“Düzdü, Azərbaycan səfirliyi əməkdaşının şəhid olmasıyla nəticələnən bu qanlı terror aktından sonra İran prezidenti Azərbaycan dövlət başçısına telefon açıb. Və mən istisna etmirəm ki, həmin telefon danışığında hansısa üzrxahlıq və s. məsələləri yer alıb. Amma bunların prezident səviyyəsində səslənməsi gərək bu və ya digər şəkildə İranın rəsmi mediasında da öz əksini tapmalıydı. Lakin, təəssüf ki, bunu görmürük. Bunun əvəzinə, əksər rəsmi və qeyri-rəsmi KİV-də terror aktından sonra terrorçunun müsahibəsi sanki fəxrlə nümayiş etdirilir”.
Bu fikirləri hafta.az-a açıqlamasında “Bir diplomat kimi İran dövlətinin Azərbaycan səfirliyindəki məlum terror aktına rəsmi reaksiyasını necə dəyərləndirirsiz” sualını cavablandırarkən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.
“Əvvəla, səfirliyimizə qarşı terror aktından sonra İran tərəfinin irəli sürdüyü qondarma versiyanı tamamilə alt-üst edən bir neçə arqumentdən danışmaq istərdim. Birincisi, polisin, ümumiyyətlə, təhlükəsizlik xidmətlərinin Azərbaycan səfirliyinin yerləşdiyi bölgədən tamamilə uzaqlaşması və sanki terror aktının icrası üçün zaman və şərait yaradılması qərarı hansısa yüksək rəsmi səviyyədə qəbul olunub. Birmənalı... İkincisi, terror aktının ssenarisini hazırlayanlar çox ciddi səhvə yol verib. O da ondan ibarətdir ki, terrorçu saxlanılandan dərhal sonra ona telekanal mikrofonu uzadaraq hansısa bəyanatlar verməsinə imkan yaradılıb. Doğrusu, heç bir yerdə belə bir “təcrübə”yə rast gəlməmişəm. Sual olunur: məgər İranda son aylar, demək olar ki, hər gün bir çox şəhərlərdə olan etiraz aksiyalarında, yürüşlərdə saxlanılanların hər birinə öz bəyanatlarını vermələri üçün belə şərait yaradırlar? Və burada hiss olunur ki, sözügedən terror aktının təşkilatçıları ən azı bu iki məsələdə səhv buraxaraq özlərini ifşa ediblər. Və Azərbaycan, əlbəttə, gözləyir ki, guya hadisənin şəxsi, məişət zəminində baş verməsi barədəki versiyaya real olaraq lazımi səviyyədə qiymət verilsin, günahları olanlar ifşa edilsin və məhkəmə qarşısına çıxarılsın. İstənilən digər ölkə də olsaydı, eyni tələbləri irəli sürərdi”- deyə açıqlamasının davamında sabiq baş diplomat vurğulayıb.