Biz “Dağlıq Qarabağ”, Artsax” sözü olan müzakirələrdə  iştirak etməyəcəyik – Millət vəkili

15:11 24.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Prezident  İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini və ölkənin əsas strateji xəttini və hədəfləri dünya ictimaiyyəti qarşısında bəyan edib. Sessiyada Prezident dünyaya Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin mövcud olmadığını bəyan edib.

Bu barədə hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev Prezidentin “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”  ifadəsinin arxasında dünyaya böyük bir mesaj olduğunu deyib.

Deputat bildirib ki, sessiyada prezidentin dilindən Azərbaycanla bağlı mövcud reallıqlar deyilib.

“Azərbaycanın qanunvericiliyində nəzərdə tutulan mövcud məsələlərə istinad edilməsi rica edilib. Azərbaycan prezidentinin sərəncam, fərmanı ilə  artıq Qarabağ iqtisadi zonası var.  Azərbaycan BMT-nin tam hüquqlu üzvüdür,  bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna görə də Azərbaycanın qanunvericiliyinə uyğun olaraq ifadələr seçməlidir”. 

R.Nurullayev deyib ki, ermənilər müxtəlif lobbilərin, mediaların vasitəsi ilə yenidən “Dağlıq Qarabağ münaqişəsi”, “Artsax” sözünü işlədirlər. Bəzən BMT-nin özü, bir çox ölkələr, media qurumları ermənilərin təsirinə düşərək bu adlardan istifadə edirlər. Deputat hesab edir ki, zamanla bu problem həll olunacaq. 

“Böyük tədbirlərdə Azərbaycan nümayəndələri Qarabağ İqtisadi zonası, Şərqi Zəngəzur deyəcəklər. Bu yavaş-yavaş yaddaşlara, Azərbaycanın təqdim etdiyi sənədlərə də hopacaq. İctimaiyyət bu ada öyrəşəcək. Təbii ki, bu cür tribunalardan bu fikirlər səslənməlidir ki, ölkələr də bilsin.  Orda dünya ölkələrinin hamısı iştirak edirdi. Amma orda olan ölkələrin bəlkə də yarıdan çoxunun bu barədə məlumatı yoxdur.  Çünki onların Azərbaycanla bağlı maraqlı nüansları yoxdur”.

Deputat bildirib ki, Prezidentin bunu BMT tribunasından xatırlatması Azərbaycan üçün çox böyük bir addımdır.  Türkiyə prezidenti Tayyib Ərdoğan Qarabağ münaqişəsi bizim Azərbaycan BMT-nin qətnamələrini özü yerinə yetirib deməsi də,  həqiqətin çatdırılması baxımından çox böyük effekt verdi.

R.Nurullayev bildirib ki, Şərqi Zəngəzur, Qarabağ İqtisadi Zonası deyilməklə beynəlxalq təşkilatlara, dünyaya bu mesajı verdi ki, Azərbaycan heç bir halda ərazilərinin bölünməsinə razılıq verməyəcək. 

“Azərbaycan heç bir beynəlxalq qurum çərçivəsində  “Dağlıq Qarabağ” termini olan hər hansı bir sənəd olarsa həmin masada oturmayacaq. Bu o deməkdir ki, Azərbaycan “Dağlıq Qarabağ” sözü, Artsax” sözü olan toplantıda iştirak edib, bunu müzakirə etməyəcəyik.  Bu mesajları verir. Bu dünya üçün maraqlı, Azərbaycan üçün faydalı bir mesajdır ona görə ki, Azərbaycanın qəbul etməyəcəyi heç bir məsələdə təzyiq göstərməsinlər”.

Oxunma sayı 415
Siyasət rubrikasından digər xəbərlər