Beyin kardiostimulyatoru depressiyanın müalicəsində ümid yaradıb

10:05 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerikalı alimlər depressiyanın müalicəsində beyin batareyasından istifadə etməyi hədəfləyirlər. Tədqiqatçılar dərin beyin stimulyasiyası (DBS) kimi tanınan müalicə idarəsini ağır depressiya hallarına tətbiq etmək istəyirlər. DBS, beynin müəyyən hissələrinə elektrik göndərmək üçün kəllə içərisinə yerləşdirilən elektrodlardan ibarət implant növüdür.

Hafta.az-ın yazdığına görə, DBS hazırda Parkinson və epilepsiyanın müalicəsində istifadə olunur. Qida və Dərman İdarəsi (FDA) nəzərdən keçirmə və təsdiqləmə prosesini sürətləndirib ki, bu metod Müalicə Davamlı Depressiya (TDD) olan xəstələrdə istifadə oluna bilsin.

Nyu Yorkdakı Mount Sinay Mərkəzi Neyromodulyasiya tədqiqat mərkəzi DBS müalicəsinin TDD-yə təsirlərini müşahidə etmək üçün tədqiqatlar aparır.

Uzun illər TDD-dən əziyyət çəkən Emili Hollenbek bu proqrama qatılan və müalicə üçün DBS-ni sınayanlardan biridir. Bir çox dərmanla yanaşı elektroşok terapiyasını da sınadığını və qalıcı bir yaxşılaşma əldə olunmadığını bildirən Hollenbek, həkim məsləhəti ilə DBS-ni sınamağa qərar verdiyini söyləyib.

Əməliyyatı reallaşdıran Dr. Brayan Kopell elektrodları beynin iki yarımkürəsi arasında məlumat ötürən sinir şəbəkələrindən ibarət korpus kallosumun bir qədər yuxarısında yerləşən singulat korteksə yerləşdirib. Beynin bu hissəsi emosiyaların tənzimlənməsindən məsuldur.

Kopell qeyd edib ki, normal olaraq elektrik fəaliyyəti beynin bütün nahiyələrinə heç bir maneə ilə rastlaşmadan paylanır, lakin depressiya zamanı bu cərəyan beynin “emosional dövrəsində” ilişib qalır. Cərrah, DBS-nin bu sıxlığı aradan qaldırdığını və beynin elektrik fəaliyyətini normallaşdırdığını bildirib.

Əməliyyatdan sonra qısa müddətdə müsbət təsirlər görməyə başladığını bildirən Hollenbek, "əməliyyatdan sonrakı ilk gündə mənfi əhval-ruhiyyənin və ağırlığın aradan qalxdığını hiss etməyə başladım" deyib. O, onu ən çox sevindirən inkişafın yenidən musiqi dinləməkdən həzz alması olduğunu da bildirib.

Hollenbekin psixiatrı Dr. Martijn Faygi, "O, mənə illər sonra ilk dəfə həqiqətən Vyetnam yeməklərini dada bildiyini söylədi. Nyu Yorka köçdükdən sonra tamamilə boş olan evini də bəzəməyə başladı" deyib.

Kaliforniya Universitetindən Dr. Katerin Skangos, "bu sahədə sürətli irəliləyişlər var. FDA təsdiqinin qısa müddətdə gələcəyini düşünürəm" deyə bildirib.

Oxunma sayı 173