Azad edilmiş ərazilərə yüz milyard investisiya yatırıla bilər - PROQNOZ

17:32 26.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“İşğaldan azad olunmuş torpaqlarda, o cümlədən Zəngilan və Qubadlıda kənd təsərrüfatının, turizmin, alternative enerjinin inkişafı üçün yüksək potensial var. Çünki işğaldan əvvəl bu ərazilərdə heyvandarlıq, bitkiçilik, turizm  fəaliyyəti geniş yayılmışdı. Bundan əlavə həmin ərazilərdə faydalı qazıntılar, filiz yataqları, mineral su ehtiyatları mövcuddur. Həmin ehtiyatlardan istifadə etmək uçun  böyük potensial mövcuddur”.

Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib.

Ekspert vurğulayıb ki, işğal dövründə ermənilər həmin ərazilərdə mövcud olan istər filiz yataqlarını, istərsə də mineral su ehtiyatlarını istismar ediblər:

“Məsələn, Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazisində yerləşən qızıl yatağını ermənilər xarici şirkətlərlə qanunsuz şəkildə istismar ediblər. Eləcə də mövcud mineral su ehtiyatları qablaşdırılaraq erməni məhsulu adı altında xaricə idxal olunub. Yəni, bu ərazilərin kifayət qədər geniş potensialı var.

Bu torpaqların azad olunması kənd təsərrüfatı sahəsi üçün də yeni imkanlar yaradır. Məsələn, bizdə ərzaq buğdasına olan tələbatın cəmi 50-60 faizi yerli istehsal hesabına qarşılanır. İndi yeni imkanlar yaranıb və istər Qubadlıda, istər Zəngilanda, istər Füzulidə, istərsə də Ağdamda, eləcə də digər ərazilərdə bu il daha geniş ərazilərdə ərzaq, yem buğdası əkilib. Digər tərəfdən, İsrail bu ərazilərdə camış ferması yaratmaq niyyətindədir. Bu ölkəmizin kənd təsərrüfatına böyük tövhə verə bilər. Çünki bir insanın südə olan tələbatı illik 400 litr olsa da, biz ancaq 200 litrə qədər istehsal edə bilirik. Qalan hissəni isə xaricdən idxal edirik. Yəni, həmin ərazilərdə camış fermasının açılması ölkədə süd istehsalının artmasına böyük fayda verə bilər. Bu baxımdan hazırda həmin ərazilərdə aparılan yenidənqurma işləri gələcəkdə ölkə iqtisadiyyatına böyük tövhə verəcək”.

A.Nəsirli onu da qeyd edib ki, yenidənqurma prosesinə dünyanın aparcı şirkətlərinin cəlb olunması istiqamətində də işlər aparılması vacibdir: “Biz işğaldan azad edilmiş ərazilərin bərpasına daha az vəsait xərcləməklə, daha yüksək gəlirli infrastruktur yaratmaq istəyiriksə, bu prosesə dünyanın öncül investorlarını cəlb etməliyik. Hazırda xarici şirkətlər həmin ərazilərdə Azərbaycan hökumətinin sifarişlərini yerinə yetirməklə pul qazanmaq fikrindədir. Bunu xarici şirkətləri Qarabağa investisiya qoyması kimi dəyərləndirmək mümkün deyil. Hər hansı bir şirkət bir körpünün, yolun və ya tunelin tikintisini tenderdə udur, udduğu layihəni icra etdikdən sonra işini bitmiş hesab edir. Bu hər hansı bir şirkətin əraziyə investisiya qoyuluşu sayılmır. İnvestisiya qoyuluşu o deməkdir ki, hər hansı bir şirkət ərazidə iş qurub, pul qazanmaq istəyir. Məsələn, brendə sahiblənmiş beynəlxalq turizm şirkətlərindən biri Kəlbəcərdə turizm bazası yaratmaq istəyir. Şirkət öz vəsaiti hesabına ona lazım olan bütün infrastrukturu yaradır və öz müştərilərini bu bazaya cəlb edərək gəlir əldə edir. Bu gəliri əldə etmək üçün özünə lazım olan yol infrastruktrunu, kommunikasiyaya və s. sahələrə vəsait xərcləyir. Həmin sahələrdə olan problemləri şirkət öz mənfəəti üçün aradan qaldırsa da, ondan ərazidə yaşayan əhali də bəhrələnir. Digər şirkəti ərazinin kənd təsərrüfatı təyinatı maraqlandırır, üçüncüsünü alternativ və bərpa edilən enerji mənbələri, dörduncüsün faydalı qazıntılar və s. maraqlandırır. Bu maraqlar ərazinin məskunlaşmasına, infrastrukturunun qurulmasına və böyük mərkəzlərin yaranmasına səbəb olur. Hesab edirik ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin qurulması üçün məhz bu üsuldan istifadə etməlidir. Əgər hökumət bu strategiyanı hədəfləsə yaxın on ildə dünyanın böyük şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinə yüz milyarddan çox investisiya yatıra bilər. Çünki bir daha qeyd edirəm ki, həmin ərazilərin böyük iqtisadi potensialı və cəlbediciliyi var”.

 

Oxunma sayı 225