Azərbaycanda 15 min nəfərə 1 köşk düşür – Müşfiq Ələsgərli

11:44 16.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Müasir Azərbaycan mətbuatının mövcud durumu və cəmiyyətin inkişafı prosesindəki rolu, əhəmiyyəti müzakirə predmeti olaraq daim diqqətlə izlənir, təhlil olunur. Mediamızın mövcud fəaliyyəti cəmiyyətin güzgüsü, informasiya təminatçısı və eləcə də dövlət orqanları ilə xalq arasında vasitəçi qismində çıxış edərək ictimai fikrin formalaşmasında daşıdığı missiyaya əsasən zamanın müəyyən kəsimlərində birmənalı qarşılanmayıb. Mediamız özünün funksiyasını necə yerinə yetirir və hansı çətinlikləri, üstünlükləri var?

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli maraqlı fikirlər söyləyib.

- Müşfiq bəy, mediamızın bugünkü durumu sizi qane edirmi?

- Cənab Prezident 2018-ci ildən ölkədə böyük islahatlar dalğası yaradıb və mətbuat da bu proseslərin içərisindədir. Mətbuat bu şəffaflaşmada öndə olmalıdır və  hər şeyi xalqa olduğu kimi çatdırmalıdır. Yəni mətbuatımız həm ölkədə islahatlar haqqında bilgi verir, həm də özü islahatlar mərhələsini keçir. Təbii ki, islahatlar formasına keçdiyimizə görə hər şey ənənəvi formada qala bilməz. Dəyişimlər, yeniliklər olmalıdır və bu proses gedir. 

- Mətbuatımızda dediyiniz o yeniliklər nə ilə bağlıdır?

- Bu yenilənmə ilk növbədə hakimiyyətin, dövlətin mediaya yanaşmasında və media ilə münasibətlərindədir. Bu gün jurnalist üçün Prezident də daxil olmaqla, dövlət məmuru ilə kontakta keçmək, ünsiyyətdə olmaq istədiyi sulallara cavab tapmaq o qədər də problem olmur.

Birinci, dünya mətbuatının ilk trendlərindən biri informasiyanın əlçatımlığıdır. Bilirsiniz ki, bəzi yeni modellər tərtib olunur. Tutaq ki, pandemiya dövrüdür, bu sahədə informasiya operativliyi var. Ona görə də Operativ Qərargah yaratdılar və o qərargahda gündəlik brifinqlər keçirildi, jurnalistlərə istədikləri cavablar təqdim olundu. Yaxud 44 günlük müharibədə hərbi informasiya mərkəzi yaradıldı və oradan informasiyanın operativ idarəedilməsi baş verdi. Eləcə də dövlətin kommunikasiya siyasətində yenilik var. Yəni aktual olan mövzu ətrafında bir mərkəz yaratmaq, o mərkəzdən informasiyanı idarə etmək, informasiyanı əlçatan etmək, bu artıq yeni modeldir.

İkincisi, dövlətin media siyasətini həyata keçirən qurumların özündə dəyişikliklər oldu. Məsələn, bundan qabaq Prezident Administrasiyasında ictimai-siyasi şöbə var idi, o şöbə ləğv edildi və bir neçə şöbə arasında səlahiyyətlər bölündü. Əvvəllər media, QHT və sair sahələr bir şöbədən idarə olunurdusa, indi həmin şöbə əvəzinə kommunikasiya və iş üzrə şöbə yaradılıb. Kommunikasiya daha böyük anlamdır. Onun içərisində sosial media var, əlaqələrin başqa tipləri də var. Bu onu göstərir ki, dövlət bu sahə üzrə yeni yanaşma ortaya qoyur.

Üçüncü bir məsələ odur ki, bundan əvvəl olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv olundu. Əvəzində Medianın İnkişafı Agentliyi yaradıldı, funksiyaları dəyişdi.

