Almaniya 13 min türkü deportasiya edəcək

09:05 14.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya sığınacaq müraciətləri rədd edilən və qeyri-qanuni yollarla ölkədə olan insanların genişmiqyaslı deportasiyasına hazırlaşır. Daxili İşlər Naziri Aleksander Dobrindt tərəfindən ictimaiyyətə açıqlanan yeni tətbiq təxminən 200 min insanı əhatə edir.

Hafta.az-ın yazdığına görə, federal hökumətin qərarına əsasən, sığınacaq müraciətləri rədd edilən bu şəxslərin Almaniyada qalmasına icazə verilməyəcək. Nazir Dobrindt vəzifəyə başlayan kimi fərmanı imzalayacağını bəyan edib.

Deportasiya ediləcəklər siyahısında 13 minə yaxın Türkiyə vətəndaşının olduğu bildirilib. Həmin şəxslərin Almaniya ilə Türkiyə arasında qüvvədə olan “Readmissiya müqaviləsi” çərçivəsində Türkiyəyə göndəriləcəyi deyilir. Səlahiyyətlilər yaxın vaxtlarda deportasiya prosedurlarına başlanılacağını və Türkiyəyə kütləvi dönüş uçuşlarının təşkil ediləcəyini bildiriblər.

Almaniyanın deportasiya prosesində təkcə Türkiyə ilə deyil, Yunanıstan başda olmaqla qonşu ölkələrlə də əməkdaşlıq etdiyi açıqlanıb. Bu addım miqrantların hərəkətliliyinə nəzarət siyasətinin bir hissəsi hesab olunur.

Hazırda Almaniyada 240 minə yaxın qeyri-qanuni mühacirin olduğu təxmin edilir. Bildirilib ki, 2025-ci ilin ilk üç ayında təkcə Türkiyədən 5 min nəfər qeyri-qanuni yollarla Almaniyaya daxil olub. Bu artım Berlin rəhbərliyinin Türkiyədən gələn miqrasiya axınlarına qarşı tədbirlərini sərtləşdirməsinə səbəb olub.

Yeni fərman Almaniyanın sığınacaq sistemində daha sərt yanaşma tətbiq olunacağına işarə edir. Əfqanıstan kimi bəzi ölkələrə qarşı edilənlərə bənzər kütləvi deportasiyalar artıq Türkiyə üçün gündəmdədir. Hakimiyyət orqanları proseslərin beynəlxalq müqavilələr və hüquqi prosedurlar çərçivəsində aparılacağını bildirir.