Azad olunmuş torpaqların mahiyyətini oranı görməklə anlamaq olar – Əlcəzair səfiri

10:54 24.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hələlik ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə istiqamət verəcək razılaşma yoxdur və bunun üzərində iş gedir

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Ölkələri Liqasının Zirvə toplantısında iştirak etmək üçün Əlcəzairə ilk səfərini etdi. Dövlət başçısının tarixən Azərbaycanla dost münasibətləri olan Əlcəzairə səfəri, onun bu ölkənin tarixində böyük hünər rəmzinə, azadlıq ilhamvericisinə çevrilmiş Şəhidlər Abidəsini, Milli Mücahidlər Muzeyini ziyarət etməsi bir azərbaycanlı olaraq hər birimizi qürurlandırdı. Azadlığı uğrunda onminlərlə şəhid vermiş Əlcəzair xalqının əzabını, tarixi ərzində başına gətirilmiş müsibətləri eyni aqibəti yaşamış biz azərbaycanlılardan daha yaxşı kim anlaya bilər ki?! Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri cənab Abdelouahab Osmane ilə görüşüb ölkələrimiz arasında əlaqələr, yeni və icrasını gözləyən planlar haqqında söhbətləşdik. Əlbəttə ki, cənab səfir söhbətə gözlənildiyi kimi, Azərbaycan Prezidentinin Əlcəzairə səfərindən söz açmaqla başladı:

- İlk dəfə idi ki, Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının Zirvəsi toplantısına qatılmışdı. İlham Əliyev həm də 120 dövləti öz çətiri altında toplayan Qoşulmama Hərəkatının sədridir. Zirvəyə BMT nümayəndəsi və digər dünyamiqyaslı liderlər də dəvət edilmişdilər. Bu, çox vacib tədbir idi və Azərbaycan Prezidentinin dəvəti qəbul edib gəlməsi bizim üçün böyük əhəmiyyət daşıyırdı. Bilirsiniz, Qoşulmama Hərəkatı çox mötəbər təşkilatdır və Əlcəzair Dövləti həm təşkilatın daha aktiv fəaliyyət göstərməsinə, eləcə də onun sədri olan Prezident İlham Əliyevə ciddi dəstək verir. Ərəb Dövlətləri Liqasının Zirvəsi kimi diplomatik əhəmiyyətli siyasi tədbirin Əlcəzairdə keçirilməsi həm Qoşulmama Hərəkatının məqsdlərinin icrası baxımından, həm də Əlcəzairlə Azərbaycanın əlaqələri baxımından çox önəmli idi.

– Yeri gəlmişkən, Zirvə toplantısında iştirak məqsədilə ölkənizdə olmuş Prezident İlham Əliyevin səfərini Azərbaycan - Əlcəzair əlaqələri prizmasından necə qiymətləndirirsiniz?

– Prezidentin səfəri Əlcəzairlə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından çox əhəmiyyətlidir. Bildiyimiz kimi, cənab Prezident Əlcəzairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdi. Hansı ki, orada Əlcəzairin tarixi şəxsləri və onların əsrlərboyu müstəqillik və ölkənin bütövlüyü uğrunda mübarizəsi haqqında geniş məlumatlar verilir. Prezident İlham Əliyein muzeyi ziyarət etməsi, oradakı simalarla tanış olması və bütün bunların işıqlandırılmasının Əlcəzair üçün çox böyük əhəmiyyəti var idi. Bundan əlavə, Prezident Şəhidlər Abidəsini də ziyarət etdi. Bu isə Azərbaycanla Əlcəzair arasında qardaş münasibətləri baxımından çox əhəmiyyətlidir. Orada nə varsa, Əlcəzairin haqq mübarizəsini, insanların əsrlərboyu çəkdiyi əzab-əziyyəti əks etdirir.

– Əlcəzair və Azərbaycan dünyanın böyük qaz istehsalçıları və ixracatçılarıdır. Hazırda iki ölkə arasında bu sahədə nə kimi əməkdaşlıq var? Ukrayna - Rusiya müharibəsinə görə dünyada qaza tələbat artıb, bu istiqamətdə Əlcəzair hansı addımları ata bilər?