Ən böyük məsələlərdən biri media haqqında yeni qanun layihəsinin hazırlanmasıdır. Məsələn, dünyada onlayn media 30 ilə yaxındır ki, aktualdır.  Yeni media tipləri ortalığa çıxıb. Bu 20 il müddətində Azərbaycanda onlayn medianın fəaliyyəti tənzimlənmirdi. Onun haqqında bir qanunvericilik bazası yox idi. Bu bir tərəfdən cəmiyyət üçün problem yaradırdısa, digər tərəfdən həmin onlayn meda qurumlarının özü üçn problem yaradırdı, çünki onların statusu tanınmırdı.

 İki aydan sonra media sahəsində islahatların başlanmasının 2 ili tamam olacaq. Bu prosesi sürətlə də keçmək mümkün idi. Məsələn, cənab Prezident 2021-ci ilin yanvar ayında media haqqında yeni qanunvericiliyin hazrlanması, islahatların dərinləşməsi haqqında qərar verib. Orada vaxt qoyulmuşdu ki, 3 ay müddətində bu qanun hazırlanıb müvafiq qurumlara tapşırılsın. Doqquz ay keçib, hələ də qanun layihəsi tərtib olunmayıb. Bax, belə prosedurlar var ki, onu sürətlə keçmək olar.

Onlayn medianın statusu tanındı. Bilirsiniz ki, iyul ayında Media Agentliyi media qurumları üçün yeni müsabiqənin nəticələrini açıqladı. Orada ənənəvi media qurumları ilə yanaşı, 30-a yaxın onlayn media qurumuna maliyyə yardımı göstərildi. Mən onlayn medianın üzərində ona görə çox dayanıram ki, müasir dövrümüzdə Azərbaycan üçün çox vacibdir. Bilirsiniz ki, uzun illər Azərbaycan özünün haqq səsini dünyaya çatdırmaq üçün çətinliklərlə rastlaşıb. Bizim səsimiz şüurlu şəkildə boğulub. Erməni şəbəkəsi tərəfindən Azərbaycana qarşı şüurlu şəkildə əks-təbliğat həyata keçirilib. Bizim ənənəvi media ilə həmin təbliğatı qırmaq mümkün deyildi. Bu gün internet dövrüdür və bir informasiyanı 3-4 dildə, hətta 7 dildə yayan onlayn media qurumlarımız var. Yəni onlayn media sərhəd tanımır. Təəssüf ki, bizdə indiyə qədər onlayn sferada yayılan informasiyaların çox hissəsi feyk-nyüslardan ibarətdir. Xəbər standartı tanımır. Burada şəxsi həyata müdaxilə, müəllif hüquqlarının tanınması və sair dünyada çoxsaylı trend olan məsələlər də var ki, onlar gözlənilmirdi. Bu gün dövlət özü onlayn qurumların peşəkarlaşması üçün proqramlar həyata keçirirsə və bunun icrasına başlayıbsa, bu, çox yaxşı haldır.

- Müşfiq bəy, bu günlərdə bir media adamından medianın mövcud halını soruşanda dedi ki, indi mediamızın vəziyyəti işğaldansonrakı Ağdamın vəziyyəti kimidir. Ümumən götürəndə onun problemləri nə ilə bağlıdır?

- Azərbaycan mediasının bir çox problemləri var. Onlardan biri müstəqil statuslu ekspertlərin olmaması və ya azlığıdır. Çox təəssüf ki, Azərbaycanda özünü media eksperti edən şəxslərdən çoxu siyasi konnekturaya uyğunlaşdı. Yəni reallıqdan deyil, çox vaxt siyasi konnekturaya uyğun danışırlar. Gəlin, medianın necə xarabazara çevrilməsindən söhbət açaq. Medianın cəmiyyətdə funksiyası nədir? Məlumatlandırmaq, maarifləndirmək və sair... Modern dildə deyirlər ki, media və jurnalistikanın funksiyasi cəmiyyətin marağında olan informasiyanı tapıb ona çatdırmaqdır. İkinci funksiyası isə dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirməkdir. Gəlin, birinci funksiyaya baxaq. Azərbaycanda elə bir informasiya varmı ki, siz ondan xəbərsizsiniz?.. Hamı danışır ki, media yerində deyil, batıb, qırılıb gedib, amma hamı da hər şeydən məlumatlıdır. Məlumatları haradan alırsınız? Söhbət burada klassik, ənənəvi mediadan getmir. Bu gün dünyada alternativ informasiya mənbələri var. Ola biər ki, ənənəvi qəzet bizə informasiyanı çatdırmır, amma onlayn media, sosial media çatdırır. Bunlar alternativ informasiya mənbələridir. Burada media, informasiya məkanının dağılmasından söhbət gedə bilməz...

