“Dəvət etsələr, canla-başla Qarabağa getməyə hazıram” – Mustafa Kamal Bəyazbayram

13:15 07.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çoxlarının qısaca KKTC kimi tanıdığı Şimali Kipr Türk Respublikasının ölkəmizdəki təmsilçiliyinə yeni rəhbər təyin olunub – Mustafa Kamal Bəyazbayram. Azərbaycanı yetərincə tanıyır. Axı 2002-2007-ci illərdə ölkəmizdə diplomatik fəaliyyətdə olub. Çox savadlı və məlumatlı adamdır.

Mustafa bəylə uzun-uzadı söhbət elədik, ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun hər şeydən söz açdıq. İlk başda özünü oxuculara tanıdan müsahibimiz hətta fürsət düşən kimi Qarabağa, Şuşaya səfər edəcəyini dilə gətirdi.

- Bu il avqustun 1-dən etibarən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Nümayəndəliyinə rəhbər təyin olunmuşam. Əslində isə 1999-cu ildə KKTC Xarici İşlər nazirliyində 3-cü katib olaraq fəaliyyətə başlamışam və o vaxtdan günümüzədək fərqli vəzifələrdə çalışmışam. Fərqli illərdə Türkiyədə, Pakistanda, İngiltərədə və sair konsul, Baş konsul, 3-cü katib və məsələn, vaxtilə Azərbaycanda 2-ci katib olaraq diplomatiya sahəsində ölkəmə xidmət eləmişəm. Ailəliyəm, iki övladım var...

- Necə oldu ki, Bakıya təmsilçi təyin olundunuz, Azərbaycana göndəriləcəyinizi öncədən bilirdiniz?

- KKTC Xarici İşlər Nazirliyi hər altı aydan bir xaricdə fəaliyyət göstərən təmsilçiliklərdə çalışan, fəaliyyət müddəti dolmuş və ya vaxtının başa çatmasına rəğmən vaxtını bir qədər də uzadılmasını istəyənlərin tələb siyahısı tutulur. Nazirliyin mərkəzi ofisində çalışan və xaricdə fəaliyyət göstərmək arzusu olan diplomatlarımız işləmək istədikləri üç ölkənin, təbii ki, ən çox arzuladığı ölkənmin adını birinci yazmaqla, qeyd etməlidir. 2017-ci ildə Antalyaya qurucu Baş konsul olaraq təyinat almışdım və orada 4 il Baş konsul vəzifəsində fəaliyyət göstərmişəm. Yeri gəlmişkən, KKTC XİN-in qaydalarına görə isə bir diplomat ölkə xaricində maksimum 4+1 il qala bilər. Mən də 4 illik vaxtım başa çatdıqda övladlarımın təhsil məsələsi və digər problemləri nəzərə alaraq daha bir il çalışmağa qərar verdim. Əlbəttə, siyahıda birinci ölkə olaraq Azərbaycanın adını qeyd elədim. Bu da təbidir. Çünki mən burada daha əvvəllər çalışmışam, üstəlik xanımım azərbaycanlıdır, bura mənim də ikinci vətənim sayılır. Nazirlik də seçimimi uyğun gördü və əlavə bir illik fəaliyyət tələbimə əsasən məhz Azərbaycana göndərildim.   

- Yeri gəlmişkən, burada nə qədər qalacaqsınız?

- Dediyim kimi, diplomatiya haqqında qanunlara əsasən xaricdə ardıcıl olaraq 5 ildən artıq qalmaq mümkünsüzdür. Yəni bir illiyinə buradayam, sonra ölkəmə qayıdıb nazirlikdə çalışacağam. İnşallah, gələcəkdə mümkün olarsa başqa bir iş sahəsində Bakıya yenə gələrəm.

- Daha əvvəllər də burada çalışmısınız və bu səbəbdən də Azərbaycanı yaxşı tanıdığınıza əminəm. Haralarda olmusunuz Azərbaycanda, bəxtinizdən işğal altındakı torpaqlarımız da azad edilib, səfər etdinizmi Şuşaya, Ağdama və digər bölgələrə, yaxud da yaxın vaxtlarda belə bir niyyətiniz varmı?