– Əlcəzair Avropa qitəsini və Avropa İttifaqını təbii qazla təmin edən əsas tədarükçülərdən biridir. Enerji sahəsində əməkdaşlığa gəlincə, Əlcəzairin xarici işlər naziri avqust ayında Azərbaycana səfər edərək nazir Ceyhun Bayramovla görüş keçirmişdi. Məhz həmin görüşdə neft-qaz sahəsində əməkdaşlığa dair müzakirələr, yüksək səviyyəli məsləhətləşmələr aparılıb və saziş layihəsi hazırlamaq təklif olunub. Bu saziş layihəsi üzərində bir müddətdir iş gedir. Yaxın on gün ərzində energetika naziri Pərviz Şahbazovun Əlcəzairə səfəri gözlənilir. Güman ki, səfər çərçivəsində neft-qaz sahəsində saziş layihəsini müzakirə etmək və imzalamaq fürsəti olacaq. Yəni iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığa dair işlər gedir. Saziş layihəsində nəzərdə tutulan əsas detal iki dövlətin rəhbərləri arasında neft və qazın istehsalı, satışı, ixracı və sair barədə yüksək səviyyəli məsləhətləşmələrin aparılmasıdır. Hər iki ölkə “OPEC+”un və Qaz İxrac Edən Ölkələr Forumunun üzvüdür və bu sahədə də vacibdir ki, Əlcəzairlə Azərbaycan arasında mütəmadi məsləhətləşmələr aparılsın. Bu yerdə qeyd edim ki, gələn il Əlcəzairdə qaz ixrac edən ölkələrin forumu təşkil olunacaq. Ümid edirik ki, Azərbaycan da həmin tədbirdə yüksək səviyyədə təmsil olunacaq.

– Azərbaycan bazarında Əlcəzair məhsullarını görə bilmirik. Sizcə, səbəb nədir, ümumiyyətlə, ölkələrimiz bir-birinə nə satır, nə alır?

– Təəssüf ki, hələlik ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə istiqamət verəcək razılaşma yoxdur və bunun üzərində iş gedir. Biz də bununla əlaqədar mütəmadi görüşlər keçiririk. Maliyyə, kənd təsərrüfatı sahəsində saziş layihələrinin qəbul olunmasını gözləyirik. Hesab edirəm ölkələrimiz arasında paylaşılacaq, bölüşüləcək çox şey var.

– Konkret olaraq bizim bazara nə çıxara bilərsiniz?

– Bir çox məhsul var ki, buradan Əlcəzairə ixrac oluna və ya bizim ölkəmizdən Azərbaycan bazarına çıxarıla bilər. Yaxın günlərdə Azərbaycanda “Medinex” tibb sərgisi keçirilib və orada Əlcəzairin yeddi şirkəti iştirak edib. Qeyd edim ki, əczaçılıq sahəsində əməkdaşlığı genişləndirmək üçün Azərbaycanın səhiyyə naziri ilə müzakirələrimiz nəzərdə tutulub. Əlcəzairin əczəçalıq sahəsində təcrübəsi çoxdur və biz bu sahədə Azərbaycan bazarına çox məhsul çıxara bilərik və hazırda bu istiqamətdə danışıqlar gedir. Əlcəzairin Xarici işlər naziri Ramtan Lamamra avqustda Bakıya səfəri zamanı həmkarı Ceyhun Bayramovla görüşdə siyasi məsləhətləşmələr sahəsində saziş layihəsi imzaladılar. Görünən odur ki, nazirlərimiz bu sahədə də əməkdaşlığı gücləndirmək niyyətindədirlər. Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparılması iki ölkənin maraqları baxımından çox əhəmiyyətidir. Çünki bu mədəniyyət, arxiv sənədləşmə, yəni bütün sahələrdə ölkələrimiz arasında münasibətləri nizamlamaq üçün əsas mexanizm kimi təklif olunub. Artıq bu müstəvidə bəzi saziş layihələri hazırlanmaqdadır, hətta bəziləri qəbul olunub. Azərbaycanın energetika naziri Pərviz Şaxbazovun Əlcəzairə səfəri zamanı energetika, neft-qaz sahələrində bir sıra saziş layihələrinin dəqiqləşdirilməsi aparılacaq və hətta ola bilər ki, imzalansın da. Bundan əlavə, Əlcəzairin rəsmi mətbuat orqanı ilə AzərTAG arasında saziş layihəsi təsdiqlənəcək, maliyyə palataları arasında əməkdaşlığa dair müzakirələr aparılır.

