Bir çox sosial şəbəkə üzvləri də var ki, dövlət sirlərini, hərbi sirləri açır… - Baş redaktor

15:39 01.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son günlər reket, şantajla məşğul olan, özünü jurnalist kimi təqdim edən şəxslərə qarşı mübarizənin zəruriliyi yenidən gündəmə gətirilib.  Belə hesab olunur ki, reket jurnalistika var, amma ona qarşı inzibati qaydada mübarizə üsulu, eləcə də ictimai qınaq formasında dirəniş göstərmək təcrübəsi çox zəifdir. Eləcə də şantaj olunan, təhqir və böhtana məruz qalan vətəndaş çox vaxt susur. Çünki onun öz haqqını qoruması üçün həm vaxtı, həm də pulu gedir, nəticə isə məqbul deyil.

Vətəndaşın həm mənəvi, həm maddi şantaja məruz qalmamağı, öz haqlarını müdafiə etməsi üçün hansı addımlar atmasına ehtiyac var. Peşəkar jurnalistika bu cür “jurnalistlərin” ifşa olunmasında nə dərəcədə aktivdir. Ümumən reket jurnalistika ilə mübarizə necə gedir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, əslində Mətbuat Şurası reket jurnalistika ilə mübarizə komitəsi yaradıb və bunun hesabına reket jurnalistlərin sayı xeyli azalıb. Amma kökü kəsilməyib. Bir çox adamlar müxtəlif saytlar yaradaraq hələ də reketlik etməkdə davam edirlər. Yəni problem var.

Y.Oğuz bildirib ki, bu gün ən mühüm məsələ bir sıra bloggerlərin, ayrı-ayrı şəxslərin müxtəlif səhifələr, “tik-tok”-lar, onlayn kanallar açaraq kimlərisə şantaj etməsi ilə bağlı yaranan problemdir. Onun fikrincə, belə hallara qarşı mübarizəyə reket jurnalistikasına qarşı mübarizənin davamı kimi baxılmalıdır. Bir çox sosial şəbəkə üzvləri də var ki, onlar dövlət sirlərini, hərbi sirləri açır, insanların fərdi azadlıqlarına toxunurlar.

Belə hallarla mübarizə çox ağır bir prosesdir. Çünki internet resursları o qədər böyükdür, hər kəsə əl çatmır. Yəni kimlərsə Amerikada, Almaniyada oturub istədiklərini yaza bilərlər.

Baş redaktor hesab edir ki, burda yalnız maarifləndirmə işinin düzgün qurulmasından söz gedə bilər.  Onun fikrincə, məsələni Prokurorluq, Müdafiə Nazirliyi və digər ictimai, media qurumları ilə birlikdə müzakirə edib ortaq məxrəcə gəlmək lazımdır. 

“Onları bir yerə cəmləyib o komissiyanın işini gücləndirmək,  monitorinq qrupu yaratmaq lazımdır. Müxtəlif ictimai təşkilatların üzvləri, blogerlər, baş redaktorların iştirakı ilə monitorinq aparılmalı və ortaya açıq şəkildə qoyulmalıdır ki, bu qəzetlər, bu adamlar ictimai qınağa səbəb olub.

Əks halda reketçiliyi qanunla vurub bir dəfəlik kökünü kəsmək mümkün deyil”.

Y.Oğuz təhqirə, şantaja məruz qalan vətəndaşların öz haqlarını müdafiə etməsinin də çətin olduğunu deyib.

“Vətəndaş bunun üçün məhkəməyə müraciət etməlidir. Get-gəllərdən sonra, vəkil tutmalıdır, pul köçürməlidir. Və günlərin gedir. Polis isə qısa müddətdə təhqirə, şantaja yol verəni tapa bilir. Amma bu o demək deyil ki, ona cəza verə bilər. Ən azı bir -neçə gün saxlayandan sonra buraxır. Yəni təhqir olunan insanın öz hüquqlarını müdafiə etməsi ilə bağlı acızliyi ortaya çıxır.  Hələ şantajın, təhqirin bizim xaricdə oturan bloggerlərə ötürülməsini demirəm. Bu mənada hesab edirəm ki, bu məsələni ictimai qınaqla, ictimai fəallıqla sosial şəbəkələrdə, tik-tokda həmin adamların üzərinə yeriməklə həll etmək  lazımdır. Inzibati qaydalar da tətbiq olunmalıdır. Buna da ciddi hazırlaşmaq lazımdır. Çünki getdikcə reketçilik güclənir”.

Y.Oğuz deyib ki, peşəkar jurnalistlər reketləri görürlər. Amma fərdi qaydada onlara təsir etmək gücləri, imkanları yoxdur.  “Belə reketlərə qarşı ictimaiyyət hamılıqla birləşməlidir”.

Oxunma sayı 138
Media rubrikasından digər xəbərlər