Aparılan araşdırma hamilə qadınları vegetarian pəhrizdən çəkindirərək, pəhrizin onların kifayət qədər qida qəbul etməməsinə səbəb ola biləcəyini irəli sürüb.
Hafta.az-ın “The Telegraph”a istinadən yazdığına görə, 1729 vegetarian qadının vitamin səviyyələrinin araşdırıldığı bir araşdırma, bir çox hamilə qadının ət və süd məhsullarında olan fol turşusu və riboflavin kimi vitaminlər, həmçinin D vitamini və B12 vitamini çatışmazlığından əziyyət çəkdiyini ortaya çıxarıb.
Fol turşusu və B12 vitamini döllərdə doğuş qüsurlarının qarşısını alır, D vitamini isə sümük, diş və əzələ sağlamlığını dəstəkləyir. Riboflavin ana bətnində olan uşaqlarda sümüklərin, əzələlərin və sinirlərin böyüməsini dəstəkləyir.
Tədqiqatçılar vegetarian pəhriz saxlayan qadınların 90 faizindən çoxunun bu vitaminlərdən bir və ya daha çoxunun aşağı səviyyədə olduğunu aşkar ediblər.
Sonra iştirakçılar iki qrupa bölünüb. Birinci qrup 870, ikinci qrup isə 859 qadından ibarət olub.
İkinci qrupa 400 milliqram fol turşusu, 12 milliqram dəmir, 150 milliqram kalsium, 150 milliqram yod və 720 milliqram beta-karoten olan əlavələr verilib.
Komanda hamiləliyin müxtəlif mərhələlərində və uşaqları doğulduqdan 6 ay sonra bütün iştirakçılardan qan nümunələri toplayıb. Tədqiqatçılar, əlavə vitamin və turşular qəbul edən ikinci qrupda hamiləlik dövründə və sonrasında vitamin çatışmazlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırdıqlarını söyləyib.
Tədqiqatın aparıcı müəllifi və Sauthempton Universitetində Epidemiologiya Mütəxəssisi professor Keyt Qodfrey "Bəzi elm adamları xalis sıfır karbon emissiyasına nail olmaq üçün ət və süd məhsullarına olan asılılığımızı azaltmağa çağırdıqca, bu, gələcək anaların bitki mənşəli qidaları istehlak etməsinə səbəb ola bilər. Lakin bu, doğulmamış uşaqlara uzunmüddətli mənfi təsir göstərə bilər" deyib.
Qodfrey, xüsusilə B və D vitamini əlavələrinin qəbulunun erkən doğum riskini yarıya endirdiyini və həmçinin doğuşdan sonrakı qanaxmaların nisbətini azaltdığını bildirib.