Milyonlarla il əvvəl nəsli kəsilmiş dinozavrların yenidən ortaya çıxması həyəcanverici, lakin qorxulu fikirdir. Bəzi elm adamları bunun mümkün olduğunu desələr də, bəziləri bu ehtimalı aradan qaldırmaq lazım olduğunu söyləyirlər.
Hafta.az-ın “Live Science”yə istinadən yazdığına görə, Edinburq Universitetindən paleontoloq Dr. Stiven Brusatte bunun mümkün görünmədiyini bildirir və təkamülün proqnozlaşdırıla bilməyəcəyini deyir. "Təbii seçmə qabaqcadan plan qura bilməz, bu, orqanizmlərin ani çağırışlara uyğunlaşa bilməsi üçün elə anda baş verir" deyir alim.
Fosil qeydləri üzərində aparılan araşdırmaların bir növün nəsli kəsildikdə onun qalıcı olduğunu göstərdiyinə diqqət çəkərək, "Bir növ və ya qrup nəsli kəsildikdə, heç vaxt geri qayıtmır," - deyir Brusatte. "Trilobitləri götürün. Baxmayaraq ki, indiki iqlimlər okeanlarda trilobitlərin təkamül etdiyi zamanki iqlimə çox bənzəyir, trilobitlər geri qayıtmayıb", - o əlavə edib.
Londondakı Təbiət Tarixi Muzeyində onurğalıların fosilləri üzərində işləyən paleontoloq Dr. Susay Maydment isə Stiven Spilberqin məşhur “Yura Dövrünün Parkı” filmindəki kimi nəsli kəsilmiş dinozavrların yenidən yaradılması ehtimalını istisna edir.
Tədqiqatçılar dinozavr qalıqlarında qan damarları və kollagen tapsalar da, bu komponentlərdə dinozavrların DNT-si yoxdur. Fosil qeydlərindəki ən qədim DNT-nin təxminən 1 milyon il yaşı var və dinozavrların nəsli təxminən 66 milyon il əvvəl yox olub. Dr. Maydment izah edir: "Dinozavrların dövründən kəhrəbada qorunan ağcaqanadlar və dişləyən milçəklər var. Ancaq kəhrəba əşyaları mühafizə edərkən yumşaq toxumaları deyil, qabığı qorumağa meyllidir. Beləliklə, ağcaqanadların içindəki qan kəhrəbada saxlanmır”.
DNT-nin əhəmiyyətini vurğulayan paleontoloq, "50 milyon illik ağcaqanad qanına bənzəyən bir şeyimiz var, ancaq DNT tapa bilmədik və bir şeyi yenidən yaratmaq üçün DNT-yə ehtiyacımız var" deyir.
Digər tərəfdən Northampton Universitetindən genetik Dr. Camal Nasir dinozavrların geri qayıtmasının mümkün olduğunu deyir. Dr. Brusatte kimi təkamülün planlaşdırıla bilməyəcəyini vurğulayan Dr. Naser "Təkamül əsasən stoxastikdir və o mütləq irəli getmək məcburiyyətində deyil, bir neçə istiqamətdə gedə bilər" deyib.
"Mən iddia edərdim ki, dinozavrların qayıdışı daha çox əks istiqamətdə baş verir, çünki bünövrə blokları artıq oradadır” o, əlavə edib.
Genetik bunun baş verməsi üçün uyğun şəraitin təmin edilməsi lazım olduğunu bildirir. Dr. Brusatte də düşünür ki, bu halda dinozavrlar deyil, onlara bənzər canlılar yenidən ortaya çıxa bilər.
"Eyni iqlim və ətraf mühit faktorları ilə qarşılaşdıqda, müxtəlif növlər ətraf mühitə uyğunlaşmaq üçün çox vaxt oxşar xüsusiyyətlər inkişaf etdirirlər" deyib paleontoloq və əlavə edib: "Məsələn, dinozavrlar (quşlar) və məməlilər (yarasalar) bir-biirndən müstəqil olaraq uçmaq üçün qanadlar inkişaf etdirdilər".
Alimlər dinozavrların əslində nəsli kəsilmədiyini və quşların dinozavrların nəslindən olduğunu da vurğulayırlar. "Quşlar dinozavrlardır və onlar hələ də inkişaf edir" deyən Dr. Maydment əlavə edir: “Beləliklə, biz mütləq yeni quş növlərinin inkişaf etdiyini görəcəyik və bunlar dinozavrların yeni növləri olacaq”.