Azərbaycanda manat ucuzlaşıb, dollar bahalaşarsa... – XƏBƏRDARLIQ

18:10 09.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Əslində Azərbaycan höküməti uzun müddətdir ki, dolların kursunu inzibati yollarla tənzimləyir. Ona görə ki, Banklararası Valyuta Birjası bizdə formal fəaliyyət göstərir.  Nəticə etibarilə bizim əsas ixrac məhsulumuz neftdir və ölkəyə əsas valyuta da neft-qaz sahəsindən daxil olur. Manatın kursuna təhlükə o zaman yaranır ki, neftin qiyməti 45 dollardan aşağı olsun”. Bunu hafta.az-a açıqlamasında sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan höküməti bu il ərzində manatın kursunun sabit saxlanılması üçün ciddi xərcə düşməyib:

“Bu il ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutadan çox olub. Valyuta kursunun inzibati yollarla sabit saxlanılmasını bəyənməsəm də, indiki durumda hökümətə haqq qazandırıram ki, əslində bu məsələ inzibati yolla tənzimlənməsə, dolların kursu bahalaşdığı təqdirdə, 90 faiz əhali ziyana düşər. Çünki bizim əsas istehlak etdiyimiz məhsullar idxal məhsullarıdır və onlar da xarici valyuta ilə alınır. Ona görə hesab edirəm ki, Azərbaycan höküməti bu mənada dolların kursunu müvəqqəti olaraq, yəni, daxili istehsalla özümüzü təmin edənə qədər inzibati yolla saxlanılmasını normal yanaşıram. Amma bu prosesi uzum müddət davam etdirmək doğru yanaşma deyil. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi də başda olmaqla, nazirliklər ciddi şəkildə fəaliyyət göstərməlidirlər. Daxili istehsalı daha da sürətləndirmək, iqtisadi fəallığı artırmaq lazımdır. Bunun üçünsə ilk növbədə rəqabət mühitini təmin etmək lazımdır ki, ixracyönümlü məhsullar istehsal olunsun, qeyri-neft sektoru inkişaf etsin”.

Oxunma sayı 6691