Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi – Qənirə Paşayeva

17:08 28.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən erməni işğalı 27 sentyabr 2020-ci il tarixdə başlanan əks-hücumla Zəfər yolunun qarşısını açdı. İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan və onu heç bir məsuliyyətə cəlb etmək niyyətində olmayan beynəlxalq qurumlar ölkəmizi öz biveclikləri ilə müharibəyə sürüklədi. Ermənistan sülhü tanımayan dünya erməniliyi və onların ikili standartlar nümayiş etdirən güclü havadarları Azərbaycanın qarşısında hərbi-siyasi yoldan başqa alternativ qoymadılar. Nəhayət, Azərbaycan dövləti öz hüquqlarını bərpa etmək üçün işğalçıya qarşı əks-hücum əməliyyatı keçirərək, düşmənin başını əzdi. Bu gün bölgədə, guya tənzimlənmə istəyən ATƏT-in Minsk qrupunda olan dövlətlər – ABŞ-Fransa Azərbaycanı qınayan bəyanatlarla çıxış etməkdə davam edir. Gəlin görək, 27 sentyabr əməliyyatını yaradan səbəblər nə idi? Azərbaycanı təxribatlara sürükləməklə əslində nəyə nail oldular və mövcud reallıqlar nədir? Bu istiqamətdə hafta.az-a müsahibə verən Milli Məclisin üzvü Qənirə Paşayeva 44 günlük müharibəni təhlil edərkən bir sıra faktlara toxundu.

– 44 günlük müharibə başlamaya bilərdimi? Ermənistanın Azərbaycan torpaqlarına işğalını aradan qaldıran qeyri-hərb yol mümkün idimi?

– Ermənilərin Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti davam edir. Tarixi faktlar sübut edir ki, ermənilərin əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü dönəmdən etibarən, xalqımıza qarşı başlamış yağı düşmənçilik siyasətini gizli və ya açıq şəkildə davam etdirib. Ermənilər Çar Rusiyasının əli ilə Qarabağda məskunlaşdırıldığı dönəmdən bəri bizim toponimləri dəyişməyə başlayıb, münbit, əlverişli əraziləri ələ keçirməyə çalışıb və çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları ən müxtəlif üsul və vasitələrlə sıxışdırıblar. Ermənilər hələ İrəvana – Qərbi Azərbaycana köçürülməmişdən öncə Qarabağda məskunlaşdırılıb. Rusiya inqilablarının yaratdığı ortamdan sui-istifadə edən fürsətkar erməni qəsbçiləri 1905-1907-ci və 1918-ci illərdə yüzminlərlə soydaşımızı vandalcasına qətliama uğradıb, soyqırımı aktları törədib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi amansız qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda, hətta Arazın o tayında (!) onminlərlə dinc azərbaycanlı əhali soyqırımı aktına uğradılıb, yaşayış yerlərindən qovulub, işgəncələr görüb. Yeri gəlmişkən, Güney Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş soyqırımları heç də Arazın bu tayındakı soyqırım aktlarından geri qalmayıb. Urmuda, Xoyda, Səlmasda, Makuda, çoxluğunu azərbaycanlılar təşkil edən qəsəbələrdə, kəndlərdə də belə hadisələr törədilib. Üstəlik, Doğu Anadoluda (Qars, Ərdəhan, Ərzurumda) da eyni vaxtda – sanki bir sistem halında vandalizm, soyqırımı törədilib. Yəni coğrafi məkan qorxunc dərəcədə böyükdür və dünya erməniliyinin, onların himayədarlarının bu soyqırımları məqsədyönlü işlədikləri danılmaz faktdır. Bax, 27 sentyabradək olan dönəm bu qədər uzaqlardan başlayır...

Təəssüf ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından didərgin salınması “beynəlmiləl” sovet dönəmində nəinki dayandırılıb, hətta davam və inkişaf etdirilib... Sovetləşmənin ilk aylarında Azərbaycan Zəngəzuru itirib... 1948-1953-cü illərdə isə Ermənistanda – Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından 150 minə yaxın soydaşımız deportasiya olunub. Onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın soydaşımız öz doğma el-obasından, yurdundan zorla çıxarılıb; bununla da Ermənistan faktiki monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı başıboş ideyasını gerçəkləşdirmək cəhdi kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə sonuclanıb.

