Azərbaycanın ali təhsil sisteminə örnək universitet – ADAU (REPORTAJ)

15:50 26.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Gəncənin simvollarından birinə çevrilmiş Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olduq. Açıq deyəcəyəm: indiyədək ölkəmizdəki çox ali təhsil müəssisəsində olmuşam, amma şəxsən ADAU-nun bənzərini görməmişəm. Olduqca geniş ərazidə cəmlənən tədris korpusları, xarici görünüşü kimi daxili də göz oxşayan tələbə yataqxanaları, tədris-təcrübə mərkəzləri ilə vahid kompleks təşkil edir. Eynilə Türkiyə, Avropa universitetlərində olduğu kimi.

Sirr deyil ki, hazırda Azərbaycan universitetlərində iyunun 1-də başlayıb iyulun 5-də başa çatacaq yaz imtahan ssesiyası davam edir. Sadə dillə desək, tələbələr buraxılış imtahanı verirlər. Elə ADAU-da olmağımızın bir səbəbi də məhz imtahanların necə keçirildiyini görmək idi.

Bu yerdə haşiyəyə çıxaraq qeyd edim ki, hər bir universitet kimi, bəzən ADAU haqqında da xoşagəlməz fikir formalaşdırmağa cəhd edənlər olur. Xüsusilə də smestr imtahanları başlayanda. Bu səbəbdən də imtahan prosesini izləmək şəxsən mənə ikiqat maraqlı idi.

 

Açıq qapılı imtahan otaqları

 

İlk olaraq Baytarlıq Təbabəti fakültəsinə gəldik. Ayrı-ayrı auditoriyalarda iki fərqli ixtisas üzrə şifahi imtahan gedirdi. Bilet çəkərək növbəsini gözləyən tələbələr arasında cavab verməyə səbirsizlənənlər də vardı, bəxtinə düşən suallara baş sındıranlar da. Amma imtahan prosesində açıq-şəffaf atmosfer yaradıldığını nəzərə alsaq, inanmaq olardı ki, burada hər hansı xoşagəlməz, qanunsuz hərəkətlərə yol verilmir.

Bu arada qeyd edək ki, imtahanların obyektivliyini, eləcə də sessiya zamanı daxil olan şikayətləri yerindəcə araşdırmaq məqsədilə apellyasiya komissiyası yaradılıb. Əgər hansısa tələbənin etirazı və iddiası olarsa həmin komissiyaya şikayət edə bilər.

Ümumiyyətlə, imtahan prosesini izləmək üçün heç kimə məhdudiyyət qoyulmur. İstənilən media təmsilçisi, valideynlər və digər ictimaiyyət nümayəndələri ADAU-da imtahan proseslərini izləyə bilər. Özü də bu təşəbbüsü universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov şəxsən irəli sürüb... 

Digər auditoriyada da eyni atmosfer hökm sürürdü. Hətta biz içəri daxil olanda imtahan verməmiş cəmi iki tələbə qalmışdı. Onlardan birini – Türkiyə vətəndaşı olan tələbənin cavabını dinlədik. Olduqca sərbəst, savadlı, yaxşı nitq qabiliyyətinə malik idi və hətta verdiyi cavablar imtahan götürən müəllim tərəfindən 8 balla qiymətləndirildi. 

Fürsət tapıb imtahan götürən müəllimlə bir-iki ağız söhbətləşdik. Məlum oldu ki, imtahanda yüksək nəticə göstərən tələbələrin sayı kifayət qədərdir – onların verdiyi cavablar 10 balla qiymətləndirilib. Amma hər yerdə olduğu kimi, burda da zəif nəticə göstərənlər olub ki, onların irəlidə hazırlaşmaq üçün vaxtları olacaq.

Baytarlıq Təbabəti fakültəsində daha bir imtahan vardı. Universitet nümayəndələrinin müşayiətilə tədris korpusunun dördüncü mərtəbəsində yerləşən imtahan keçiriləcək auditoriyaya qalxdıq. Bu dəfəki imtahan əvvəlkilərdən fərqli olaraq test üsulu ilə təşkil olunmuşdu. Artıq prosesə hazırlıq görülmüşdü: hər bir masanın üstündəki tam işlək vəziyyətdə olan noutbuklar tələbələri gözləyirdi.

Bu imtahan üsulu da maraqlıdır. Deməli, auditoriyaya daxil olarkən hamı adəti üzrə telefonlarını girişdəki masanın üstünə qoyur. İmtahan zamanı kiminləsə danışmaq, nə isə soruşmaq yasaqdır.

Budur, hər kəs şəxsi kabinetinə daxil olaraq təqdim edilmiş test suallarına cavab axtarır. Burada tələbənin müəllimlə və ya başqa kiminləsə ünsiyyətdə olması mümkünsüzdür. Necə deyərlər, zəhmət çəkib dərsini oxuyan savadına güvənib qiymətini alacaq.

