Azərbaycan dilindən zəif nəticə - 90 min şagird – QORXUNC STATİSTİKA  

15:04 23.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılıb. “Zəfər tarixi” kursu tədris dilindən asılı olmayaraq, bütün siniflərdə dövlət dilində - Azərbaycan dilində 1 saat tədris olunacaq. Eyni zamanda rus bölmələri üçün Azərbaycan dili fənninin tədris saatları da artırılıb.

Mövzu ilə bağlı hafta.az-a danışan Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu yeni dəyişikliyi müsbət qiymətləndirdiyini söylədi:

“Qoyulan qaydalar təbiidir. Azərbaycan dili dövlət dilidir, ona görə də, rus bölmələrində Azərbaycan dili fənninin tədris saatlarının artırılması olduqca müsbət haldır. Prezident İlham Əliyevin Dövlət dili ilə bağlı çoxsaylı sərəncamları var. Bu halı yüskək qiymətləndirmək lazımdır”.

Təhsil eksperti Kamran Əsədov hafta.az-a bildirdi ki, son illər rus bölməsində təhsil alanların sayında artan tendensiya müşahidə olunur:

“Bunun əsas səbəbi ali təhsil müəssisələrinə qəbul imtahanlarında rus bölməsinin şagirdlərinin daha aşağı ballarla tələbə adını qazanmaq imkanının böyük olmasıdır. Digər tərəfdən, bizdə valideynlər elə hesab edirlər ki, orta məktəbdə ən azından 1 xarici dil bilmək çox böyük üstünlükdür. Elə rus bölməsində təhsil alanların sayının artması daha çox bununla bağlıdır. Nəzərinizə çatdırım ki, rus bölməsində təhsil almağın Azərbaycan dilində təhsil almaqdan heç bir üstünlüyü yoxdur. Təbii ki xarici dil bilmək zəruridir. Amma bununla yanaşı, hər bir Azərbaycan vətəndaşı öz ana dilində oxumalıdır. Bu gün ölkədə mövcud olan 4435 orta məktəbin 7%-də, rəqəmlə desək, 340-da tədris rus dilindədir. Bu məktəblərdə ümumi 90 min uşaq təhsil alır. Bu da o deməkdir ki, şagirdlərimizin 6.3 faizi rus dilində oxuyur. Bununla yanaşı həm də orta məktəblərdə xarici dil kimi rus dili tədris edilir”.

Ekspert rus bölməsinə meyilliliyin əsas səbəblərindən biri kimi Azərbaycan bölməsində tədris keyfiyyətinin müəyyən qədər aşağı olmasını göstərdi:

“Hesab edirəm ki biz Azərbaycan dilində tədrisin keyfiyyətini artırmalıyıq. Zəfər tarixi fənninin Azərbaycan dilində tədris olunmasının və rus bölməsində Azərbaycan dili fənn saatlarının artırılmasının bir başqa səbəbi də, hər il qəbul imtahanlarında rus bölməsi şagirlərinin Azərbaycan dili fənnindən aşağı nəticə göstərməsidir. Təsəvvür edin, Azərbaycandan dilindən təqdim edilən sadə 30 sualın 15-nə düzgün cavab verə bilmirlər. Hətta Dövlət İmtahan Mərkəzi əvvəllər 2 imtahan keçirirdisə, bu il 3 imtahan keçirdi və kifayət qədər güzəştlər də etdi ki, şagirdlər yaxşı nəticə göstərsinlər. Hesab edirəm ki, bu vaxtında atılmış addımdır. Təəssüflər olsun bu gün uşaqların ictimai yerlərdə ana dilimizdə danışmağa çətinlik çəkdiklərini görürük. Buna görə də, həmin şəxslərin tədrisində Azərbaycan dili ilə bağlı saatlar artırılıb”.

Oxunma sayı 1938