Ağdam Çörək muzeyini daha möhtəşəm formada bərpa edəcəyik - Çimnaz Əliyeva

15:47 23.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Doğma şəhərimin viranələrində keçirdiyim o bir gün mənə sanki on illik enerji verdi

"Nəhayət, 28 ildən sonra mayın 29-da doğma Ağdamımızın viranələrinə ayaq basa bildim. 38 il öncə əsasını qoyduğumuz Çörək muzeyinin uçuq divarlarını da gördüm. ATV kanalında bu haqda ayrıca veriliş yayımlandı. İşğal altındakı yurdlarına dönən hər kəs kimi mən də çox həyəcanlı, kövrək qarışıq hisslər keçirdim. Bunu söz ilə ifadə etmək mümkün deyil". Bunu hafta.az-a açıqlamasında hazırda Azərbaycan Yaradıcılıq Fondunun Qarabağ filialının rəhbəri olan 14 il Ağdam rayon mədəniyyət şöbəsinin müdiri kimi çalışmış, dünyada ikinci, SSRİ-də birinci çörək muzeyinin yaradıcısı, respublikanın əməkdar mədəniyyət işçisi, sabiq millət vəkili Çimnaz xanım Əliyeva söyləyib.

"Ömrünün əsas hissəsini yaşadığın şəhərin xarabalıqlarını görəndə bilmirsən ki, sevinirsən, yoxsa kədərlənirsən. Amma eyni zamanda qürurlanırsan. Əsas odur. Ağdam, bildiyiniz kimi, yerlə-yeksandır. Ağdam yoxdur, demək olar ki. Amma bütün hallarda doğma şəhərimizin xarabalıqları da mənim üçün çox gözəl idi. Böyük bir təəssüratla döndüm o səfərdən.

Ağdam viranələrində keçirdiyim o bir gün mənə sanki on illik enerji verdi. Çörək muzeyinin divarları durur. İnşallah, cənab Prezidentin təsdiqləmiş olduğu Ağdamın baş planı əsasında bu nadir muzeyi daha möhtəşəm formada bərpa edəcəyik..."İmarət" deyilən məkanda tarixi şəxsiyyətlərimizin bəzi məqbərələri də salamat qalıb. Onları da, Ağdam məscidinin yarıuçuq binasını da ziyarət etdik. Ağdam Dövlət Dram teatrının fasadı qalıb. Sonra möhtərəm Prezidentin təməlini qoyduğu obyektlərin inşasıyla tanış olduq. Məzunu olduğum Ağdam şəhər 1 nömrəli orta məktəbin yeni binasının təməlini gördük. Şahbulaq qalasında Pənahəli xanın sarayını gəzdik. Qiyaslı kəndindəki məscidin yarıuçuq tikilisini ziyarət etdik. Getdiyimiz hər məkan erməni vandalları tərəfindən viran qotulmasıa rəğmən çox əziz, çox doğma idi. İnşallah, layihələrdən də gördük ki, çox gözəl yeni bir Ağdam qurulacaqdır. Düzdü, artıq bizim uşaqlığımızın, gəncliyimizin Ağdamı olmayacaq, ancaq yeni yetişən nəslin Ağdamı olacaq. Güman edirəm ki, yeni Ağdam əvvəlkindən də gözəl olacaq... Torpağa yaraşıq verən onun insanlarıdır. Təbii ki, insanlar o yurda qayıdandan sonra Ağdam öz Ağdamlığını bir daha göstərəcəkdir, inşallah"- deyə həmsöhbətimiz bildirib. 

"Ağdamdakı doğma evinizin də uçuqlarını görə bildinizmi" sualını isə Çimnaz Əliyeva belə cavablandırıb:

"Atam evi Ağdam məscidinin arxa tərəfində olub. Ora keçmək çox çətin idi. Ancaq mənimlə bərabər gedən oğlum gedib tapdı öz doğma babasının evini. Onun da uşaqlığının bir hissəsi o evdə keçib. Təbii ki, evimizin yalnız uçuq divarları qalıb. Hətta ağaclar da qalmayıb. Amma təsəvvür edirsiz, anamın əkdiyi zanbaqların kökü kəsilməyib, qalıblar. Bu, bizi çox sevindirdi. Adama elə təsir bağışladı ki, o güllər bizi gözləyirlərmiş..."

28 illik ayrılıqdan sonra doğma Ağdamının xarabalıqlarıyla ilk görüşünün təssüratlarından danışan sabiq deputat doğma şəhərinin 1993-ilin bu günündəki işğalının dəhşətlərini də xatırlayıb.

"Ağdam 5 ilə yaxın davamlı olaraq müdafiə olundu. 1993-cü ilin yayında vəziyyət lap ağır idi. Təsəvvür edin , şəhərə "qrad" yağırdı, gündə azı, 10-15 dinc sakin həlak olurdu. Ancaq mən kabinetdə əyləşib işləyirdim, deyirdim ki, mənə güllə dəyməz. İki dəfə sürücüm məni düşürüb gedəndə xidməti avtomobilimə "qrad" qəlpəsi dəymişdi. Yəni biz son imkanadək şəhəri tərk etmirdik, oğullarımız da bacardıqları qədər döyüşürdülər. Təəssüf ki, sonda həm düşmənlərimizin məkrli planları, həm də xəyanət nəticəsində Ağdam işğal edildi... Həyat yoldaşım da həmin döyüşlər zamanı qəlpə yarası almışdı. 2010-cu ildə, yəqin, artıq ürəyi dözmədi Ağdamsızlığa, qəflətən ürəyi dayandı. İnşallah, Allah hamımıza- bütün didərginlərə öz torpaqlarımıza dönüb orada yaşamaq-yaratmağı nəsib etsin" - deyə əməkdar mədəniyyət xadimi açıqlamasını xeyir-duayla bitirib. Sultan Laçın

Oxunma sayı 292