Aliment Fondunun yaradılması yenidən gündəmdə  

10:39 13.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda belə bir Fondun yaradılması nə dərəcədə məqsədəuyğundur?

Azərbaycanda Aliment Fondunun yaradılması yenidən gündəmə gəlib. Belə ki, Ombudsman Aparatı Aliment Fondunun yaradılmasının təklifi ilə çıxış edib. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib. Qeyd olunub ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondunun) yaradılmalıdır.

Xatırladaq ki, bu məsələ ötən illərdə də dəfələrlə gündəmə gətirilib. Həm Ombudsman illik məruzələrində, həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də millət vəkilləri parlametdə ayrı-ayrı vaxtlarda Aliment Fondunun yaradılması təşəbbüsü ilə çıxış ediblər. Amma bütün bunlara baxmayaraq sözügedən Fondun yaradılması məsələsi indiyədək yubanır.

Bəs, görəsən, Azərbaycanda Aliment Fondunun yaradılması məqsədəuyğundurmu? Dünya təcrübəsində bu Fondlar hansı formada fəaliyyət göstərirlər?

Alimentin miqdarı nə qədərdir?

Əvvəlcə ondan başlayaq ki, Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Belə ki, Ailə Məcəlləsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

- 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

- 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

- 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Dünya təcrübəsində aliment fondları

Məlumat üçün bildirək ki, dünyanın əksər ölkələrində Aliment Fondları fəaliyyət göstərir. Hətta iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə bu funksiyanı Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu yerinə yetirir. Yəni, borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Əslində dövlətin bu addımı borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür.
Qeyd edək ki, əksər ölkələrdə boşanmış ailələrdə uşaqların yaranmış yeni situasiyadan daha az zərər görməsi üçün müvafiq qanunvericilik bazası da təkmilləşdirilib. Məsələn, Latviyada alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən Aliment Fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunub. Latviya Respublikasının Uşaqlar və Ailə İşləri üzrə Nazirliyin təşəbbüsü ilə “Saxlanılma xərclərinin təminatları fondu haqqında” Qanun qəbul edilib, həmin nazirliyin bilavasitə tabeliyində olan Uşaqların saxlanılması xərclərinin təminatları Fondu yaradılaraq fəaliyyət başlayıb. Fondun məqsədi məhkəmə qərarları əsasında alimenti ödəməyə borclu olan valideyndən yardım almayan və bu səbəbə görə digər valideyni tərəfindən saxlanılan uşaqlara minimal saxlanılma xərclərinin ödənilməsi ilə onların sosial təminat almaq hüququnun təmin olunmasıdır.

Qonşu Rusiyada da uşaqların hüquqlarının qorunması, o cümlədən aliment öhdəliklərinin effektiv icrasının təmin etmək məqsədi ilə zəruri hüquqi baza yaradılmaqla yanaşı mövcud qanunvericiliyə irimiqyaslı dəyişikliklər edilib.

Həm müsbət, həm mənfi nəticələr ortaya çıxa bilər

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, hüquqşünas Sahib Məmmədov aliment məsələsinin kifayət qədər aktual problemlərdən biri olduğunu vurğulayıb: “Bu məsələ ilk dəfə deyil ki, gündəmə gətirilir. Ailələrdə boşanmalardan sonra alimentlərin verilməsi ilə bağlı xeyli məhkəmə qərarları olur: Məhkəmələr uşaqların mənafeyini müdafiə etmək üçün qarşı tərəfdən aliment verməsini tələb edirlər. Təəssüflər olsun ki, hazırda alimentin verilməsi ilə bağlı çıxarılan qərarların icrası çətin olur. Borclular bir çox hallarda bilərəkdən məhkəmə qərarı ilə müəyyən olunan vəsaiti ödəməkdən yayınırlar, işləmədiklərini, pullarının olmadığını iddia edirlər. Bu baxımdan ölkədə dəfələrlə Aliment Fondunun yaradılması gündəmə gətirilib. Ombudsmanın Aliment Fondunun yaradılmasının zərurət olması ilə bağlı rəyi də buna əyani sübutdur. Əslində, bəzi ölkələrdə bu cür fondlar var. Hansı ki, onların bəzisində bu yükü dövlət üzərinə götürür və fond aliment üçün gərəkli vəsaiti ödəsə də, daha sonra bu borcu alimenti ödəməli olan valideyndən geri alır. Bu fondun yaradılması o halda mümkündür ki, bunun üçün yetərincə büdcə vəsaiti mövcuddur. Bu o demək deyil ki, dövlətin bu Fondu yaratmağa vəsaiti yoxdur. Əslində vəsait var. Burada əsas söhbət Fondun necə idarə olunmasından gedir. Tutaq ki, dövlət bu Fondu yaratdı və 15-20 milyon vəsait də ayırdı. Həmin vəsait 1-2 il aliment kimi ödənildi. Bəs, dövlət həmin şəxslərin əvəzinə aliment kimi verdiyi vəsaiti kimdən geri alacaq? Hesab edirəm ki, bu kimi məsələlər dəqiqləşdirilməlidir. Digər tərəfdən, Aliment Fondu yaradılarkən bunun əhatə dairəsi müəyyənləşdirilməlidir. Məlum məsələdir ki, aliment təkcə ər-arvad münasibətlərindən yaranan məsələ deyil. Alimenti təkcə kişi ödəmir, alimentin ödəyicisi qadın da, övlad da ola bilər. Tutaq ki, boşanma prosesindən sonra uşaq ata ilə qala bilər, qadın yenidən ailə qura bilər, bu zaman alimentin ödəyicisi qadın olur. Başqa bir məsələ övladın valideynə aliment ödəməsi ilə bağlıdır. Yəni, alimentin əhatə dairəsi kifayət qədər genişdir. Aliment Fondu yaradılarkən mütləq bu məsələlər dəqiqləşdirilməlidir”.

Məsələyə münasibət bildirən Konsitutisiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, bu fondun yaradılması o halda mümkündür ki, bunun üçün yetərincə büdcə vəsaiti mövcuddur: "Aliment Fondunun yaradılmasının həm müsbət, həm də mənfi nəticələri ola bilər. Bu, "İctimai Fond” ola bilməz. Bu, o zaman "İctimai Fond” ola bilər ki, ayrı-ayrı şəxslər könüllü şəkildə bu fonda ianə versinlər. Bizdə isə könüllü ianələrin verilməsi mədəniyyəti yüksək deyil. Bu, ancaq dövlət fondu ola bilər ki, bu halda da müəyyən çətinliklərin meydana çıxması istisna deyil. Məsələn, belə bir fond yaranarsa, o zaman məhkəmə qaydasında borclu olan valideynlər aliment ödəməkdən daha çox yayınmağa çalışacaqlar. Bu cür kütləvi yayınma büdcə üçün də müəyyən problemlərə səbəb ola bilər. Bu gün biz boşanmaların sayının sürətlə artmasına şahid oluruq. Bu qədər boşanma fonunda dövlətin həmin alimentləri qarşılamağa imkanının çatıb-çatmayacağı sual altındadır”.

Hüquqşünasın fikrincə, belə bir fondun yaradılıb-yaradılmaması ilə bağlı qərarın dünya dövlətlərinin təcrübəsinin ətraflı şəkildə öyrənilməsindən sonra verilməsi daha məqsədəuyğundur: "Hesab edirəm ki, biz bu məsələdə digər dövlətlərin təcrübəsini, onların milli xüsusiyyətlərini, həyat tərzlərini ətraflı şəkildə öyrənməli, yalnız bundan sonra müvafiq qərar verməliyik”.

Oxunma sayı 309