Dollar bahalaşarsa infilyasiya idarəolunmaz SƏVİYYƏYƏ ÇATA BİLƏR  - XƏBƏRDARLIQ

10:53 18.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son günlər yerli banklar tərəfindən dolların alış qiymətinin artırılması manatın devalvasiya edəcəyi məsələsini yenidən gündəmə gətirib. Proqnozlara görə, dünyada baş verən proseslər fonunda manatın məzənnəsini inzibati yolla uzun müddətə qoruyub saxlamaq mümkün olmayacaq. Çünki bu proses valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə “əritdiyindən” hökümət gec-tez “üzən məzənnəyə” keçid edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində manatın məzənnəsilə bağlı məsələlərə aydınlıq gətirib. Prezident deyib ki, hökumət bir neçə il bundan əvvəl çox ağır addımın atılmasına məcbur olub:

“Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik".

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə 2021-ci ilin sonları ilə bağlı brifinqdə jurnalistlərin suallarını cavablandırarkən isə bunları bildirmişdi: “Biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil”.

Bəs görəsən, hazırda manata təzyiqlər hansı səviyyədədir? Milli valyutanın hansı halda devalvasiyaya uğramaq təhlükəsi var? Manat inzibati yolla tənzimlənməsə onun real qiyməti hansı həddə ola bilər? Hazırda manatın real qiyməti necədir?

Məsələni hafta.az-a şərh edən sabiq millət vəkili, iqtisad elmlər doktoru Əli Əlirzayev bildirib ki, manatın məzənnəsini inzibati yolla tənzimləmək hökümətə heç də ucuz başa gəlmir:

“Əlbəttə manata nisbətdə dollar bahalaşarsa bu bütün sahələrə təsir göstərəcək. Onsuz da bu gün infilyasiya sürətli həddə gedir. Əgər dollar bahalaşarsa, bu proses idarəolunmaz səviyyəyə çata bilər. Mən deyə bilmərəm ki, tənzimləmə siyasət nə vaxta kimi davam edəcək. Təbii ki, bu prosesin uzun müddət davam etməsi də müəyyən çətinliklər yaradacaq. Amma ümumilikdə bu siyasət düzgün siyasətdir. Bəziləri bu addıma etiraz etsə də, deməliyəm ki, manatın sərbəst buraxılması bütün təbəqələrə ciddi təsir edə biləcəyindən bu variantın seçilməsi daha məqsədəuyğundur.

Manatın sabit saxlanılması daxili imkanlar hesabına həyata keçirilir. Biz bu neft gəlirləri ilə valyuta ehtiyatımızı artırırıq. Hələ ki, dünya bazarında Azərbaycan nefti büdcədə nəzərdə tutulduğu qiymətdən yüksək satılır. Bizim xoşbəxtliyimiz ondadır ki, biz dollar gətirən məhsul istehsal edirik”.

Ekspert vurğulayıb ki, hansı ölkədə dollarla mübadilə prosesi çoxdursa, həmin ölkənin vəziyyəti ağırlaşır: “Əgər ölkə daxilində milli valyuta ilə alış-veriş aparılırsa, o ölkənin imkanları çoxalır. Biz də manatın nüfuzunu artırmaq üçün manatla istehsal olunan, manatla bazara çıxarılan məhsullar, həm də əmək haqqı elə olmalıdır ki, alıcılıq qabiliyyətini irəliyə aparsın. Yəni, xarici amillərdən asılı olmasın.

Bunun üçün də bütün məhsullara olan tələbatımızı ödəməliyik. Əgər  tələbatımızın 40-50 faizi xarici ölkədən gəlirsə, bu artıq dollardan asılılıqdır. Ona görə də biz manatın nüfuzunu qaldırmaq üçün istehsalımızı artırmalıyıq, manatı kəsib dövriyyəyə buraxmaqla iş bitmir. Məsələn, bu gün əmək haqqını artırırıq, amma manatın dəyərini artırmırıq. Düzdür, bizdə siyəsət sosialyönümlüdür və hökümət çalışır ki, aztəminatlı ailələr, həssas qruplar bu proseslərdə, eləcə də infilyasiyadan daha az təsir görsünlər.

