Rusiyada təkcə aprelin ilk 6 günü ərzində 16 milyona yaxın SİM kart ya ləğv edilib, ya da müqavilələrinə xitam verilib.
Hafta.az-ın yazdığına görə, “Roskomnadzor”dan RİA Novosti-yə bildirilib ki, aprelin 1-dən 6-dək 15,8 milyon SİM kart deaktiv edilib. Bildirilib ki, bu rəqəm təkcə “Qosuslugi” adlı rəsmi rəqəmsal xidmətlər portalı vasitəsilə aparılan əməliyyatları deyil, bütün ümumi operator məlumatlarını əhatə edir.
Aprelin 1-dən istifadəyə verilən yeni “SİM Kartlar” xidməti sayəsində vətəndaşlar özlərində qeydiyyatda olan bütün nömrələrə (şəxsi və korporativ) baxa, lazımsız abunələri ləğv edə, müvəqqəti bloklama tətbiq edə və ya xətti tamamilə bağlamaqla nömrənin qorunmasını tələb edə bilərlər. Yeni sistem anonim xətt istifadəsi və fırıldaqçılıq hallarına qarşı effektiv tədbir kimi təqdim olunur.
“Roskomnadzor” elan edib ki, noyabrın 1-dən etibarən mobil operatorlar birtərəfli qaydada abunəçiyə düşən SİM kart limitindən yuxarı “artıq” xətləri bağlamaq səlahiyyətinə malik olacaqlar. Buna görə də istifadəçilərə cari müqavilələrini nəzərdən keçirmələri və lazımsız xətləri könüllü olaraq ləğv etmələri tövsiyə olunur. Yeni tətbiq rəqəmsal şəxsiyyət təhlükəsizliyi və kommunikasiya infrastrukturunun şəffaflığı baxımından mühüm addım hesab olunur.