İqlim dəyişmələrinin artan təsiri həm temperatur göstəricilərində, həm də yağıntı rejimində müşahidə olunur.
Hafta.az xəbər verir ki, bu barədə ETSN-iin məlumatında bildirilib.
Qeyd edilib ki, son 10 ilin yay aylarında respublika ərazisində ən çox yağıntı 2024-cü ildə qeydə alınıb. Belə ki, bu ilin yayında 67 gün yağıntılı keçib və yağıntılar əsasən qısamüddətli, leysan xarakterli olaraq aylıq normanın bir neçə mislinə bərabər olub. Ölkə üzrə ən çox yağıntı Zaqatala rayonu ərazisinə düşüb və yağıntının miqdarı 470 mm təşkil edib.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib ki, bu yay ildırım-dolu atmosfer proseslərinin də intensivliyi artıb və nəticə olaraq ölkə üzrə 69 dolu hadisəsi baş verib. Bu ilin yayında dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən Şahdağda hətta 2 dəfə qar yağması qeydə alınıb:
“Bu ilin yay fəslində yağıntıların leysan xarakterli, davamlı və intensiv olması sel hadisələrinin rekord həddə çatmasına səbəb olub və ölkə üzrə 90 sel hadisəsi qeydə alınıb ki, bu da son 50 ilin ən maksimal göstəricisidir”.
Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində bu ilin iyun ayında orta temperatur 2.2 dərəcə (norma 20.7), iyul ayında 1.5 dərəcə (norma 23.9), avqust ayında isə 1.9 dərəcə (norma 23.1) normadan yüksək olub. Bu statistik analiz iqlim dəyişmələrinin göstəricisidir.
Ə.Əsgərov bildirib ki, ölkə ərazisində son 10 ildə ən isti yay 2018-ci ildə qeydə alınıb. Həmin il maksimal temperatur iyul ayının 1-də Bakıda və Abşeron yarımadasında 44.5 dərəcə, bölgələr üzrə isə iyul ayının 12-də Culfada 45 dərəcə isti müşahidə edilib.