“Biz Yeni Özbəkistanın İnkişafı Strategiyasını hazırlamışıq” – Prezident Şövkət Mirzioyev

19:15 06.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra, Türk dünyasında baş verən hər bir önəmli hadisə, nədənsə, bizi daha ciddi maraqlandırmağa başlayıb. Məsələn, bu günlərdə Özbəkistan prezidenti Şövkət Mirzioyevin “Kazaxstanskaya Pravda”ya geniş müsahibə verib. Bir çox məqamlardan söz açılıb, Qazaxıstanın Mərkəzi asiyanın timsalında türk dünyasında rolundan, region ölkələri arasında əməkdaşlıqdan və sair söz açıb.

Cənab Mirzioyev bildirib ki, Prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkəsini müasirləşdirməyi, onun tərəqqisi üçün əlverişli şərait yaratmağı qarşısına vəzifə qoyub. Hətta bu məqsədlə 2017–2021-ci illərdə beş prioritet istiqamət üzrə Fəaliyyət Strategiyasını həyata keçiriblər. Bunlar dövlət və cəmiyyət quruculuğu sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sisteminin daha da islahatı, iqtisadiyyatın inkişaf etdirilməsi və liberallaşdırılması, iqtisadiyyatın inkişafı sosial sahə, təhlükəsizliyin, millətlərarası harmoniyanın və dini tolerantlığın təmin edilməsi, o cümlədən balanslaşdırılmış, qarşılıqlı faydalı və konstruktiv xarici siyasətin həyata keçirilməsidir.

“İndiyədək davam edən genişmiqyaslı və sistemli demokratik islahatlar geridönməz xarakter alıb. Bu gün biz bu kursun məntiqi davamı olaraq Yeni Özbəkistanın İnkişafı Strategiyasını hazırlamışıq. Burada əsas yeri milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşının qanuni mənafelərini və rifahını təmin edən xalq və humanist dövlət quruculuğu vəzifələri tutur. Biz bundan sonra fəaliyyətimizi yeni “insan – cəmiyyət – dövlət” paradiqması çərçivəsində təşkil edirik” deyən prezident əlavə edib ki, onlar milli iqtisadiyyatın inkişaf sürətini daha da artıracaqlar, özəl sektoru stimullaşdıraraq, onun iqtisadiyyatın strukturunda xüsusi çəkisini artıracaq, birbaşa xarici investisiyaları cəlb etməklə adambaşına düşən ümumi daxili məhsulun daimi artımını təmin edəcəklər. Nəticədə, 2030-cu ildə Özbəkistan adambaşına düşən gəlirləri orta səviyyədən yuxarı olan dövlətlərin siyahısına daxil ola bilər.

Ş.Mirzioyev bildirib ki, bütün bu məqsədlərə ən yaxın qonşular olan Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqə olmadan çatmaq mümkün deyil. “Qazaxıstan ciddi siyasi, maliyyə, iqtisadi, demoqrafik potensiala malik olmaqla bu sırada çox mühüm yer tutur, eyni zamanda Mərkəzi Asiya dövlətlərinin və xalqlarının yaxınlaşmasında maraqlıdır. Xüsusilə də, bu tarixi proseslərdə zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin xidmətləri çox böyükdür. Həmkarım - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə söhbətlərdə həmişə təkcə xalqımın deyil, bütövlükdə regionumuzun rifahı naminə fəal və konstruktiv işləmək arzusunu hiss edirəm”, - deyib dövlət başçısı.

Prezident Mirzioyev qeyd edib ki, Qazaxıstan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinin keçirilməsini ilk dəfə dəstəkləyib, 21-ci əsrdə Mərkəzi Asiyanın davamlı inkişafı naminə mehriban qonşuluq və əməkdaşlıq haqqında beştərəfli Müqavilənin imzalanması təşəbbüsünü irəli sürüb və bu yöndə təşəbbüslərin icrasına öz töhfəsini verib. O əlavə edib edib ki, regionun gələcəyi, regional təhlükəsizliyin dərinləşdirilməsi perspektivləri də Özbəkistan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsinə bağlıdır. Çünki bütün Mərkəzi Asiyada inkişaf, firavanlıq və sabitlik ondan asılıdır.

