Azərbaycan bütövlükdə regional təhlükəsizliyə töhvə verən ölkədir - Vüqar Bayramov

15:38 02.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşlardan biridir. Cənab Prezidentin “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısına dəvət olunması Avropa İttifaqının ölkəmizə olan xüsusi marağını göstərən faktorlardan biridir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Vüqar Bayramov Moldovada keçirilən “Avropa siyasi birliyi” Sammitində Azərbaycanın iştirakını, eləcə də liderlərin  sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında aparacağı müzakirələrdə ölkəmizin rolunu dəyərləndirərkən açıqlamasında bildirib.

V.Bayramov bildirib ki, “Avropa siyasi birliyi” Sammitində iştirakımız ondan xəbər verir ki, məhz Avropa İttifqı Azərbaycana öz tərəfdaşı kimi baxır.  Bu, Azərbaycanın geosiyasi, geoiqtisadi mövqeyi ilə bağlıdır. Ölkəmizin regional mövqeyi ciddi şəkildə güclənib. Vətən Müharibəsindən sonra yeni yaranmış düzən Azərbaycanın mövqeyinə birbaşa təsir göstərir. Eyni zamanda xarici aktorların Azərbaycana münasibətlərinə də təsirsiz ötüşməyib.  Məhz Avropa İttifaqı ilə Azərbaycan arasındakı bu konteksti xüsusilə vurğulamaq lazımdır”.

Deputat mühüm məqamlardan biri kimi tərəflər arasında olan iqtisadi münasibətləri xüsusilə qeyd edib. Onun sözlərinə görə,  bura yalnız enerji münsibətləri daxil deyil, iqtisadiyyatın fərqli sektorlarında, o cümlədən Avropa İttifaqının texniki proqram çərçivəsində əməkdaşlığı daxildir.

“Təbii  ki, enerji tərəfdaşlığı olduqca vacib amildir. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqına mavi qaz istehlakında payı 6,2 faizə qədər yüksəlib. Növbəti illərdə bu daha da  yüksələ bilər. Bu ondan xəbər verir ki, Azərbaycan həm Avropanın ümumi qaz istehlakında payını artırır, Avropaya neft ixracatını davam etdirir və də bir sıra Mərkəzi- Şərqi Avropa ölkələrinin mavi qaza tələbinin ödənilməsində xüsusi paya malikdir. Məsələn, Azərbaycan Bolqarıstanın     mavi qaza tələbinin 3,1-dən çoxunu ödəyir.  Və praktik olaraq Mərkəzi, Şərqi Avropada  enerji təhlükəsizliyinin formalaşmasında xüsusi paya malikdir.  Əgər Azərbaycan 2021-ci ildə Avropaya 8,5 milyard kubmetr  mavi qaz nəql etmişdisə, bu rəqəm 2022-ci ildə 10,4 milyard kubmetrə qədər yüksəldi. 2023-cü ildə 12 milayard kubmetr mavi qazın  nəql edilməsi nəzərdə tutulur. Və praktik olaraq bütün bunlar ondan xəbər verir ki, mavi qaz ixracatında artım dinamikası Azərbaycanın  Avropanın ümumi qaza tələbinin ödənilməsində  rolunu daha da artırıb”.

V.Bayramov eyni zamanda qeyd edib ki, Azərbaycan 2027-ci ildən etibarən artıq innovativ, yəni bərpa olan enerji ilə  Avropa bazarına daxil olacaq.  O cümlədən, yaxın illərdə  həm də aternativ mənbələrdən əldə edilən yaşıl enerji ixracatçısı olacaq ki, bu yaşıl enerji də  Avropa İttifaqına yönəldiləcək.

“Bütün bunların fonunda Azərbaycanın  regional olaraq beynəlxalq prinsiplərə, beynəlxalq təhlükəsizliyə töhvə verən ölkə olduğu hər kəsə bəlidir.  Ermənistan-Azərbaycan arasında aparılan sülh danışıqları Azərbaycanın konstruktiv mövqeyi və artıq ölkələrin qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanıması,   bu istiqamətdə aparılan danışıqlar, həm də ondan xəbər verir ki, Azərbaycan bütövlükdə  regional təhlükəsizliyə töhvə verən ölkədir. Bu da Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə təsir edən faktorlardan birinə çevrilib. Bu baxımdan Azərbaycanın “Avropa Siyasi Birliyi”ndə iştirakının həmin ölkələr üçün nə dərəcədə zəruri və maraqlı olduğu danılmazdır”.

Oxunma sayı 69
Siyasət rubrikasından digər xəbərlər