Dünyada böyük dövlət olan Çin, İran və digər ölkələrdə internetə, bəzi sosial şəbəkələrə dövlət səviyyəsində qadağa qoyulub. Bizi gedib həmin ölkələrlə müqayisə etmək olmaz. Medianın dağıldığı, informasiya qıtlığının olduğu ölkələr onlardır, biz deyilik. Bəzən diqqət yetirmişəm, ekspertlər başqa bir şəxsi vurmaq üçün elə söz deyirlər ki, bu, ümumilikdə Azərbaycanın ziyanına işləyir. Bizdə media da var, media quruluşu da var, azadlığı da var.

- O zaman deyək ki, bu fikirləri ortaya çıxaranların dərdi nədir? Bunlar mətbuat “bazar”ında nəyi görmək istəyir?

- Məsələn, bu gün Azərbaycanda medianın maliyyə müstəqilliyini təmin edəcək reklam bazarı yoxdur. Dünyada qəbul olunmuş standartlara görə, bir KİV qurumunun maliyyə gəlirinin 75 faizi reklamdan formalaşmalıdır, 25 faiz satışdan, yayımdan, ianələrdən və sair. Bu gün büdcəsinin 75 faizi reklamdan formalaşan media qurumu varmı? Yoxdur! Bu ölkədə reklam dövriyyəsi daxili məhsulun, yaxud ən pis halda dövlət büdcəsinin 1 faizi qədərdir. 20 milyardlıq dövriyyəsi olan ölkədə reklam büdcəsi, ən azı, 200 milyon civarında olmalıdır. Statistika Komitəsinin elanlarından bəlli olur ki, bu gün Azərbaycanın 7-10 milyon arasında dövriyyəsi var. İndi gəlin baxaq, Azərbaycanda nə qədər KİV qurumu var. Tutaq ki, 6 min KİV qurumu, 7 milyon da reklam büdcəsini götürəndə, üst-üstə hər KİV qurumuna 150-200 manat pul düşür. Sizə deyim ki, çox ciddi bir problemdir. Əvvəla, yalan xəbərlərdən biri KİV qurumlarının sayı ilə bağlıdır. Sizi əmin edirəm ki, ölkədə 6 min KİV qurumu yoxdur.

- Nə qədərdir?

- Rəqəmi bilirəm, amma bunu açıqlaya bilmərəm. Söhbət qeydiyyatdan keçməklə bağlı deyil. Qeydiyyatdan keçən KİV-lərin heç də hamısı real fəaliyyət göstərmir. Real fəaliyyət göstərən KİV qurumları ilə təkcə qeydiyyatdan keçən KİV-lər arasında çox ciddi kəmiyyət fərqi var.

-  Azərbaycanın media bazarında reklam niyə yoxdur?

-Adətən, bunu KİV-lərin üzərinə atıb deyirlər ki, yaxşı meneceri yoxdur. Yalan söhbətdir. Azərbaycanda reklam var və çox təəssüf ki, bu reklamlar gizli reklamlardır, qanunsuz dövriyyəsi olan reklamlardır. Məsələn, bu gün radionu, televizoru açın, bunu görəcəksiniz. Bizim bəzi media ekspertləri kimi, tibb üzrə bir ekspert çağırırlar, danışdırırlar. Buna sual verilir ki, bu kəsin filan xəstəliyi var, neyləməlidir? Ekspert də ona cavab verir ki,  filan poliklinikaya getməlidir. Bu, artıq ekspert sözü deyil, gizli reklamdır. Yəni bunu o televiziyanın ağlı kəsmir, verir. Təbii ki, ortada anlaşma var. Bu, aradan qaldırılmalıdır.

- Reklamın olmaması hansı probemləri yaradır?