“Özbəkistan və Qazaxıstanı ümumi tarix, mədəniyyət, adət-ənənələr və çoxəsrlik dostluq birləşdirən nəinki mehriban qonşular, həm də qardaş ölkələrdir. Xalqlarımızı qırılmaz mənəvi və qohumluq bağları birləşdirir, ümumi qayğılar, ümidlər, istəklər yaşayır” deyən Ş.Mirzioyev bildirib ki, məhz bu yaxınlıq nəticəsində iki ölkənın əhalisi bütün səviyyələrdə, xüsusən ticarət, biznes, elm, təhsil, mədəniyyət, idman sahələrində daha sərbəst qarşılıqlı əlaqə qurmaq imkanı qazanıblar.

“İnsanlar bizdən fəal dostluq və mehriban qonşuluq siyasətimizi davam etdirməyi, Qazaxıstan və Mərkəzi Asiyanın digər dövlətləri ilə çoxşaxəli əlaqələr qurmağımızı gözləyirlər. Bu, prezident Kasım-Jomart Tokayev və mənim üzərimizə böyük məsuliyyət qoyur. Biz yaxşı bilirik ki, əməkdaşlığın hansı aspektləri hələ tam açılmayıb, hansı planlar ilk növbədə həyata keçirilməlidir ki, bu, hər iki ölkənin və bütün regionun xalqlarının maraqlarına cavab versin və sair. Təbii ki, mən və Qazaxıstan Prezidenti ölkələrarası münasibətləri yeni və daha yüksək səviyyəyə çatdırmaq üçün əməli addımlar atmağı planlaşdırırıq”, - müsahib bildirib.

Prezident Ş.Mirzioyevin fikrincə, Özbəkistan və Qazaxıstan təbii iqtisadi tərəfdaş olaraq bir-birinin inkişafını tamamlayır. Dövlət başçısının sözlərinə görə, Özbəkistanla Qazaxıstan tələb olunan məhsulların qarşılıqlı tədarükünün çeşidini və həcmini artırmaqdadırlar. Elə bunun nəticəsidir ki, bu ilin əvvəlindən ikitərəfli ticarət dövriyyəsinin həcmi 40 faiz artıb və ilin sonunadək 4 milyard dollara çatacağı gözlənilir. Hansı ki, iki ölkə arasında ticarətin hədəf seçdiyi rəqəm 10 milyard dollardır.

Prezident hazırda Özbəkistanda Qazaxıstan kapitalının iştirakı ilə iqtisadiyyatın və sosial sferanın bütün sahələrini əhatə edən 1000-dən çox müəssisənin fəaliyyət göstərdiyini də vurğulayıb.

“Ümumiyyətlə, minillərdir xalqlarımız yan-yana yaşayıb və bizi həmişə dostluq, qarşılıqlı dəstək birləşdirib. Tarixi, sivilizasiyalı birliyimiz, dil qohumluğumuz, mənəvi dəyərlərimiz aramızda sarsılmaz sülhün və harmoniyanın, qarşılıqlı hörmətin qorunub saxlanılmasında, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasında mühüm rol oynayır. Özbəklərdə “Uzaq qohumdan yaxin qonşu yaxşıdır” (Bu məsəl Azərbaycanda da eyni cürdür – V.T.), qazaxlarda “Yaxşı qonşuluq qohumluqdan güclüdür” atalar sözü var. Bu baxımdan, Uca Yaradan özü bizə əvəzsiz bir nemət bəxş edib - yan-yana yaşamaq, qonşu, yaxşı dost və etibarlı şərik olmaq. Bu gün 620 mindən çox etnik özbək Qazaxıstan vətəndaşıdır ki, onlar burada öz ana dilində təhsil almaq, milli adət və ənənələri qorumaq imkanı əldə edirlər. Öz növbəsində Özbəkistanda etnik qazaxların sayı 800 min nəfəri ötür. Qazax dili 400-ə yaxın orta məktəbdə, Sırdərya, Cizzax, Nukus və Nəvai pedaqoji institutlarının kafedralarında tədris olunur, Özbəkistanda ən qədim qəzetlərdən biri olan “Nurlı yol” qəzeti nəşr olunur, televiziya və radio verilişləri yayımlanır”, - deyib Prezident Ş.Mirzioyev.

