Azərbaycan əsgəri müqəddəs missiyanı başa çatdırdı – Sevinc Alızadə

18:36 28.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin başlamasından 3 il keçir. 2020-ci ilin 27 sentyabrında Azərbaycan ərazilərində azğınlaşan işğalçı Ermənistan ordusuna qarşı əks-hücuma keçib düşmənin başını əzən Dəmir Yumruq, Anım Gününə bir həfrə qalmış 1 gün qalxdı və gücünü bir daha sınadı. Sentyabrın 19-da aparılan birgünlük antiterror tədbirləri ilə 44 günlük savaşın nöqtəsini qoydu. “Zəfər yolu” Şəhid Ailələrinə və Qazilərə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə “Həftə içi”nə müsahibəsndə bir çox məqama diqqət çəkib.

–  Azərbaycanın birgünlük antiterror tədbirləri zamanı şəhid olanların ailələri ilə görüşlərinizdə nələri müşahidə edirsiniz?

–  Azərbaycan Ordusu yenə öz sözünü deyir. Vətən torpağını azad etməklə bərabər, şəhidlər verir, Azərbaycan igid oğullarını qanla yoğrulmuş torpağına əmanət edir.

Bir neçə gündür, dəfn mərasimlərində iştirak edirik. Şəhidlərin ailə üzvlərini gördükcə, onlarla ünsiyyət qurduqca, başqa bir hisslər keçirirəm. Bilirsiniz, ailə üçün öz doğmasını, əzizini itirmək bir faciədir, bir daha əzizini görə bilməmək, onu əvəz edəcək bir insanın olmayacağını düşünmək çox ağrılıdır. Bu acı insana ruhən, mənən əzab verir. Bu acı ilə bərabər, bir qürur hissi var. Sənin həyat yoldaşın, övladın, qardaşın Vətən uğrunda, onu sevərək, onun üçün can verməyə hazır olaraq bu döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun başladığı son antiterror tədbirləri Azərbaycan Ordusunun 27 sentyabrda qazandığı zəfərin tamamlanması üçün atılmış addımlardır.  Vətən Müharibəsindən 3 il vaxt ötməsinə baxmayaraq, bizim Xankəndi, Xocalı, Xocavənd, Ağdərəmizdə yuva salan erməni separatçıları öz revanşist siyasətlərindən əl çəkmədi. Antiterror tədbirlərindən bir gün əvvəl polislərimiz, yol mühəndislərimiz terrorçuların ərazilərimizə basdırdıqları minaların partlaması nəticəsində şəhid oldular. Bu, bizim səbir kasasına dolan son damla idi. Azərbaycan Ordusu antiterror əməliyyatlarına başladı. Bu, əməliyyat gələcəyimizin təhlükəsiz təminatı üçün baş verməli idi. Qəti qərarlar qəbul etməyin zamanı idi və cənab Prezident bunu etdi. Lakin ictimai təhlükəsizliyə xələl gətirməyən, Azərbaycan qanunvericiliyinə uyğun yaşamaq istəyən ermənilər bu ölkənin ərazisində qala bilər. Azərbaycan bunu erməni separatçılarına, bütün dünyaya diqtə etdi.  Allah şəhidlərimizin ruhunu şad eləsin.

– 2020-ci ilin 27 sentyabr tarixi – Anım Günü bir şəhid ailəsi olaraq, sizin həyatınızda mühüm bir səhifənı açmışdı. Necə hesab edirsiniz, o tarixin başlandığı proses bu gün hansı məhrələdədir?

– Vətən Müharibəsinin üçüncü ildönümüdür. Xalq, dövlət, ordu birliyinin gətirdiyi möhtəşəm Zəfər tarixindən üç il keçir.  Allah şəhid qəhrəmanlarımızın ruhunu şad etsin, böyük bir qələbə qazandıq. Azərbaycan xalqı birləşərək Ordusunun, Dövlətinin arxasında durub, 200 ildən sonra qalib xalq kimi öz sözünü dedi.  Öz tarixində qızıl səhifəsini açdı. Bu, böyük, qürur hissini doğuran Şanlı Zəfər tariximizin başlanğıcı idi.

