Çin və Özbəkistan birgə arxeoloji mərkəz yaradıblar

10:15 19.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Şansi Arxeologiya İnstitutu, Şansi Muzeyi və Fərqanə Dövlət Universiteti (Özbəkistan) bu yaxınlarda Özbəkistanda birgə arxeoloji mərkəz yaradıblar.

Hafta.az-ın yazdığına görə, Fərqanə Universitetində Fərqanə-Şansi Arxeoloji Mərkəzinin, eləcə də Mədəniyyət Abidələrinin Qorunması və Bərpası Laboratoriyasının açılışı olub. Şansi Əyalət Mədəni İrsin Mühafizəsi İdarəsinin saytında verilən məlumata görə, eyni zamanda sözügedən universitetdə “Yu Honq dövrü (533-592)” multimedia sərgisi də açılıb.

Fərqanə Dövlət Universitetinin rektoru Bahodircon Şermuxəmmədov Mərkəzi Asiya ilə Çin arasında əlaqələrin qədim tarixi olduğunu qeyd edib. O, Çinlə əməkdaşlığın universitetdə arxeoloji tədqiqatların inkişafına təkan verəcəyinə əminliyini bildirib.

İki tərəfin qarşılıqlı əlaqəsi Böyük İpək Yolunun müasir əhəmiyyətini əyani şəkildə nümayiş etdirir. O əlavə edib ki, Fərqanə Dövlət Universiteti Özbəkistan-Çin mədəni mübadiləsi və əməkdaşlığına nümunə kimi xidmət etməyə çalışır.

Yada salaq ki, 1999-cu ildə Şansi əyalətinin inzibati mərkəzi olan Tayyuan şəhərində qədim türbə aşkar edilib. Epitafiyə görə, burada Orta Asiyadan olan, Çin soyadını və Yu Honq adını daşıyan bir insan dəfn edilib.

Bu, arxeoloqlar dairəsində sensasiyalı hadisələrdən birinə çevrildi. Yu Honqun məzarı həmin il Çində tapılan ən yaxşı 10 arxeoloji kəşf arasında yer alıb. Qazıntılar zamanı üzə çıxarılan ağ mərmər sarkofaq və digər incə mədəniyyət qalıqları ABŞ, Yaponiya, Koreya və Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi də daxil olmaqla dünyanın bir çox ölkə və bölgələrində nümayiş etdirilib.