– Əlcəzair futbol sahəsində özünəməxsus təcrübəyə malikdir. Məncə, idman sahəsində əməkdaşlığa da diqqət ayırmalıyıq…  

– Ölkələrimiz arasında idman sahəsində yaxşı əlaqələr möcuddur. Xüsusilə də güləş sahəsində Azərbaycanın təcrübəsi çox böyükdür. Burada güləş sahəsində yaxşı idmançılar və məşqçilər var ki, onlar uzun müddətdir beynəlxalq yarışlarda iştirak edərək böyük uğurlar qazanırlar. Yeri gəlmişkən, yaxın gələcəkdə Əlcəzair güləşçiləri məşq üçün iki ay müddətinə Azərbaycana göndəriləcək və burada azərbaycanlı məşqçilər onlara təlim keçəcəklər. Yayda da güləşçilərimizə Bakıda azərbaycanlı məşqçilər iki həftə ərzində təlim keçmişdilər və onlar ölkəmizə dönəndən sonra Oranda təşkil olunan yarışda üç qızıl medal qazandılar. Bütün bunları nəzərə alaraq Azərbaycanın gənclər və idman naziri ilə görüşüm zamanı təklif etdim ki, idmanın məhz bu sahəsi üzrə əməkdaşlığa dair saziş layihəsi hazırlayıb imzalayaq. Məncə, hər iki ölkə idman sahəsində bir-birinin təcrübəsindən maksimum yararlanmalıdır.

– Tək idman deyil, bütün sahələrdə ölkələrimiz arasında əlaqələri genişləndirmək, xalqlarımızı bir-birinə daha çox tanıtmaq üçün qarşılıqlı şəkildə gediş-gəlişi artırmalı, insanlarımız bir-biri ilə daha çox ünsiyyət qurmalıdırlar…

– Haqlısınız. Əlcəzair Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlər 2015-ci ildə yaradılıb. Bu gün Əlcəzairin Azərbaycanda, Azərbaycanın isə Əlcəzairdə səfirlikləri fəaliyyət göstərir. Bizim bir-birimizlə paylaşacağımız çox şeylər var və siyasi iradə də olduqda, hansı ki, bu var, ölkələrarası əlaqələrimiz daha da möhkəmlənəcək. Biz istəyirik ki, iki ölkə arasında müəyyən adda assosiasiya yaradaq və orada əsasən keçmiş nəslin nümayəndələri təmsil olunsunlar. Bilirsiniz, çox sayda vətəndaşlarımız var ki, Sovet dönəmində ölkələrimizdən birində ya təhsil alıblar, ya da əmək fəaliyyəti ilə məşğul olublar. Məhz bu assosiasiya xalqlarımız arasında keçmişdə qoyulan dostluq ənənəsini davam etdirməli və yeni nəsillərə mayak rolu oynamalıdır. Nəzərinizə çatdırım ki, parlamentlərimiz arasında da dostluq əlaqələri inkişaf etdirilməkdədir. Bu ilin iyununda Əlcəzairin Milli Xalq Məclisində Əlcəzair - Azərbaycan dostluq qrupu yaradılıb, bu aydan etibarən isə Azərbaycanın Milli Məclisində Azərbaycan - Əlcəzair parlament işçi qrupu fəaliyyətə başlayıb. Bu cür qrupların olması iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün çox vacibdir. Gözlənilir ki, yaxın gələcəkdə bu iki parlament dostluq qrupu arasında görüşlər keçirilsin.

– Assosiasiyanın yaradılacağını dediniz, mədəniyyət mərkəzi rolunu oynayacaq, ya necə? Hesab edirəm, Azərbaycanda ərəb mədiyyət mərkəzinin açılması zəruridir. Əvvəllər Misir Mədəniyyət Mərkəzi vardı, tək Misir deyil, ərəb dünyasını məhz orada kəşv edirdik. Tez-tez sərgilər təşkil olunur, ərəb dili kursları keçirilir, ərəb mədəniyyətini, incəsənətini, ədəbiyyatını orada öyrənirdik. Amma həmin mərkəz xeyli vaxtdır bağlanıb. Əlcəzair hökuməti belə bir mərkəz aça bilər Bakıda?

– Ötən həftələrdə mədəniyyət naziri ilə görüşdə geniş müzakirələr aparmışıq. Bundan əlavə, ikinci Nizami Gəncəvi Forumu keçiriləcəkdi, hansı ki təxirə salınıb, orada Əlcəzair mədəniyyət nazirinin iştirakını təklif etmişdim və hətta cənab nazirin razılığını da almışdım. Amma təəssüflər olsun ki, pandemiya səbəbindən forum keçirilmədi deyə nazir də Bakıya gəlmədi. Bu arada, cənab nazirimiz Bakıda Əlcəzair Mədəniyyəti həftəsi keçirilməsini təklif edib. Nazir istəyir ki, mədəniyyət həftəsində Əlcəzair mədəniyyəti, incəsənəti, milli geyim nümunələri, musiqisi – zəngin Əlcəzair mədəni iris təbliğ olunsun. Bilirsiniz, Əlcəzair mədəniyyəti çox zəngindir və istəyirik ki, irsimizi hər yerdə tanıdaq.