Test üsullu imtahanların bir müsbət keyfiyyəti də odur ki, tələbələr imtahanın sonunda verdiyi cavablara uyğun olaraq, avtomatik şəkildə neçə bal topladığını, el diliylə desək, neçə aldığını öyrənir.

 

“Burada hər şey şəffafdır...”

 

Universitetdə olarkən dəhlizdə toplaşmış tələbələrdən bir neçəsi ilə ayaqüstü həmsöhbət olduq. Türkiyədən gəlmişdilər. Əczaçılıq fakültəsinin 1-ci kursunda oxuduğunu deyən Əhməd Ertəkin (Ahmed Rauf Ertekin) bildirdi ki, verəcəyi bütün imtahanlara hazırdır. Çünki smestr boyu müəllimlərin mühazirələrini diqqətlə dinləyib, zəhmət çəkib dərslərini oxuyub. Əlində tutduğu imtahana buraxılış vəsiqəsini də göstərdi – imtahana giriş balı bütün fənlər üzrə 38-40 bal idi, hətta 45 olanı da vardı.

- Dərslərin necə gedir, çətinlik filan olurmu? - soruşdum.

- Yox, nə çətinlik, hər şey qaydasındadır. Günün böyük hissəsini dərslərlə məşğuluq, heç şəhərə çıxmağa vaxtım qalmır...

- Müəllimlərin sizə münasibəti necədir?

- Hamısından məmnunam. Mən türkəm, onlardan dəstək hiss edirəm, çox mehriban davranırlar. Bu da mənə stimul verir.

- Yüksək qiymət yazmaq müqabilində sizdən nəsə uman olur?

- Artıq bir ildir burada təhsil alıram, heç vaxt belə bir davranışın şahidi olmadım. Səmimi deyirəm: hətta tələbə dostlarımdan da belə bir şey eşitməmişəm. Burada hər şey şəffafdır, kimsə deyirsə ki, pulla nəsə əldə etmək olar, yalandır.

Söhbətimizin bu yerində başqa bir gənc də yaxınlaşdı. Tanış olduq - Furkan Tanguner idi. O da Əczaçılıq fakültəsinin 1-ci kursunda təhsil alır. O da eynilə Əhməd kimi, dedi ki, oxuyan üçün qiymət almaq çətin deyil, oxumayan isə zəhmət çəkib imtahana hazırlaşır, kəsilsə, təyin olunacaq vaxtda ikinci dəfə imtahan verəcək.

Furkan da bildirdi ki, Türkiyədən bura oxumağa gəlib, valideynləri onun gələcək karyerası üçün narahatdırlar. Bu səbəbdən də yaxınlarının ümidini doğrultmağa çalışacaq.

Yadıma çox məşhur bir biznes adamının sözü düşdü. Vaxtilə həmsöhbət olduğum hindistanlı iş adamlarından biri deyirdi ki, sitat: Orta məktəblər və universitetlər insana sadəcə elm öyrədir və onlar öyrəndiklərinin imtahanı yalnız işə qəbul zamanı verirlər. Artıq heç bir işverənə savadsız kadr lazım deyil.

Başqa bir neçə nəfərlə də söhbətləşdik. Bəlli oldu ki, indi Azərbaycanda istənilən ixtisasda kadr yetişdirən çox sayda universitet var. Amma aqrar sahəni özündə cəmləyən tək bir ali təhsil müəssisəsi mövcuddur ki, bu da ADAU-dur.

Tələbələr qeyd etdilər ki, indi çoxları hüquq, beynəlxalq münasibətlər və sair kimi ixtisaslar dalıyla qaçsalar da, əslində ölkədə ən böyük iş yeri məhz kənd təsərrüfatı sahəsindədir. Bu gün Azərbaycanda və dünyada aqrar sektorun savadlı kadrlara ehtiyacı böyükdür. Bu da o deməkdir ki, ADAU-nu bitirən gənclər sabah işsiz qalmayacaqlar...

 

Müasir yataqxanalar

 

Universitetin tələbə yataqxanasına gəldik. Hər kəsə bəllidir ki, hazırda ölkədəki bütün universitetlərin ən böyük problemi məhz tələbə yataqxanalarının olmamasıdır. Hansı ki, bu, tələbələrə sosial çətinliklər yaradır və bu da öz növbəsində dolayısıyla onların təhsilinə mənfi təsir göstərir. Bu mənada ADAU Azərbaycanın ali təhsil sisteminə örnək sayıla bilər.

Yeri gəlmişkən, xatırladaq ki, ADAU-nun 520 yerlik birinci müasir tələbə yataqxanasının - “Tələbə evi”nin açılışı 2016-cı ildə reallaşıb və onun açılışında hətta həmin vaxt Gəncədə səfərdə olan prezident İlham Əliyev şəxsən iştirak edib. Kompleksin mövcud beş korpusundan dördü 7, biri isə 6 mərtəbəlidir.

Yataqxanadakı 257 otağın 251-i iki nəfər, altısı isə üç nəfərin qalması üçün nəzərdə tutulub.

