Alimlər Merkuridə həyatın ola biləcəyini deyirlər

10:30 27.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Günəşə son dərəcə yaxın olan Merkuri səthi temperaturun 400 dərəcəyə çatması səbəbindən yaşayış üçün yararsız görünür. Bununla belə, yeni bir araşdırmanın arxasında duran elm adamları, Günəş sisteminin də ən kiçik planeti olan Merkuridə canlıların yaşaması üçün lazımi şəraiti təmin edə biləcək bölgələri müəyyən etdiklərini söyləyirlər.

Hafta.az-ın yazdığına görə, ABŞ-ın Arizona ştatındakı Planet Elmləri İnstitutundan bir qrup Merkurinin səthində duz dağlarının olduğunu irəli sürüb. Yerdəki həddindən artıq duzlu mühitlərə bənzədilmiş bu bölgələrdə həyat birtəhər yaşaya bilər.

“Planetary Science Journal”da dərc olunan tədqiqatın aparıcı müəllifi Aleksis Rodriges, "Yerdəki bəzi duz birləşmələri Çilidəki quraq Atakama səhrası kimi ən sərt mühitlərdə belə yaşayış üçün əlverişli ərazilər yaradır" deyib. "Bu düşüncə tərzi bizi Merkurinin sərt səthindən daha qonaqpərvər ola biləcək yeraltı bölgələrin mövcudluğunu düşünməyə vadar edir", - alim əlavə edib.

NASA-nın Merkurini tədqiq edən “Messenger” kosmik gəmisi daha əvvəl planetdə natrium, kalium, kükürd və xlor kimi uçucu birləşmələrin olduğunu aşkar etmişdi. Astronomlar hesab edirdilər ki, bu cür birləşmələr planetin Günəşə yaxın olması və atmosferin olmaması səbəbindən çoxdan yoxa çıxıb. Məhz buna görə də “Messenger”in kəşfi astronomları təəccübləndirib.

Yeni tədqiqat planetin iki bölgəsinə, Raditladi adlı zərbə kraterinə və şimal qütbündəki Borealis Kaos adlı əraziyə yönəldilib. Bu bölgələri araşdıran tədqiqatçılar bu uçucu birləşmələrin əhəmiyyətli bir hissəsinin yeraltı buzlaqlara bənzər strukturlarda saxlandığı qənaətinə gəliblər.

Elm adamları bu duz təbəqələrinin uzaq keçmişdə vulkanların natrium tərkibli su buxarları buraxması və buxarların qatılaşaraq müvəqqəti su hövzələrinə çevrilməsi zamanı əmələ gəldiyini ehtimal edirlər.

Fərziyyə ondan ibarətdir ki, Günəş daha sonra suyu buxarlandıraraq milyardlarla il ərzində təbəqələrdə yığılan natriumu geridə qoyub.

Komanda deyir ki, yer üzündəki mikrob həyatı saxlaya bilən sərt duz hovuzlarına bənzər təbəqələr həyatın olduğunu isbatlaya bilər.

Hesab olunur ki, Avropa və Yaponiyanın birgə səyi olan BepiColombo missiyası 2025-ci ildə planetə çatarsa və məlumat toplaya bilərsə bu sirr aydınlaşacaq.