– Coğrafi mənada ölkələrimiz bir-birindən xeyli uzaqdır, bu, gediş-gəlişə təsir edir?

- Bir ay öncə iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə viza məsələsini müzakirə etmişdik. Çünki əvvəllər Azərbaycana gəlmək istəyən əlcəzairlilər viza almaq üçün onlayn müraciət edə bilirdilər. Amma pandemiya səbəbindən bu yolla viza verilməsi dayandırılıb. Gərək gəlmək istəyən adama buradan xüsusi dəvət məktubu getsin ki, o, müraciət edə bilsin. Ümumiyyətlə, biz ümid edirik ki, Azərbaycanın Nazirlər Kabineti Kovid pandemiyası səbəbindən tərtib etdiyi siyahıdan Əlcəzairin adını çıxaracaq və yenidən əlcəzairlilərə viza verilməsi presuduru bərpa olunacaq. Bundan sonra isə Azərbaycana gələcək əlcəzairli turistlərin sayında sürətli artım olacağına əminəm. Bu halda Əlcəzair və Azərbaycanın turizm şirkətləri arasında da sıx əlaqə yaracaq və nəticədə insanlar Azərbaycandan Əlcəzairə, Əlcəzairdən də Azərbaycana rahat şəkildə gedib-gələ biləcəklər. Mən bu arada qeyd edim ki, əlcəzairlilər dünyanın hər yerinə səfər etməyi çox sevirlər və əlbəttə, onlar Azərbaycana da böyük həvəslə gələcəklər.    

– Ölkələrimiz arasında birbaşa hava yolunun açılması mümkündür? Bunu üçüncü ölkənin üzərindən də etmək olar…

– Hələlik birbaşa hava yolunun açılması məsələsi müzakirə olunmur. Ölkələrimizə səfər etmək üçün Türk Hava Yollarının xidmətindən yararlanmaq olar – Əlcəzair-İstanbul-Bakı və əksinə. Amma biz gələcəyə inamla baxırıq. Mən və Azərbaycanın Əlcəzairə yeni təyin olunmuş səfiri Tural Rzayev çalışırıq ki, ölkələrimiz arasında hər sahədə əlaqələr yüksək səviyyədə qurulsun, inkişaf etsin.

– İşğaldan azad edilmiş bölgələrimizdə olmusunuz və təbii ki, oradakı vəziyyətin şahidisiniz. Bilmək istəyirik: Əlcəzair dövləti və ya hansısa özəl şirkəti bu ərazilərin bərpasında rol oynamaq istəyir?

– Bəribaşdan deyim ki, Əlcəzair şirkətlərinin beynəlxalq müstəvidə bu cür proseslərdə heç bir təcrübəsinin olmamasından təəssüflənirəm. Əlbəttə, neft-qaz sahəsində böyük və təcrübəli şirkətlərimiz var, onlar Azərbaycana hər cür dəstək verə bilərlər, amma tikinti-quruculuq müstəisində belə təcrübəli şirkətlərimiz yoxdur. Mən Ağdamda və Kəlbəcərdə olmuşam, Şuşaya da dəvət edilmişəm, təəssüf ki, o vaxt bir az xəstə idim deyə gedə bilmədim. Amma növbəti dəfələrdə də Qarabağ zonasına təşkil olunacaq səfərlərdə məmnuniyyətlə iştirak edəcəyəm. Ümumiyyətlə, Azərbaycandakı xarici ölkə səfirlərini həmin bölgələrə dəvət etmək lazımdır ki, reallığı öz gözləri ilə görsünlər. Azad olunmuş torpaqların mahiyyətini yalnız oranı görməklə anlamaq, orada baş verənləri hiss etmək mümkündür. Mən Kəlbəcərdə olarkan nəfəskəsən mənzərələri seyr etmişdim. Ora çox heyranedici təbiətə malikdir. Hətta Kəlbəcərdə olarkən yerli baldan dadmaq fürsətim də oldu və dadı hələ də damağımdadır.      

Oxunma sayı 4517