- KİV qurumu fəaliyyət göstərməsi üçün özünün maliyyə dövriyyəsini təmin etməlidir. Bu dövriyyə əgər qanuni yollarla, reklamla, elanla, satışla formalaşmırsa, o zaman bunlar müxtəlif iqtisadi, siyasi qrupların, şəbəkələrin himayəsini qəbul etməli olurlar. Beləliklə, onlar xəbər standartlarını deyil, himayəsində olduqları siyasi, iqtisadi, kriminal qurumların sifarişini yerinə yetirməyə məcbur olurlar. Sonda mediada siyasiləşmə amili meydana gəlir. Əgər bir ölkədə medianın siyasiləşməsi amili varsa, orada müstəqil, peşəkar institutlaşmış KİV-lərdən danışa bilmərik. Bu baxımdan medianın reklam-elan məsələləri həll olunmalıdr. Məsələn, bu gün islahatlar dalğası başlayıb, amma bəzi məqamlar var ki, dəyişməyib. Məsələn, reklam və elanlarla bağlı xüsusi addım atılmayıb. Dövlət deyir ki, reklam və elanın verilməsi özü müstəqil bir sahədir. Biz gedib hansısa şirkəti məcbur edə bilmərik ki, reklam verin. Əgər ölkədə demokratik inkişaf istəyiriksə, bu məsələnin həlli hansısa formada tapılmalıdr.

Yayım infrastrukturu barədə ciddi problemlər var. Normal ölkələrdə hər 1 000 nəfər əhaliyə 1 köşk düşür. Azərbaycanda isə 15 min nəfərə 1 köşk düşür. Baxırsan, böyük rayonlardır, orada nə köşk, nə yayım strukturu var. Ənənəvi yayım forması olan abunəçilik strukturu da dağılıb.

Bu gün medianın ümumi bir bazası yaradılır. Gözləntilər çoxdur. Bu proses yekunlaşsaydı, növbəti mərhələ üçün bu məsələ də həll edilərdi. Əsas məsələ niyyətdir və görünür ki, buna hökumətin niyyəti var. Bu proses sürətlə keçməlidir.

- Jurnalistlər üçün tikilən 3-cü bina ilə bağlı müəyyən gərginlik yaşandı və hələ də mübahisələr var. 3-cü binanın aqibəti necə olacaq?

- 2003-2005-ci illərdə Parlament Jurnalistlər Birliyi, Həmkarlar İttifaqı  jurnalistlərin mənzillə təmin olunması məsələsini gündəmə gətirmişdilər. Jurnalistlərin ev məsələsini gündəmə gətirənlərdən biri də biz olmuşuq. Apardığımız araşdırmalarda məlum olmuşdu ki, o dövr Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin 95 faizinin mənzili yoxdur. Problem odur ki, jurnalistikada çalışmaqla o problemi aradan qaldırmaq mümkün deyil. O vaxt ölkədə ipoteka kreditləşməsi başlamışdı. Məsələn, 2009-cu ildə belə bir açıqlama vermişdik ki, Azərbaycanda cəmi iki nəfər ipoteka kreditindən istifadə edib. Jurnalistin aldığı əməkhaqqı ilə ipoteka kreditinin verilməsi arasında kəskin ziddiyyətlər var idi. Əlavə olaraq jurnalistlə əmək müqaviləsi bağlanmırdı, əmək münasibətləri rəsmiləşdirilmirdi. Ona görə də o, ipoteka kreditləşməsinə düşə bilmirdi. Çox ağır durum yaranmışdı. Baxın, o ağır durum həmin o keçici dövrə təsadüf edir. Media 1990-cı illərdə bir sistemlə yaşamışdı, 2000-ci ildə başqa bir sistemə keçid elədi. Ortada 1990-cı illərdə qırılıb-qalmış bir nəsil var idi.  Onlar nə köhnə sistemlə idarə olunurdular, nə də təzə sistemə inteqrasiya oluna bilmirdilər. Bunlarda kütləvi şəkildə mənzilsizlik problemi var idi. Bu gün jurnalistikaya yeni gəlmiş şəxsər üçün o problemləri həll eləmək asandır. Əməkhaqqı yüksəkdir, valideyn himayəsindədir və mənzil problemini həll edə bilir. Adam var ki, bu gün 50 yaşı var, gəncliyi həmin o 1990-cı illərə düşüb. Həmin illər o məqamı ötürdüyünə görə problemi həll edə bilmir. O vaxt hesablamışdıq ki, dövlət keçid dövrü üçün müəyyən addımlar atmalıdır. Keçid dövrünü tamamlayandan sonra dövlətin bu qədər əziyyət çəkməsinə ehtiyac qalmayacaq. Biz təkliflər vermişdik. Məsələnin bu qədər köklü şəkildə həll olunacağını gözləmirdik. Təklif edirdik ki, Bakıda kooperativ evlər tikmək üçün müəyyən yerlər verilsin və sair. Yaxud jurnalistlər də sosial zümrə olaraq ipoteka kreditinə daxil edilsin. Məsələni bu cür qaldırmışdıq. Sağ olsun, cənab Prezident mənzilləri tikdi və jurnalistlərə pulsuz verdi.