44 günlük savaşda Şuşa Zirvəsinin qazanılması hər bir azərbaycanlının köksünü qabardır. 2020-ci ilin 27 sentyabrında başlayan döyüş yolları Şuşaya aparırdı. Qəhrəman oğullarımız Azərbaycanın işğal altında qalan ərazilərini azad etməklə böyük tarixi prosesə başladılar və otuzillik işğala son qoyuldu. Bu tarix torpaqlarımızın minalardan təmizlənməsi, yenidən dirçəldilməsi və məcburən köçkün düşmüş insanlarımızın yurda qayıdışının başlanğıcını qoydu.  Bu gün Azərbaycanın Füzuli, Laçın, Ağalı bölgəsində həyat var, insanlar öz yurdlarına qayıdır, ocaqlarını qalayırlar. İnşAllah, son antiterror əməliyyatından sonra qayıdışımız, bərpa işlərimiz daha da fəallaşacaq. Hər bir kəs öz dədə-baba yurduna qayıdacaq.

– 27 Sentyabr əks-hücum əməliyyatına qədər Azərbaycan Ordusu, Azərbaycan insanı hansı hazırlıqlardan keçdi?

– Azərbaycan xalqı, Azərbaycan oğlu heç vaxt işğalla barışmamışdı. Xalq olaraq düşüncəmiz, yaşadığımız faciələr, zülmlər mənfur ermənilərin törətdiyi qətliamlar, soyqırımlar bizim hər birimizin qan yaddaşına hopdu. Birinci Qarabağ döyüşlərində şəhid olan qəhrəman oğullarımızın itkisi, hələ də qisasın alınmaması hər bir azərbaycanlını mənən sıxırdı. “Axı, nəyə görə torpaqlar işğal olunmalı idi, nəyə görə bu qədər itkilər verdik?” – deyə mənən özümüzü didib-parçalayırdıq.  Hamıda bir əzm var idi: biz döyüşməyi bacaran xalqıq, böyük milli-mənəvi zənginliyə, milli kimliyə sahib bir xalqıq, bizim son sözümüz var… Düşünürəm, 2016-cı ilin Aprel döyüşləri xalqın nəbzini yoxladı.  Bütün dünyaya sübut olundu ki, 25 il keçsə də, Azərbaycan xalqı Qarabağdan vaz keçməyib. Azərbayan xalqı cəbhədən gələn hər bir şəhidini alqışlarla, qəhrəman kimi dəfn edirdi. Böyüyündən tutmuş, kiçiyinədək  hər bir Azərbaycan insanı döyüşə hazır vəziyyətdə idi. Mən bunu ilk olaraq Raquf Orucovun dəfnində gördüm. Biz bunu yaşadıq. Düşünürəm, 2020-ci il Vətən Müharibəsinə gedən zəfər yolu 2016-cı ildə başlamışdı. Sonra Tovuz hadisələri, qəhrəman generalımız Polad Həşimov və onun ətrafında olan əsgərlərin, polkovnik İlqar Mirzəyevin və digər oğullarımızın şəhidliyi bu qələbəyə gedən yolu yaxınlaşdırırdı. General şəhid olmuşdu, bütün Azərbaycan meydanlara çıxdı. Torpaqlar işğalda idi, dövlət sərhədi pozulmuşdu. Azərbaycanın Vətən Müharibəsi qaçılmaz idi. Bəli, torpaqların azadlığı uğrunda hərbi mübarizəyə gətirən simvollar, qəhrəmanlar, onların örnək həyatı, mübarizəyə səsləyən çıxışları var idi və bunların hamısı özünün təsirini göstərdi. Mübariz İbrahimov kimi ölümdən qorxmayan, ölümün gözünə dik baxan oğullar var idi.  27 sentyabrda igid oğullarımız o qəhrəmanların ardınca getdilər.

