qadın karyera qurmaq üçün mütləq nələrdənsə keçməlidir. Bu fikrə münasibətiniz necədir?

- Təbii ki, mənfi. Bir qadına qarşı tərəfdən yersiz təkliflər gələ bilər, lakin qadının özünü necə nümayiş etdirməsindən, qarşı cinsin önündə duruşundan, sözünü, fikrini çatdırmasından çox şey asılıdır. Şəxsən özüm belə təkliflərlə rastlaşmadım, çünki birinin önünə çıxanda, otağa addım atanda, insanın gözlərinə baxanda, hörmət etdiyimdə, özümü, məqsədlərimi qarşı tərəfə düzgün hiss etdirmişəm.

– Karyeranıza nəyisə qurban vermisinizmi?

- Xeyr, karyerama heç nəyi qurban verməmişəm. Mənim işim - mənim həyat tərzimdir. Biznes sahəsində insanlara faydalı oluram, biliklərimi, təcrübəmi paylaşıram.

- Ana və işgüzar xanım obrazını bir simada birləşdirmək çətin deyilmi?

- Düzdür, çətindir, amma  mümkündür.

- İş və ailə arasında taraźlığı necə qoruyursunuz?

- Hər şeyin öz yeri var. Deməzdim tam alınır. Daha çox təbii ki, zamanımı işə ayırıram.

- Övladlarınıza yetərincə zaman ayıra bilirsinizmi?

- Etiraf edim ki, istədiyim qədər onlara zaman ayıra bilmirəm.Övladlarım artıq böyüyüb və  mənə ehtiyacları yoxdur.

– Son olaraq, gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Uzun zaman idi ki, yeni layihə üzərində çalışırdım. Həmin layihəni həyata keçirdim. Bəri Bax by Beauttech - ikinci yerli brend oldu. Bu brend Beauttech Premium salonlar şəbəkəsindən fərqli olaraq münasib qiymətlərlə xalqa daha yaxın oldu. Ən böyük üstünlüyü isə yerli franchising üstündə quruldu. Salon açmaq həvəsində olan xanımlar üçün düzgün salon biznesini qurmağa fürsət yaratdı. Xoşbəxtəm ki bu təcrübəmi artıq çoxları ilə paylaşa bilirəm. Hal-hazırda 2 şəbəkə fəaliyyət göstərir və ikisi isə açılmaq üzrədir. Məqsəd bu brendlə Azərbaycanın fərqli şəhərlərinə, bölgələrinə çıxmaqdır. Ən böyük arzum Bəri Bax by Beuauttech şəbəkəsini Şuşamızda görməkdir.

Oxunma sayı 299