Almaniyada 900 illik üzəri oymalı daş tapılıb

09:51 11.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada üzərində şəkil həkk olunmuş 900 illik "qeyri-adi" daş tapılıb. Arxeoloqlar hesab edirlər ki, daşın üzərində təsvir olunan şəxs xristianlığı bölgəyə gətirən yepiskop ola bilər.

Hafta.az-ın “Live Science”a istinadən yazdığına görə, Meklenburq-Vorpommern əyalətinin Klotzov kəndində evini təmir edən şəxs təsadüfən yerin bir neçə santimetr altında daşı tapıb. Təxminən 1 metr uzunluğunda olan ağır daşın üzərindəki oymaları görən Peter Vittenberq səlahiyyətlilərlə əlaqə saxlayıb.

Arxeoloqlar 12-ci əsrə aid daşın bildsteyn adlanan tarixi əsərlərdən biri olduğunu müəyyən ediblər.

Üzərində yazılar yerinə daşa həkk olunmuş rəsmlər olan bu daşlar müxtəlif üslub və formalarda, adətən Almaniya və Polşanın Baltikyanı sahillərindən gəlir.

Səlahiyyətlilər avqust ayında tapılan daşda təsvir edilən şəxsin əlində xaç tutduğunu və buna görə də yəqin ki, din xadimi olduğunu deyirlər. Bu növ bildşteynlərə ilk dəfə rast gəlindiyini bildirən arxeoloqlar fiqurun Pomeraniyada xristianlığı yaymağa çalışan Otto adlı yepiskopun təsvir edildiyini düşünürlər.

Pomeraniya bölgəsinə bugünkü qərbi Polşa və Almaniyanın şərqi daxildir.

Dövlətlə işləyən arxeoloq Dr. Detlef Jantzen "Bildsteyn Ottonu çəkməsə belə, bu, tamamilə qeyri-adi bir tapıntıdır" deyir və əlavə edir: "Bu, bizi Otto ilə bölgəyə gələn Pomeraniyada xristianlığın ilk dövrlərinə qaytarır".

Tədqiqatçılar daşın Vittenberqin evinin olduğu yerdən deyil, kənddəki köhnə kilsədən gəldiyini düşünürlər. Bu da təsvir edilən şəxsin Otto olması ehtimalını gücləndirir.

Tədqiqatçılar üçölçülü modellər yaradaraq daşı daha ətraflı tədqiq etməyi planlaşdırırlar.