Braziliya hökuməti Amazonda qanunsuz məskunlaşmış ailələri köçürür

09:32 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Braziliya Kəşfiyyat Təşkilatı (ABIN) dünən Amazon regionunda yerləşən Para əyalətinin Apitereva və Trinçeyra Bacaja rayonlarında məskunlaşmış gəlmələrin bu ərazilərdən çıxarılmasına başlanıldığını bildirib.

Hafta.az-ın yazdığına görə, ABIN bazar ertəsi başlayan təxliyə əməliyyatlarında federal polis, ordu və ətraf mühitin mühafizə orqanlarının iştirak etdiyini bildirib. Torpaqlardan minlərlə insanın təxliyə edildiyi deyilsə də, ümumilikdə neçə nəfərin köçürüldüyünə dair məlumat yoxdur.

Parakana xalqı Apiterevada, Aravete və Asurini yerliləri isə Trinçeyra Bacajada yaşayır.

ABIN iki rayonun 51 kəndində ümumilikdə 2500-ə yaxın yerli əhalinin yaşadığı barədə məlumat paylaşıb. Yerli qruplar sözügedən bölgələrdə ən azı 10 min qanunsuz evin olduğunu iddia edirlər.

Braziliya kəşfiyyatının açıqlamasında, təxminən 1600 ailənin qeyri-qanuni torpaqlarda məskunlaşdığı, orada heyvandarlıq və qızıl hasilatı ilə məşğul olduğu vurğulanaraq, "Yerli ərazilərdə əcnəbilərin olması burada yaşayan insanların bütövlüyünü təhdid edir" deyilib.

Hökumətin məlumatlarına görə, Braziliyanın yerli ərazilərində son 4 ildə ən böyük meşə qırılması Apiterevada baş verib. Burada məskunlaşan əcnəbilərin yeni restoran, bar və kilsələr açdığı bildirilir.

“Guardian”ın və Braziliyanın “Reporter Brasil” media şirkəti də araşdırması zamanı keçmiş prezident Jair Bolsonaronun hakimiyyəti dövründə Amazonda baş verən dağıntıları üzə çıxarıb. İyunda nəşr olunan araşdırmada 2017-2022-ci illərdə ət sənayesinin ehtiyaclarını ödəmək üçün ən azı 800 milyon ağacın kəsildiyi bildirilir.

Seçkilərdə qalib gələn və yanvarın 1-də vəzifəyə başlayan Lula da Silva Amazonları qorumaq üçün müxtəlif layihələrə start verib. Yerli əhalinin yaşadığı Yanomami bölgəsində də mədənçilik fəaliyyəti dayandırılıb.

Bundan əlavə, Braziliyanın Ali Məhkəməsi sentyabrın 21-də elan etdiyi qərarda yerli torpaqların mühafizə statusunu məhdudlaşdıran mübahisəli təklifin qanunsuz olduğunu bəyanlayıb. Sözügedən qanun layihəsi yerli xalqların torpaq hüquqlarını 1988-ci il Konstitusiyasında göstərilən bölgələrlə məhdudlaşdırmağı təklif edirdi.

Oxunma sayı 254