Çox təəsüflər ki, Arazın hər iki tərəfindəki soyqırımlar uzun illər gizli saxlanılıb. Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırım siyasətinə Ümummilli lider ilk dəfə 26 mart 1998-ci ildə imzaladığı Fərmanla tarixi əyar vermiş oldu – 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Xalqımız, dövlətimiz hər il soyqırımı qurbanlarını anır, yaddaşını təzələyir, beynəlxalq ictimaiyyəti bilgiləndirir. Tariximiz – bütün uğurları və uğursuzluqları ilə, sevinci və kədəri ilə bizimdir və biz ona yiyə dururuq.

Rəsmi İrəvanın hərbi cinayətləri uzun illər içində davam edib: azalıb-artıb, amma kəsilməyib... 1988-1994-cü illər içində xarici havadarları tərəfindən açıq və gizli surətdə silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal edib. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətl edilib. Ağdaban, Başlıbel, Bağanis-Ayrım, Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin əsl simasını (simazsızlığını) göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində 26 fevral – Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, bədnam 366-cı motoataıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirib. Xocalı soyqırımında 613 nəfər, onlardan 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldu, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, neçə nəfər əsir və girov götürülüb, işgəncə görüb... Beləliklə, Ermənistanın Azərbaycan elanolunmamış müharibəsini aradan qaldırmaq, işğala son vermək üçün güc tətbiq etməkdən savayı yol qalmamış oldu. Bu işdə ikili standartlar – beynəlxalq riyakarlıqlar az rol oynamadı.

– Bu gün beynəlxalq aləmin Azərbaycanla bağlı həqiqətlərə ədalətsiz yanaşmaları yenidən baş qaldırıb.  ATƏT-in Minsk qrupunda olan dövlətlər yenə öz ampluasında. Bu qurum erməni vəhşiliyi qarşsında niyə aciz qaldı və yaxud ölkəmizi hansı məcburiyyət qarşısında qoydu?

– Müvafiq nizamlanma üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in -indiki ATƏT Minsk Qrupu öz fəaliyyətinin 29 ili içində məsələnin həllinə yox, tam tərsinə - dondurulmasına çalışdı. Bununla da illərlə aparılan danışıqlar sonucsuz qalmış oldu. İşə baxın ki, Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, Ermənistanla münasibətsizliklərə, işğala danışıqlar yolu ilə işğalçı Ermənistan ilə işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı.  çözüm bulmağa çalışdı. Digər bir təşkilat – bu dəfə, dünyanın ən böyük təsisatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə faktiki acizlik nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi (822, 853, 874, 884) 27 il kağız üzərində qaldı və icra olunmadı... 27 sentyabrda başlayan müharibə ilə Azərbaycan Ordusu bütün acizlikləri aradan qaldırdı, BMT-nin, ATƏT-in etmədiyi, edə bilmədiyini özü 44 gün içindəcə etdi!

Bir milyondan çox dinc azərbaycanlı 30 il içində qaçqın və məcburi köçkün həyatı sürmə zorunda qaldı. Ermənistan silahlı qüvvələrinin, dünya erməniliyinin, onların çoxbaşlı havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsi yurddaşlarımızı doğma el-obasından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına, mədəni irsinə də ağır zərbə vurdu. Ermənistan bu müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı duruma saldı, şəhər və kəndlərimizdə infrastruktur tamamilə məhv etdi, bizə milyardlarla dollar dəyərində maddi ziyan vurdu. Nə biz unudarıq, nə tarix unudar... Ermənistan öz işğalçı siyasətini uzun illər davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizə atəş açdı, onların rahat yaşamına imkan vermədi.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanımızın əvəzsiz mədəniyyət abidələri də məhv edildi. Ermənistan tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli -119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli -270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsi, 15 dekorativ sənət örnəyi) tarix və mədəniyyət abidələri olub. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə illər uzunu viran qaldı.

