ABŞ-dakı miqrantlar ölmədiklərini sübut etməyə çalışırlar

10:20 21.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp tərəfindən ölkədən deportasiya etmək üçün sosial təminat nömrələri sistemdən silinən immiqrantlar öz haqları uğrunda mübarizə aparır.

Hafta.az-ın yazdığına görə, “New York Times” tərəfindən dərc edilən hesabatda, immiqrantların sosial təminat nömrələrinin sosial yardım alarkən həyatını itirən insanlar haqqında məlumatların yer aldığı “ölü” məlumat bazasında qeyd edildiyi bildirilib.

Bildirilib ki, bu üsul ölkədə qanuni şəkildə olmaq hüququna malik olan əcnəbi vətəndaşların bank hesablarına, kredit kartlarına və dövlət yardımlarına çıxışının kəsilməsi üçün tətbiq edilib.

“The Washington Post”un dərc etdiyi hesabatda bu üsulla əksəriyyəti Latın Amerikası əsilli ən azı 6 min insanın məlumatının “ölü” məlumat bazasına köçürüldüyü yazılır. Bildirilir ki, bu əməliyyatlar Daxili Təhlükəsizlik Nazirliyi və İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) tərəfindən həyata keçirilib.

İmmiqrantlar isə “sağ” olduqlarını sübut edən sənədlərlə ABŞ Sosial Müdafiə İdarəsinə müraciət edir, qeydlərinin dəyişdirilməsini tələb edirlər. Sənədlərə görə, keçən həftə etirazlardan sonra 30-dan çox adamın qeydiyyatı düzəldilib.

Ağ Evin sözçüsü Elizabet Huston, immiqrantların texniki olaraq "ölü" kimi göstərilmədiyini iddia edir. Sözçü məlumat ötürülməzdən əvvəl “ölülər” məlumat bazasının adının dəyişdirildiyini və buna uyğun tədbir görüldüyünü iddia edir.

Lakin Ağ Ev və Sosial Müdafiə rəsmiləri keçən həftə bildiriblər ki, immiqrantların məlumatı deportasiya məqsədilə “ölü şəxs” məlumat bazasına ötürülür.

Bundan əlavə, Huston verdiyi açıqlamasında məlumat bazasının adının dəyişdirildiyini qeyd etməyib və “Tramp immiqrantları ölkədən çıxarmaq vədini yerinə yetirib” deyib.