Donald Tramp fentanilin hazırlanmasında istifadə olunan maddələrin Çindən gəldiyini iddia edərək dünyanı sarsıdan ticarət müharibəsi başlatdığı bir vaxtda ABŞ-da bir bələdiyyə başçısı sözügedən ölümcül dərmanı qəribə kontekstdə xatırladıb.
Hafta.az-ın “Fox News”a istinadən yazdığına görə, Kaliforniyanın Lankaster şəhərinin Respublikaçı lideri Reks Parris şəhər şurasının iclasında evsizliyi müzakirə edərkən deyib: "Mən onlara pulsuz fentanil verməkdən başqa heç nə istəmirəm. Onlara istədikləri qədər fentanil vermək istəyirəm".
Evsiz insanların keçmiş qolf meydançasına toplanmasının insanpərvərliyini şübhə altına alan vətəndaşa cavab verən mer, federal hökumətin ərazini evsizlərdən "təmizləməsini" də dəstəklədiyini vurğulayıb.
Reks Parris, şərhlərindən peşman olmadığını, kömək almaqdan və cinayət törətməkdən imtina edən evsiz insanları nəzərdə tutduğunu söyləyib: "İndi evsizlər dediyimiz insanların 40-45 faizi həbsxanadan çıxan cinayətkarlardır və mən onlar haqqında açıq danışdım".
Bu iddiaları rəqəmlərlə dəstəkləməyən Parris, mübahisəli açıqlamalarının hərfi mənada başa düşüləcəyini gözləmədiyini də əlavə edib.
Təkcə ABŞ-da 2023-cü ildə 107543 nəfərin həddindən artıq dozadan öldüyü təxmin edilir. Bunlardan 74702 nəfəri fentanil kimi sintetik opioidlərin qəbulundan ölüb.
Son 10 ildə 450 mindən çox ABŞ vətəndaşının bu narkotiklərdən öldüyü, milyonlarla insanın isə asılı olduğu təxmin edilir.