- Əlbəttə, ilk fürsətdə azad edilmiş torpaqlara səfər edəcəm. Mən ilk dəfə Bakıda çalışdığım dönəmdə tədbirlərdə “...Türkün bayrağını Qarabağda asacağıq” kimi mahnıları dinləyərdik. Mən 2003-2007-ci illərdə Bakıda olarkən Qarabağı dillərdən eşidirdimsə, indiki ikinci fəaliyyət dövrümdə bu torpaqlar artıq azaddır və bu məni çox sevindirir, necə ki sizləri də çox qürurlandırır. İnşallah, ən qısa vaxtda azad edilmiş torpaqlarda iqtisadi-sosial quruculuq işləri başa çatar, o torpaqlar da Bakı kimi gözəlləşər, inkişaf edər. Əvvəlki fəaliyyətim dövründə Azərbaycanın çox yerlərini gəzib görmüşəm. Quba, Qusar, Şəki, Nabran, Bərdə, Şamaxı və sair kimi bölgələrdə olmuşam. Qismət olarsa, Qarabağı da ziyarət edərəm. Əlbəttə, bildiyim qədər, hazırda azad edilmiş ərazilərə giriş məhdudiyyəti var, ora ancaq dövlət tərəfindən təşkil edilmiş xüsusi səfərlər çərçivəsində getmək mümkündür. Nə vaxt dəvət etsələr, canla-başla getməyə hazıram.

- Hər bir təmsilçinin getdiyi ölkədə həyata keçirmək istədiyi planlar olur. Bir illik gəlsəniz də, hansı planlarınız olacaq, burada çalışdığınız sürədə nələrin reallaşdırılmasını istərdiniz?

- Əlbəttə ki, bu qısa vaxtda ölkələrimiz və qardaş xalqlarımız arasında bütün sahələrdə - mədəni, təhsil, iqtisadi-ticarət və sair əlaqələrin genişləndirilməsinə, iki ölkənin parlament təmsilçiləri arasında münasibətlərin rəsmi səviyyədə qurulmasının təmin edilməsinə, xüsusilə də, əvvəllər mövcud olmuş Azərbaycan - KKTC Parlamentlərarası dostluq qrupunun fəaliyyətinin yenidən aktivləşməsinə nail olmaq istərdim. Mən Bakıya gəlmədən öncə Azərbaycan parlamentinin nümayəndə heyəti KKTC-də səfərdə olmuşdu. İnşallah fəaliyyətim dövründə Kıprıs millət vəkillərindən ibarət heyət də Azərbaycana gələr. Bilirsiniz ki, KKTC siyasi mənada tanınmasa da, İslam Əməkdaşlıq Təşkilatında və İqtisadi Əməkdaşlıq Təşkilatında və sair müşahidəçi statusunda təmsil olunur. Amma çox arzu edərdik ki, ölkəmiz Türk Şurasında da müşahidəçi sifətilə təmsil edilsin. Əlbəttə, bu Azərbaycan və ya Türkiyənin təkbaşına verəcəyi qərar deyil, Şuraya üzv digər türk dövlətlərinin də razılığı lazımdır. Bizim mövqeyimiz, nə istədiyimizi bu gün Qazaxıstan da bilir, Qırğızıstan da, Azərbaycan da. Biz hər zaman yunanlara dostluq əli uzatdıq, sülh yaratmaq istədik...

- Yunanlarla sülh danışıqlarında vəziyyət necədir?

- Yunanlar öz mövqelərində qalırlar. Sonuncu Cenevrə görüşündə də BMT-nin baş katibi dedi ki, ortaq razılığa gəlinmədi və biz də geri qayıtdıq. Bildirildi ki, danışıqlar yenidən olacaq, amma o gün-bu gün, heç nə yoxdur. Bizim mövqeyimiz aydındır: adada iki bərabərhüquqlu, azad dövlət tanınmalı və yan-yana yaşamalıdır.

- Amma əvvəl KKTC olaraq müstəqil dövlət olma tələbi qoymurdu türklər...

- Əvvəllər biz deyirdik ki, iki bərabərhüquqlu toplum olaraq federasiyada birləşək. Yunan Kipri buna da razı olmadı. Hətta 2004-ci ildə Annan Planı icra edildi, kıprıslı türklərin 65 faiz “hə” dedi, yunanların isə 76 faizi qarşı çıxdı. Bu da onu göstərdi ki, yunanlar heç nəyi türklərlə bölüşmək istəmirlər. Belə bir deyim var: zorla evlilik olmaz. Kosovo da bir zamanlar müstəqil deyildi, amma gördülər ki, serblərlə birgə yaşaya bilmirlər, müstəqilliklərini elan etdilər və hazırda dünyanın böyük qismi tərəfindən tanınıb.    

- Bir diplomat olaraq söyləyin: bu gün KKTC ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi sahələrdə hansı çatışmazlıqlar var və onları aradan qaldırmaq üçün nələr edə bilərik?

