“Burada özümüzü öz evimizdəki kimi hiss edirik” – Behnam Məlikpur

10:17 24.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə yeni attaşesi (3-cü katib) fəaliyyətə başlayıb – Behnam Məlikpuru deyirəm. Gəncdir, dünyagörüşlüdür, yeni fikirləri, layihələri var, deyir iki ölkənin media nümayəndələri arasında körpü olmağa çalışacaq. İnşallah deyək və biz də çalışıb onunla irəlidəki illərdə daha məhsuldar və ölkələrimiz arasında münasibətlərə fayda verən əməkdaşlıq edək.

Cənab Məlikpurla ilk görüşdə xeyli söhbət elədik. Mən onu tanımağa çalışdım və istədim ki, oxucularımız da bu gənc diplomat barədə qələmə aldığım yığcam müsahibəni oxumaqla məlumatlı olsunlar.

- Təbrizdə doğulmuşam, orta təhsilimi də orda almışam. Daha sonra ali təhsilimi Fars dili və ədəbiyyatı üzrə davam etdirmişəm. Magistraturanı isə sosial-siyasət sahəsində tamamlamışam. İş fəaliyyətimə Xarici İşlər Nazirliyində başlamışam. Budur, hazırda İranın Azərbaycandakı səfirliyində vəzifəmi yerinə yetirirəm.

- Bu sizin ilk diplomatik işinizdir?

- Yox, İranda müvəqqəti diplomatik kurslar var ki, üç aylıq, altı aylıq təcrübələr keçirlər, mən də orda olmuşam. Bu təcrübələr çox zəruridir, çünki həm peşəkarlığın səviyyəsini artırır, həm də işləyəcəyimiz mühitə, ölkəyə alışqanlıq yaradır. Bu arada, mən ötən il altı ay müddətinə Bakıda olmuşam. Azərbaycandan əvvəl hər hansı xarici ölkədə işləməmişəm, amma rəsmi heyətlərin tərkibində səfərlərə getmişəm. Məsələn, Türkmənistanda, Qazaxıstanda olmuşam. Rəsmi səfər çərçivəsində iki dəfə Azərbaycana da gəlmişəm - 2018 və 2019-cu illərdə prezidentimizin tərcüməçisi olmuşam.  

- İlk diplomatik missiyaya göndərildiyiniz ölkə məhz Azərbaycandır. Təyinat xəbərini aldıqda nə hisləri keçirdiniz: təəccübləndiniz, yoxsa təəssüfləndiniz? 

- Əlbəttə, bu xəbər mənim üçün çox xoş oldu. Biz eyni mədəniyyəti bölüşürük. Azərbaycan bizə doğmadır, burada özümüzü ölkəmizdə - öz evimizdəki kimi hiss edirik – dilimiz bir, dinimiz, mədəniyyətimiz, məişətimiz, hətta adət-ənənələrimiz də birdir. Üstəlik, bilirik ki, burada yaşayanlar hamısı müsəlmadır, yeyilən-içilən nə varsa halaldır. Odur ki, hətta restorana filana gedəndə də rahat oluruq. Burada özümüz, ailələrimiz üçün əlaqə qurmaq, ünsiyyət saxlamaq çox asandır və bu bizi məmnun edir.

- Amma iş mühiti tamam fərqlidir...

- Təbii ki, işimin çox məsuliyyətli olduğunu başa düşürəm. Bilirəm ki, Azərbaycan müstəqilliyini bərpa edəndən bu yana ölkələrimiz arasında əlaqələr həmişə enişli-yoxuşlu olub və buna səbəb olan çox sayda amillər var. Bunlardan ən böyüyü odur ki, Azərbaycan müstəqil olduğu 30 il ərzində müharibə şəraitində qalıb, torpaqlarının 20 faizi işğal edilib və üç onillik dövrdə həm siyasi-diplomatik, həm də hərbi müstəvidə mübarizə aparıb. Əlbəttə, bu dövrdə İran İslam Respublikası mütəmadi şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. O cümlədən, İranın ali dini lideri də ilk gündən sonadək Qarabağı Azərbaycanın ayrılmaz hissəsi və İslam dünyasının bir parçası hesab edib.

- Əlaqələrin eniş-yoxuşlu olduğunu qeyd etdiniz, bunun səbəbi nədir?

