Bakıda «Made in Uzbekistan» biznes sərgisi təşkil olunacaq

09:10 25.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi bu ölkənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Bakıda «Made in Uzbekistan» Biznes Missiyasının təşkilinə başlayır. Bu ad altında keçiriləcək sərgidə 80-dən artıq yerli tekstil, dəri və ayaqqabı, ipək, qida, kimya, elektrik-texniki, əczaçılıq, tikinti, mebel və maşınqayırma sənayesi istehsalçılarının iştirakı nəzərdə tutulur.

Hafta.az-ın yazdığına görə, bununla yanaşı, şərab mədəniyyəti, turist potensialı və özbək xalqının xalq-tətbiqi sənət nümunələri də sərgilənəcək.

Biznes missiyasının əsas məqsədi milli məhsulların təşviqi, Özbəkistan və Azərbaycan işgüzar dairələri arasında əlaqələrin yaradılması, ixrac həcmininin artırılması və ziyarətçilərin ölkənin istehsal potensialı ilə tanış edilməsi, məhsulların üçüncü ölkələrin bazarlarına sonrakı ixracı perspektivi ilə yüksək əlavə dəyərə malik yeni idxalı əvəz edən sənaye istehsallarının inkişafı üçün kooperativ əlaqələrin inkişaf etdirilməsi, yerli ixracatçıların etibarlı ixrac müqavilələrın bağlanması ilə yanaşı öz məhsul və xidmətlərinin xarici bazara çıxarılması üzrə bir sıra ixtisaslaşmış xidmətlərin göstərilməsidir.

15-17 dekabr tarixlərində Baku Marriott Boulevard Hoteldə keçiriləcək sərgi çərçivəsində biznes missiyası iştirakçılarının təqdimatı da olacaq. Eyni zamanda, Özbəkistan və Azərbaycan biznes icmaları arasında «B2B» formatında ikitərəfli danışıqlar aparılacaq.

Sərgi çərçivəsində ziyarətçilərin Özbəkistanın turizm və qastronomiya mədəniyyəti ilə tanış olması, tədbir iştirakçıları və qonaqlarına bayram plovunun təqdim edilməsi də planlaşdırılır.

Əminik ki, bu tədbirin nəticəsi olaraq Özbəkistan şirkətləri bir sıra potensial alıcılarla uzunmüddətli işgüzar əlaqələr qura və əməkdaşlıq üzrə razılaşmalar əldə edə biləcəklər.

Oxunma sayı 573