ADAU-nun ikinci tələbə yataqxanası isə 2017-ci ilin noyabrında istifadəyə verilib. Prezident İlham Əliyevin iştirakı ilə açılan 514 yerlik ikinci tələbə evi də dördü 7, biri 6 mərtəbəli olmaqla beş korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı əvvəlki yataqxanada olduğu kimi, zəruri mebel və inventarla təchiz edilib. Hər iki binanın birinci mərtəbəsində qeydiyyat şöbəsi, akt və fitnes zalları, kafe, məişət və ticarət xidməti obyektləri, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb. Üstəlik, hər mərtəbədə ayrıca mətbəx fəaliyyət göstərir.

 

Tələbələrə maddi dəstək

 

ADAU-da tələbələri dərslərini daha yaxşı oxumağa həvəsləndirmək və dolayısıyla sosial təminatlarını gücləndirmək üçün bir sıra addımlar atılır. Bunlardan biri tələbələrin imkan daxilində yataqxanada yerləşdirilməsidirsə, digər təqaüdlə təmin olunmalarıdır.

Yeri gəlmişkən, ADAU-da dövlət sirafişli ixtisaslarda təhsil alan tələbələr aylıq təqaüdlə təmin olunurlar. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar təhsilə marağın artırılması üçün univesitetə kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olan tələbələrə əlavə təqaüd verilir. ADAU Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq qəbul olanlar 150 manat, 500 və daha çox bal toplayanlar isə 250 manat əlavə təqaüdlə təmin edilir. Hansı ki, əvvəllər həmin kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi.

Bununla yanaşı, Elmi Şuranın qərarına əsasən qeyri-kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 120 manat, 400-499 balla qəbul olunmuş tələbələrə 80 manat məbləğində büdcədənkənar vəsait hesabına əlavə təqaüd verilib.

Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə rəhbərlik tərəfindən diqqət və qayğı göstərilir. Belə ki, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə 150 manat, ingilisdilli ixtisaslarda təhsil alanlara isə ayda 100 manat məbləğində əlavə təqaüdün verilməsi nəzərdə tutulur. Hansı ki, 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 100 və 70 manat əlavə təqaüd verilib.

Bundan başqa, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Prezidentinin  sərəncamına əsasən  Təhsil Nazirliyinin müvafiq əmri ilə ADAU-ya 547 əlavə təqaüd yeri ayrılıb.

 

Yüz illik şərəfli yol

 

ADAU Azərbaycanın ən qədim və köklü ali təhsil ocaqlarındandır. İndiki Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Kənd Təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu kimi təsis edilsə də, əslində onun tarixi cümhuriyyət illərinə təsadüf edir və bu haqda arxivlərdə çox sayda sənədlər də saxlanılır. Kənd Təsərrüfatı İnstitutu əvvəllər Bakıda fəaliyyət göstərsə də, 1931-ci ildə Gəncəyə köçürülüb. Yarandığı gündən indiyədək, yəni 100 il ərzində ADAU ölkəmizin aqrar sektoru üçün 70 mindən çox yüksəkixtisaslı mütəxəssis hazırlayıb. Bu dövr ərzində ADAU-nun yetişdirdiyi kadrlar arasında ruslar, ukraynalılar, belaruslar, gürcülər, türklər, ləzgilər, yəhudilər, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri olub.

Yeri gəlmişkən, elə indi də universitetdə MDB respubliklarından, Yaxın Şərq, hətta Afrika ölkələrindən tələbələr təhsil alır.

Fəaliyyəti dövründə bu ali təhsil ocağından məzun olanlardan 13-ü AMEA-nın həqiqi üzvü, 10-u müxbir üzvü seçilib. Görkəmli məzunlardan akademiklər Həsən Əliyev, İmam Mustafayev, Validə Tutayuq, Firuz Məlikov, İlyas Abdullayev, Ələkbər Quliyev, Musa Musayev və onlarla digərlərinin adını çəkmək olar.

Hazırda ADAU-nun 8 fakültəsi, 37 kafedrasında 550-dən çox professor-müəllim heyəti çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas, 75 ixtisaslaşma üzrə 6 mindən çox tələbə əyani və qiyabi təhsil formalarında təhsil alır. Tədris 6 ixtisasda ingilis, 10 ixtisasda rus dilində aparılır və 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi ilə həyata keçirilir.

Universitet dünyanın 20-dən çox ölkəsinin 100-dək universiteti ilə əməkdaşlıq edir.

                                                  Vüsal Tağıbəyli

P.S. Universitetdə çəkdirdiyim şəkli görən, hazırda ölkəmizdəki universitetlərdən birinin tarix fakültəsində üçüncü kursu bitirməkdə olan tələbəsi və yaxın qohumun Şövkət Məmmədova dedi ki, sitat: ADAU bizim tələbələr arasında çox məşhurdur. Deyirlər ki, Azərbaycanda rüşvət alınmayan və şəffaf sistem yaradılan cəmi iki universitet var. Onun biri ADAU-dur...

Oxunma sayı 2650