Çeçenistanın paytaxtı Qroznıda Avropanın ən hündür göydələnlərindən biri olacaq “Axmat Tower” layihəsi yenidən gündəmə gəlib. Qafqaz İnvestisiya Forumunda göydələnin tikintisi ilə bağlı Rusiyanın Birbaşa İnvestisiya Fondu (RDIF), Çeçenistan hökuməti və bəzi yerli tərəfdaşlar arasında yeni saziş imzalanıb.
Hafta.az-ın yazdığına görə, layihənin dəyəri əvvəlcə 500 milyon dollar qiymətləndirilirdi, lakin hazırda 1 milyard dolları keçib (təxminən 160 milyard rubl). Birinci mərhələ üçün 2,5 milyard rubl vəsait ayrılıb və layihənin cari planlara uyğun olaraq yenilənməsi nəzərdə tutulub.
102 mərtəbəli, 435 metr hündürlüyündə olan “Axmat Tower” mərtəbələrinin sayına görə Moskvadakı “Federasiya Qülləsi”ni və Sankt-Peterburqdakı “Qazprom” mərkəzi “Lahta Center”i üstələyəcək. Dizaynı ənənəvi-tarixi çeçen gözətçi qüllələrindən ilhamlanan bina ofisləri, otel otaqları, idman zalları, spa, restoranlar və yaşayış sahələri ilə “şəhər daxilində şəhər” olacaq. Bununla belə, layihənin Çeçenistanın yüksək seysmik riski səbəbindən çətinliklərlə üzləşə biləcəyi də bildirilir. Xəbərə görə, layihənin maliyyələşdirilməsi əvvəllər bildirildiyi kimi özəl investorlar tərəfindən deyil, əsasən federal büdcə hesabına həyata keçirilir. Çeçenistan büdcəsinin 82 faizi federal hökumətin yardımına əsaslansa da, tikinti üçün RDIF, Çeçenistan hökuməti, BPS Bank və “Ahmat Tower” şirkəti tərəfindən imzalanmış müqavilənin maliyyə detalları hələ dəqiqləşdirilməyib. Qroznıda göydələnin tikintisi üçün zəmin işləri 2016-cı ildə başlayıb, lakin 2021-ci ildə dayandırılıb. Yeni planlar tikintinin yenidən başlamasını nəzərdə tutur.