Almaniya kansleri Fridrix Merzin Ukraynaya verilən silahlara qoyulan mənzil məhdudiyyətlərinin aradan qaldırılması barədə açıqlamasının əks-sədaları davam edir. Merz WDR kanalına verdiyi açıqlamada Almaniya, Fransa, ABŞ və Böyük Britaniyanın Ukraynaya verilən silahlara məsafə məhdudiyyəti tətbiq etməmək qərarına gəldiyini bildirib. Bununla belə, mətbuatda yer alan xəbərlər arasında Almaniyanın hələ də Ukraynaya 500 km mənzilli Taurus raketlərini vermədiyi də var.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, bu qərar o deməkdir ki, Ukrayna indi Rusiya ərazisindəki hərbi hədəflərə hücum edə bilər. Merz bu qərarın bir neçə ay əvvəl, 2024-cü ilin noyabrında verildiyini və ABŞ-ın da ATACMS raketlərinin istifadəsinə icazə verdiyini xatırladıb.
Bəs, qərardan sonra Ukrayna Rusiyanın hansı şəhərlərinə və hansı silahlarla hücum etmək imkanı qazandı?
ABŞ-ın təqdim etdiyi ATACMS raketləri 165-300 kilometr uçuş məsafəsinə malikdir. Bu yolla Ukrayna Rusiya sərhədinə yaxın olan Belqorod, Kursk və Bryansk kimi bölgələrdəki hərbi infrastrukturları vura bilər. Digər tərəfdən, Vaşinqtonun son dövrlərdə GLSDB bombaları və müxtəlif sursatları ehtiva edən yeni hərbi yardım paketləri üzərində çalışdığı bildirilir.
Böyük Britaniyanın təqdim etdiyi "Storm Shadow" raketləri və fransız versiyası SCALP 250 kilometr məsafəyə malikdir. Hava platformalarından işə salındıqda, bu sistemlər Xarkov vilayətindən Rusiyanın daxili bölgələrinə, xüsusilə Voronej və Rostov vilayətlərinə çata bilir. Bunkerləri deşən döyüş başlıqları sayəsində bu raketlər dərindən qorunan hədəflərə qarşı da təsirli olur.
Ukrayna ordusunda Almaniya istehsalı olan Mars II (M270 MLRS) sistemləri 84 kilometr məsafəyə qədər dəqiq raket atışları həyata keçirə bilir. Son zamanlar bu sistemlərin sayının artırıldığı və HIMARS ilə inteqrasiyada işləyə bildiyi bildirilir. Bu, onların Ukrayna sərhədindəki logistika məntəqələrinə və hava hücumundan müdafiə elementlərinə qarşı effektivliyini artırır.
Hökumətin Ukraynaya silah göndərilməsi ilə bağlı məlumatları ictimaiyyətə açıqlamamaq qərarı da diqqət çəkib. Baş nazir Merz, bu qərarın daşınmalarla bağlı müzakirələri gündəmdən çıxarmaq məqsədi daşıdığını müdafiə edib. Lakin alman müxalifəti və mediası bu qərarın əslində TAURUS raket göndərişini ictimaiyyətdən gizlətmək üçün verildiyini iddia edirdi. Alman mətbuatı Almaniyanın 600 TAURUS raketinə malik olduğunu, bunun yarısının işlək vəziyyətdə olduğunu yazıb. Almaniyanın yeni hökuməti Ukraynaya “Taurus” qanadlı raketlərini verməyəcəyini açıqlamışdı. “Taurus” raketləri Moskvaya qədər uçuş məsafəsinə malikdir.