- İlk növbədə iqtisadi-ticarət sahəsənin adamları qarşılıqlı olaraq bir-birilərini tanımalıdırlar. Bu gün koronavirus təhlükəsi var, amma internet üzərindən də görüşüb, müzakirə apara, razılaşma imzalaya bilərlər. KKTC-də istehsal olunmuş məhsulların Azərbaycana və ya Azərbaycan malının Kıprısa ixracı, turizm sektoruna qoyula biləcək sərmayələr danışılmalıdır. Kənd təsərrüfatında mühüm nailiyyətlər əldə edən, eləcə də tikinti sahəsində yaxşı təcrübələri olan Azərbaycanın bu uğurları bizimlə paylaşmasını istərdik. Təhsil sahəsinə gəldikdə, KKTC-də mövcud olan 21 universitetin əksəriyyəti Avropa İttifaqı Universitetlər Birliyinin və Dünya Universitetlər Birliyinin üzvüdür. Yəni diplomlarımız dünyanın hər yerində tanınır. KKTC universitetlərində təhsil alan hər bir tələbə istədiyi zaman təhsilini, məsələn, London universitetlərində davam etdirə bilər. Maqosadakı Doğu Akdeniz Universiteti dünyanın ən yaxşı 600 universiteti arasındadır. Təsəvvür edin: dünyanın 65 fərqli ölkəsindən gəlmiş müəllimlərin dərs dediyi KKTC universitetlərində 142 ölkədən də təxminən 105 min tələbə təhsil alır. Bu da sayına görə ölkə əhalisinin dörddə birinə bərabərdir. Düzdür, pandemiya müddətində rəqəmlər bir az dəyişə bilər, amma yenə də dünyada KKTC universitetlərinə maraq böyükdür. Eynilə Azərbaycanda da yaxşı universitetlər mövcuddur, xüsusilə də incəsənət sahəsində. Burada konservatoriya, filarmoniya, musiqi akademiyası və sair var. Bu sahədə əlaqələr güclənməlidir. Müəllimlərin mübadiləsi həyata keçirilməlidir universitetlər tərəfindən. Tələbələr də, məsələn, 3 və ya 4-cü kursda KKTC universitetlərində təhsillərini davam etdirməklə, xüsusilə xarici dil öyrənmə şansı qazanmalıdırlar.

- KKTC-də dünyanın ən keyfiyyətli kartofu, portağalı yetişir, dünyada məşhur olan Hellim pendiri istehsal olunur. Necə edək ki, Azərbaycan bu məhsulları elə sizdən alsın, pulumuz yadların cibinə girməsin, həm də keyfiyyətli qida alaq?

- Ticarətdə qardaşlıq yox, iqtisadi şərtlər özünü göstərir. Burada bəzi amillər var: 1. Məsafə. Bu qiymətin yüksəlməsinə səbəb olur. 2. Nəqliyyat-daşıma. Yəni məhsulun vaxtında bazara çıxmaması onun xarab olması ilə nəticələnə bilər. 3. Ölkələr arasında mövcud olan tariflər, gömrük rüsumu. Təbii ki, iş adamları bir işə başlayanda ilk olaraq nə qədər qazanacaqlarını hesablayarlar. KKTC istehsal etdiyi Hellim pendirini dünyaya satır, Körfəz ölkələrinin bazarlarını təmin edirik. Lazımdır ki, iki ölkənin iş adamları arasında sözügedən pendirin Azərbaycan bazarına da çıxarılması üçün razılıq əldə olunsun. Əks təqdirdə hansısa kıprıslı iş adamı gəlib Bakıda dükan açıb, pendir satmayacaq – bu mümkün olmayan işdir. Bunlar mütləq iş adamları arasında qarşılıqlı mənfəətə söykənən əməkdaşlıq yoluyla edilə bilər. Dövlət bunu məcburi edə bilməz, əgər mənfəətlərə dayanan ticarət əlaqələri yaradılmasa, bir gün bu əlaqələr mütləq pozulmağa məhkumdur. Amma biz dövlət olaraq iki ölkə arasında ticarətin və əməkdaşlığın inkişafı üçün iş adamlarımızın önünü açacaq mümkün olan addımları atmağa hazırıq.   

 

- Son 15 ildir KKTC reallıqları mətbuatımızda çox az yazılır. Səbəb odur ki, əsl yaradıcı müxbirlər KKTC-yə dəvət edilmirlər. Bu səbəbdən də mətbuatımızda canlı reportajlar, müsahibələr görünmür uzun illərdir...

- İndi pandemiyadır, inşallah koronavirus, Qarabağ problemi pis xatirələrə çevriləcək, bundan sonra hər şey öz axarına düşəcək. 