Uzun illər aparılan sülh danışıqları Ermənistanın qeyr-ciddi, pozucu yanaşmaları üzündən bir sonuc vermədi. Silahlar dindi və bəlli oldu ki, sülhtanımayan Ermənistan və havadarları ləyaqətli müharibəni də apara bilmir. Ermənistan hərbi-siyasi rəhbərliyi, dünya erməniliyi 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz Döyüşlərindən nəticə çıxarmağı bacarmadı. Hər kəs görürdü ki, Azərbaycan dövləti və xalqı işğalla qətiyyən barışmayacaqdır; lakin ermənilər bu döyüşlərdən nəinki nəticə çıxarmadı, üstəlik, respublikamıza qarşı diversiyaları davam etdirdi. Erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı, təxribatçı açıqlamalardan çəkinmədi.

27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtəri, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq respublikamıza qarşı növbəti təcavüz aktına başladı. Hərbi qulluqçularımızla yanaşı 11 dinc sakinimiz, o cümlədən 2 uşaq həlak oldu. Sonucda, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək Əmri verdi. 27 sentyabrdan etibarən 44 günlük Zəfər sürəci başlamış oldu.

– 27 sentyabr Vətən Müharibəsi və tarixi Zəfərimiz bizə və dünyaya nəyi bəyan etmiş oldu?

 -44 günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri I Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən II Qarabağ müharibəsi Şanlı Ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi. Göstərdi ki, Azərbaycanın Zəfəri halal zəfərdir, xarici hərbi, iqtisadi dəstəyə əsaslanmır və xalq ruhunun yenilməzliyini, ordumuzun gücünü, Müzəffər Ali Baş Komandanın siyasi iradəsini təcalla etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi isə xüsusi unikal hadisə kimi dünya hərb elminin qızıl səhifəsinə düşdü. Ümumən 44 günlük müharibə “XXI yüzilin müharibəsi necə olur?” sualına cavab vermiş oldu. – Yəni ləyaqətli müharibə, yəni elektron hərb yeniliklərinin, konkret olaraq, PUA-ların tətbiqi ilə əski üsullar və əski silahların aparıcı rolu yararsızlaşdırılmış oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri hərbi əməliyyatların tam dayandırılması haqqında Bəyanat imzaladı. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı sonucunda 5 şəhər, 4 qəsəbə, 286 kənd, habelə Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Bəyanata müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçının işğalda qalan hissələri hərbi əməliyyatlarsız azad olundu. Vətən Müharibəsində 2 907 hərbçimiz şəhid oldu, mindən çox əsgərimiz yaralandı; 6 nəfər isə hələ də itkin sayılır... Şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyir, yaralı qazilərimizin öz sağlamlıqlarına qovuşmasını, itkinlərimizin tapılmasını Ulu Tanrıdan diləyirik.

Bəli, tarixi Zəfərimiz tarixdən silinməyəcək böyük hadisədir! Azərbaycanın Şanlı Ordusu cəmi 44 gün içində düşmən ordusunun belini qırdı, 30 illik işğala son qoydu, xalqın ruhunu dirçəltdi. Düşməndən ağır intiqam alındı, işğalçı ordu torpaqlarımızdan qovuldu, ədalət bərpa olundu. Ləyaqətli Zəfər qazanmış Azərbaycan dövləti qürurludur, alnıaçıq, üzü ağdır! Azərbaycan Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən Müharibəsinin başlandığı günün – 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. 02.12.2020-ci ildə imzalanmış bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Eyni zamanda, paytaxtımızda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunur. Ayrıca, Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində II Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. “Dəmir Yumruq” abidəsi isə artıq işğaldana zad olunmuş şəhər və kəndlərimizə yaraşıq verməkdədir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Yüksək “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal (“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub. Vətən müharibəsində Qələbə münasibətilə orden və medalların təsis olunması iştirakçılara yüksək diqqətin, eləcə də, zəfərimizin əbədiləşdirilməsinin – gələcək nəsillər üçün qiymətli irsə çevrilməsinin təcəssümüdür. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Oxunma sayı 2026