Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.
Hafta.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib.
"Aİ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN-ə və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Biz qəlbən həlak olan şəxsin ailəsinin yanındayıq. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Ətraflı istintaq aparılacağına və cavabdehliyə ümid edirik", - deyə Peter Stano vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.