Beləliklə, 27 sentyabrda başlayan Vətən müharibəsi həm I Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlarımızın, həm erməni zülmünün qurbanı olan bütün soydaşlarımızın, həm də torpağımızın qisası alındı. Xocalı, Meşəli, Ağdabanın faciəsi cəzasız qala bilməzdi. Bölgədə bu zülmə son qoyulmalı idi və 27 Sentyabr müqəddəs Vətən Müharibəsi Qafqazda Azərbaycan torpağında erməni zülmünə “dur” dedi. Sübut etdi ki, dünyada ədalət var. Əgər ədaləti kağız üzərində bərpa etmək mümkün deyilsə, o ədaləti bərpa edən, qoruyan qəhrəman Ordumuz var.

– Müharibədən sonra belə bir dönəmdə şəhid ailələrinə, qazilərə münasibətdə hansı mühüm addımların atılmasına ehtiyac var?

–    Bizim mübarizəmiz hələ də davam edir. Ölkəmizin ərazisindən son terrorçu çıxanadək bu mübarizə davam edəcək. Müharibə bitəndən sonra Azərbaycan xalqı tam təhlükəsiz şəraitdə yaşayacaq. Bir faktı unutmaq olmaz. Adlarını qızıl tariximizə qanla yazmış qəhrəmanlarımızı, bütöv Azərbaycan uğrunda həyatlarını fəda etmiş igidlərimizi və onların xatirəsini unutmamalıyıq. Nə qədər ki, Azərbaycan yaşayır, biz onları yaşatmalıyıq. Onların xatirəsi daim ehtiramla, minnətdarlıqla yad edilməlidir. Ən böyük təşəkkür canlarını fəda edən o qəhrəmanlara düşür.  Onlar biz yaşayaq deyə, Vətənimiz var olsun deyə, canlarından keçdilər, Vətəni bizə əmanət etdilər. Vətən onlara minnətdardır, bizim hamımız onlara minnətdarıq, onlar bizim qəhrəman şəhidlərimizin qisasını aldılar, arzularını sona çatdırdılar. Ona görə də gənc nəslin maarifləndirilməsi, qazilərimizə olan münasibət və bu ailələrə göstərilən ehtiram diqqət əsasında aparılmalıdır. Qazilərimizlə tez-tez görüşlər keçirib onların döyüş yolu xartirələrini, döyüş dostları barədə xatirələrinin gənc nəslə çatdırılmasını təmin etməliyik. Bu yöndə işlər davam etdirilməlidir, dayanmadan, usanmadan... Erməni terroru hər birimizə toxuna bilər. Biz daim hazır olmalı, keçmişimizdən nəticə çıxarmalıyıq. Gənc nəslimiz vətənpərvər ruhda böyüməli, şəhidlərin məzarları daim anılmalıdır. Hər bir bölgədə şəhid məzarları var. Hər biri o zonada yaşayan gənclər tərəfindən gözbəbəyi kimi qorunmalıdır. Daimi ziyarətgahlara çevrilməlidir.  Anım günlərini yad etməli, eyni zamanda, onların bizə qalan əmanətlərinə sahib çıxmalıyıq. Elə etməliyik ki, şəhidlərin övladları bu ölkədə ən layiqli zirvələrdə olsunlar. Onları  düzgün tərbiyə edib, yaxşı təhsil verməliyik ki, böyüyüb Vətənimizin hər bir sferasında işləsinlər. Əminəm ki, Azərbaycan xalqı bunu bacaracaqdır.

– “Heydər Əliyev ili"ndə Ermənistanın işğalçı siyasətinə, eləcə də müharibədən sonra Qarabağda qalan   erməni separatçıları, qeyri-qanuni silahlı birləşmələrinin çıxarılması ilə bağlı görülən işləri necə dəyərləndirmək olar?

–    2023-cü il Ulu Öndər ilidir. Bu il Ulu Öndərin xatirəsinə həsr olunmuş bir çox festivallar, konfranslar həyata keçirilir. Azərbaycan Ordusunun nailiyyətləri, torpaqların işğaldan azad edilməsi, Xocalı, Xankəndi, Ağdərəyə Azərbaycan Bayrağının taxılması Ulu Öndərin 100 illiyinə ən böyük töhfə olacaq. Bu gün Ulu Öndərin ruhu şaddır – Azərbaycan əsgəri müqəddəs missiyanı başa çatdırdı.

Oxunma sayı 144