Ziddiyyət jurnalistlər üçün tikilən 3-cü binanın üzərində yaranıb, 3-cü bina jurnalistlərə verilmədi. Əgər o 3-cü bina da verilsə, 1990-cı illərdən qalma nəsil jurnalistləri artıq 3-cü binanın verilməsi ilə təmin edilib qurtarmış sayılır. Ondan sonrakı nəsil üçün artıq yeni şərtlər hazırlamaq olar. Hökm deyil ki, bina tikib verəsən. İpoteka kreditlərindən istifadə edən sosial zümrə kateqoriyasına daxil etməklə problemləri həll ola bilər. Həyatını yeni quran jurnalistlə, həyatının ortasında və sonunda olanlar arasında fərq var. Bizim hesablamamıza görə əgər 3-cü bina da jurnalistlərə verilərsə, artıq o problem böyük mənada həll edilmiş sayılır.

- Veriləcəkmi?

- Təəssüf ki, bəzi şəxslər jurnalistlərin mənzil məsələsinin üzərində manipulyasiya edirlər. Mən o məsələlər ətrafında müzakirələr aparanda soruşuram; o adamlar bilirlərmi nə qədər evsiz jurnalist var və neçə faizi həmin 90-cı illərin burulğanından keçmiş adamlardır? Ortada heç bir statistika yoxdur, amma adamlar durub bunun üzərində fikir yürüdürlər. Yaxşı olar ki, öncə bu statistikanı müəyyən eləsinlər, sonra bunun üzərinə gedilsin. O mənzillərin kimə verilməsi cənab prezidentin müstəsna hüququdur, buna heç kəs irad bildirə bilməz. Biz o təklifi verəndə ağlımıza da gəlmzdi ki, mənzilər tikilib heç bir ödəmə istənilmədən verilə bilər. Bu, Azərbaycan jurnalistləri üçün çox böyük töhfə oldu, amma bu proses tamamlanmaldır.

Ən təəssüf doğuran məqam odur ki, manipulyasiya ən həssas məsələnin üzərində quruldu. Şəhid ailələri bizim ən həssas yerimizdir. Bu məsələdə insanlar qarşı-qarşıya gətirilməməli idi. Ona görə də 3-cü mənzilin jurnalistlərə deyil, başqa-başqa zümrəyə verilməsi ilə bağlı mövzunu gündəmə gətirənlər danışdırılmaldır ki, onlar vəziyyətin izahını versinlər. O zaman dövlət üçün də aydın olacaq ki, bu təşəbbüs hardan gəlib və nəyə yönəlib. Hesab edirəm, yəqin ki, son qərarı cənab Prezident verəcək. Cənab Prezident nə deyəcəksə, bütün məsələlərdə olduğu kimi hər kəs bunu da qəbul edəcək. Yetər ki, bu məsələ manipulyasiya obyektinə çevrilməsin. Təbəqələr üz-üzə qoyulmasın və sonda ədalətli qərar qəbul edilsin.

Tahirə Qafarlı

Oxunma sayı 30