Cənab Mirzioyev qeyd edib ki, onların ana məqsədi ümumilikdə Mərkəzi Asiyanı sabit, açıq və dinamik inkişaf edən region, etibarlı və proqnozlaşdırıla bilən beynəlxalq tərəfdaş kimi qurmaqdır. Mərkəzi Asiyada siyasi dialoq və dövlətlərarası yaxınlaşmanın müsbət prosesləri açıq və konstruktiv xarakter daşıyır və üçüncü ölkələrin maraqlarına qarşı yönəlməyib.

Bu gün Mərkəzi Asiyanın ən böyük ümumi problemlərindən birincisi Aral dənizinin quruması faktıdır ki, dövlət başçısı bu məsələyə də toxunub. Bildirib ki, Özbəkistan dövləti olaraq yalnız dənizin qurumasından doğan ekoloji fəlakətlə razılaşmırlar, onlar qurumuş dəniz yatağını yaşıllaşdıraraq ormanlara çevirərək təbiəti canlandırır, bölgənin bu ekoloji fəlakətdən dolayısı yuxsullaşan insanlarına yeni iş yerləri yaradırlar, Qaraqalpaq Muxtar Respublikasının 2020-2023-cü illər üçün Kompleks Sosial-İqtisadi İnkişaf Proqramı həyata keçirirlər.

Yeni yaradılan Türk Dövlətləri Təşkilatından da söz açan Prezident Mirzioyev bildirib ki, onlar Özbəkistan dövləti olaraq bu təşkilata çox böyük istifadə olunmamış imkanlara və birləşdirici potensiala malik regional əməkdaşlığın effektiv mexanizmi kimi baxırlar. “Təşkilatın əhəmiyyətindən danışarkən, mən ilk növbədə hörmətli ağsaqqalımız Nursultan Nazarbayevin bu birliyin yaradılması ideyasının konseptual işlənib hazırlanmasında və praktiki həyata keçirilməsində əvəzsiz rolunu qeyd etmək istərdim. Bu struktur təkcə türk dövlətlərinin ortaq dil və din, tarixi-mədəni əlaqələri əsasında deyil, son dərəcə vacib olan, ilk növbədə, bu sahədə dialoq və əməkdaşlığın dərinləşdirilməsinə göstərilən maraq sayəsində yaradılıb və inkişaf etməkdədir. Ona görə də Özbəkistan Türk Şurasına tamhüquqlu üzv kimi qoşuldu, həmçinin bu il noyabrın 12-də İstanbulda keçirilən səkkizinci sammitdə onun Türk Dövlətləri Təşkilatına çevrilməsinə dəstək verdi. Bu gün təşkilatın qarşısında bir sıra mühüm vəzifələr durur. Fikrimizcə, bu, ilk növbədə iştirakçı dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişafı və möhkəmlənməsidir. Bununla əlaqədar biz qarşılıqlı ticarətin həcminin artırılması ilə bağlı təkliflər hazırlamaq üçün Türk Dövlətlərinin Ticarət Əməkdaşlığı üzrə Araşdırmalar Mərkəzinin yaradılması təklifini irəli sürmüşük. İştirakçı ölkələrin nəqliyyat sektorunda qarşılıqlı əlaqə proqramının qəbulu təşkilatın inteqrasiya potensialının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edəcək”, - deyib Ş.Mirzioyev.

Oxunma sayı 1039
Siyasət rubrikasından digər xəbərlər