- Bayaq da dedim, Azərbaycan bizim üçün yad ölkə deyil. Amma bir sıra xarici ölkələr var ki, rəqabət və ya düşmənçilik mövqeyində dayanaraq İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Amma həm İranın, həm də Azərbaycanın ali dövlət orqanları həmişə dostluq əlaqələrinin inkişafına çalışaraq, üçüncü tərəflərin təxribatının qarşısında böyük iradə nümayiş etdiriblər. Ölkələrimiz arasında çox sayda iqtisadi, ticarət, enerji və yol-infrastruktur müstəvisində regional və beynəlxalq əhəmiyyətli layihələr mövcuddur. Bu layihələrdən bəziləri reallaşıb, bəziləri icra müstəvisində davam etdirilir. Şimal-Cənub nəqliyyat dəhlizi ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran layihədir, Araz çayı üzərindəki hidroqovşaqlar, o cümlədən, Xudafərin Su Elektrik Stansiyası enerji təminatı müstəvisində çox əhəmiyyətlidir. Tarix boyunca Azərbaycan İran tacirləri üçün əlverişli bazar olub və bu indi də belədir. Amma təəssüf ki, bütün dünyanın başağrısına çevrilmiş koronavirus pandemiyası başlayandan sonra sərhədlərin qapadılması səbəbindən insanlarımızın qarşılıqlı gediş-gəlişləri xeyli azalıb. Amma yenə də ümid edək ki, bu qlobal bəla tezliklə sovuşub gedəcək və bütün problemlər aradan qalxacaq. Zatən ötən həftə son iki ildə koronavirusa yoluxanların sayının ən aşağı olduğu həftə kimi qeydə alınıb. Bütün hallarda çalışıb üçüncü tərəflərin təsiri altına düşməməli və ölkələrimiz arasında tarixi dostluq əlaqələrini inkişaf etdirməliyik.

- Siz Azərbaycanda yenicə fəaliyyət başlayan diplomat olaraq ölkələrmiz, o cümlədən də iki ölkənin mediasında mütəmadi şəkildə təzahür edən neqativ yanaşmaların baş verməməsi üçün nə təklif edərdiniz?

- İfadə azadlığına qarşı çıxmaq mümkün deyil. Bizim üçün vacib olan rəsmi mövqelərdir. Mən özüm İran-Azərbaycan münasibətləri ilə birbaşa əlaqəli olduğum üçün cəsarətlə deyə bilərəm ki, nə İranın, nə də Azərbaycanın rəsmi mövqeyində hər hansı mənfi hal yoxdur: hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və sair. Ayrı-ayrı şəxslərin vaxtaşırı səsləndirdiyi fikirlərə gəlincə, bu ifadə azadlığına dəlalət edir. Düşünürəm ki, iki ölkənin media qurumları ortaq komissiya yaratsınlar, hər iki tərəfdən jurnalistlər toplaşıb mənfi halları aradan qaldırmaq yollarını araşdırsınlar və əlbəttə, Xarici İşlər nazirlikləri də onlara dəstək versinlər. Məncə çox müsbət nəticə əldə olunacaq. Buna baxmayaraq, üçüncü tərəflərin təxribatçı qüvvələri və onların təsiri altına düşənlər hər zaman olduğu kimi, gələcəkdə də olacaqlar. Hesab edirəm ki, onlara fikir vermək lazım deyil.

- Son olaraq, İran səfirliyinin mətbuat katibi olaraq Azərbaycana hansı proqramlarla gəlmisiniz, media ilə iş sahəsində nə kimi fəaliyyətiniz olacaq?

- İki həftədir Bakıdayam, çoxlu suallar verirlər və soruşuram həmin jurnalistlərdən ki, bu məsələni hardan eşidiblər, hara istinad edirlər, cavab verirlər ki, sosial şəbəkələrə. Əgər sosial mənbə medianın resursu olacaqsa, hər hansı xoş günlərin yaxınlaşdığını vəd etmək olmaz. Mən şəxsən fəaliyyətim ərzində çalışacağam ki, rəsmi mövqelərdən yararlanaraq suallara cavab verim. Qeyri-rəsmi, sosial şəbəkələrdəki söyləntilərlə bağlı şərh vermək lazım deyil. Azərbaycandan İrana gedib gələnlər və ya əksinə, İrandan Azərbaycana gəlib qayıdanlar hər şeyi öz gözləri ilə gördükləri üçün sosial şəbəkələrdə deyilənlərə, istənilən təxribatçı söz-söhbətlərə qulaq asmırlar. Bu səbəbdən də gediş-gəlişi artırmaq ən yaxşı çıxış yoludur və buna çalışmalıyıq. Mən də mətbuat katibi olaraq çalışacağam ki, iki ölkənin mətbuat nümayəndələrindən ibarət komissiya yaradılsın, media nümayəndələrinin səfərlərini təşkil etmək, bir sıra digər layihələri həyata keçirmək niyyətim var...

Oxunma sayı 2662