- 44 günlük Vətən müharibəsi zamanı KKTC xalqı bizimlə həmrəylik nümayiş etdirdi və buna görə Kıprıs Türk xalqına minnətdarıq. Müharibədən sonrakı az qala 1 illik müddətdə Azərbaycanın Kıprısı tanıyacağına dair şayiələr yayıldı. Hətta Milli Məclisin yüksək heyəti Ərdoğanın səfərindən az öncə Lefkoşada səfərdə oldu və bu, bizdə tanınma məsələsini bir az da əminləşdirdi. Amma olmadı. Necə bilirsiniz, Azərbaycan KKTC-ni tanıya bilərmi?

- Müjdə xəbərini yaymaqla sadə xalq kütləsində necə deyərlər, insanları xoşbəxt edən gözlənti yaratdılar. Tanıma var de-fakto, tanıma da var de-yure. De-yure tanıma odur ki, dövlət rəsmi səviyyədə qərar qəbul edir, defakto tanıma isə odur ki, iqtisadi-ticarət əlaqələri yüksək səviyyədə inkişaf edir, gediş-gəliş başlayır və sair. Tarixən belə olub: SSRİ yarananda öncə İngiltərə onu tanımırdı. Eynilə də Çin Xalq Respublikası elan edildikdə ABŞ onu tanımaq istəmirdi. Necə ki, bu gün Əfqanıstanda “Taliban”ı tanımırlar, amma o tərəfdə görüşüb müzakirə edirlər. Bunlar həmişə olub və sonda mütləq bir nəticə verib. Bu gün bizim üçün vacib olan bir-birimizə qucaq açıb yuxarıda qeyd etdiyim bütün əlaqələri qurmaqdır. Bu gün bir azərbaycanlı iş adamı gedib KKTC-də otel tikirsə, yaxud hansısa bir kıprıslı türk iş adamı gəlib burada nəsə bir biznes qurursa, bax bunlar həmin “Müjdə” sözünün altında yatan icraat olacaq. Sabah nə olacağını indidən kimsə deyə bilməz. Yetər ki, əlaqələrimizi quraq, əməkdaşlığımızı edək.

- Ümumiyyətlə, Azərbaycan tanıya bilər KKTCnın müstəqilliyini? Tanıyarsa adekvat nə kimi cavab verə bilər qarşı tərəf?  

- Bu barədə dəqiq nəsə demək çətindir. Çünki bu gün dünya ölkələri siyasi, iqtisadi – bütün sahələrdə o qədər bir-birinə inteqrasiya edib ki, belə demək mümkündürsə, bir-birinə möhtac vəziyyətdədir. Baxın, elə kiçik dövlət ola bilər ki, sizin marağınız olan yerdə sözü keçər, yaxud da elə böyük və güclü dövlət var ki, onun sizə heç bir təsiri olmaz. Diplomatiyada belə bir qayda var: əmin addımlarla yavaşca irəliləmək. Çünki kimsə bilməz ki, qarşıda başına nə gələcək. Yunanıstanla Kipr Respublikasına gəldikdə, bu iki dövlət tarixlərində ən pis vəziyyətdədirlər, həm siyasi, həm də iqtisadi sahada çox zəifləyiblər. Yunanıstanda iqtisadi böhran yaşanır, Cənubi Kiprdə isə işlədikləri siyasi oyunlar aşkara çıxandan sonra dünya qarşısında etibarlarını itiriblər. Buna baxmayaraq, bu ölkələrdən Türkiyənin və Azərbaycanın maraqlarına qarşı istifadə edə bilərlər. Necə ki, İsrail Türkiyə ilə arası soyuyan zaman məhz Cənubi Kipr və Yunanıstan kartından istifadə eləməyə başladı.

- 44 günlük Vətən müharibəsi zamanı KKTC xalqı, xüsusilə də prezident Ersin Tatar Azərbaycana çox ciddi mənəvi dəstək verdi. Bu gün Azərbaycanda hansı evə getsəniz bu dəstək barədə ürək dolu sözlər eşidərsiniz...

- Prezident Tatar olduqca millətçi, xalqsevər şəxsiyyətdir. O, Azərbaycanın problemlərini özününkü bilən, türk dünyasında baş verən hər şeyə maraqla yanaşan, Türkiyəyə sürəkli səfərlər edən, xalqın – kütlənin içində gəzən liderdir. Amma münasibətlər qarşılıqlı olmalıdır. Əlbəttə, deyə bilərik ki, şəraitə uyğun olaraq Türkiyənin imkanları fərqlidir, Azərbaycanınkı başqa cür fərqlidir, KKTC-ninki də həmçinin. Əsas odur ki, istək olsun, qarşılıqlı münasibətlər ən üst səviyyədə və “bir millət, üç dövlət” əhval-ruhiyyəsi içində həyata keçirilsin.

Oxunma sayı 5052