Amma elə məhsullar var ki, onların qiymət artımı nüvə rolunu oynayır və şaxələnərək bütün sahələrə təsir edir. Tutaq ki, su, qaz, işıq. Bunların üzərində ciddi nəzarət olmalıdır. Son vaxtlar kommunal xərclər də əhəmiyyətli dərəcədə artıb. Razıyam ki, bəzi məhsullarla qiymət özü də idxal olunur. Əgər dünyada qiymət artırsa, məcbursan sən də qiyməti artırasan. Amma onu kompensasiya etmək üçün başqa imkanlardan istifadə etmək lazımdır”.

Mövzu ilə bağlı hafta.az -la fikirlərini bölüşən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişyev deyib ki, son dövlər FED-in apardığı siyasət dünyada dollarla bağlı yeni məsələlərin ortaya çıxması ilə nəticələnib:

“Bununla yanaşı olaraq Azərbaycanda manatın məzənnəsi “üzən məzənnə” olmadığına görə, bu gün manatın real məzənnəsi bəlli deyil. Bilirik ki, məzənnənin iki cür formalaşması yolu var. Birincisi, “təsbit olunan”, ikincisi “üzən məzənnə”dir. Bu gün Azərbaycanda məzənnə “təsbit olunan” məzənnədir. Dövlət bunu öz ehtiyatları hesabına qoruyub və hazırkı məzənnədə qalmasına çalışır. Milli valyutaya təzyiqlər müxtəlif dövrlərdə həm artır, həm də azalır. Təbii ki, son dövrlər biz təzyiqlərin artdığını müşahidə edirik. Amma məsələ bundan ibarətdir ki, Azərbaycan höküməti məzənnəni sabit saxlamağı strategiya olaraq qarşıya məqsəd kimi qoyub. Çünki məzənnənin dəyişməsi ciddi problemlərin ortaya çıxması deməkdir.

Bu gün manata azdan-çoxdan inam formalaşıb, bu inam zərbə altında qala bilər. Bank sektorunda mövcud olan stabilləşməyə təzyiq yarana bilər. Digər tərəfdən, Qarabağ bölgəsində abadlıq quruculuq işləri aparılır. Bu prosesə investisiya cəlb etməyə çalışdığımız, xüsusən də qeyri-neft sektorunun inkişafına cəhd göstərdiyimiz bir vaxtda devalvasiyaya getmək sadaladığım məsələləri təzyiq altında qoyur.

Ona görə risklərin qarşısını almaq üçün hökümət yenə də manata təzyiqlər olduğu halda, strateji ehtiyatlardan istifadə etmək hesabına prosesi nəzarətdə saxlayır. O vaxt devalvasiyaya gedilə bilər ki, artıq strateji ehtiyatlar və digər başqa yollarla manatı sabit saxlamaq mümkün olmasın. Hazırda yaxın dövr üzrə manat üçün belə bir risk yoxdur.

Amma onu da qeyd etməliyəm ki, bu gün dünyada risklər o qədər dəyişkəndir ki, artıq üzunmüddətli proqnozlar vermək mümkün deyil. Məsələn, əvvəl yaxın dövr olaraq 1-2 il nəzərdə tutulurdusa, indi 2-3 ay yaxın dövr hesab olunur. Çünki risklər çoxalıb və 2-3 aydan sonra nə baş verəcəyini proqnozlaşdırmaq olmur. Tutaq ki, 2-3 ay sonra dünyada elə bir proses baş verə bilər ki, prosesləri idarə etmək çətin olar. Misal üçün, yaxın regionda münaqişə baş verə bilər. Bilirsiniz, Ukrayna bölgəsində də vəziyyət yaxşı deyil. O fonda da nəsə baş verə bilər. Ona görə prosesin uzunmüddətli proqnozlaşdırılması çətin məsələdir. Lakin ümumilikdə yaxın dövr üçün manatın devalvasiyası gözlənilmir”.

Manatın bugünkü real qiymətinə də toxunan ekspert bildirib ki, bununla bağlı konkret fikir ortaya qoymaq qeyri-mümkündür: “Bu barədə müxtəlif fikirlər var. Məsələn, manatın dollara nisbəti 2 manat, ya da 2 manat 50 qəpik olacaq  və s. Amma bu barədə konkret rəqəm söyləmək çətindir. İqtisadiyyat reallıq istəyir və bəzi hallarda kimlərsə bu barədə rəqəm deyir, lakin burada sual doğuran bir məsələ var ki, Azərbaycan “üzən məzənnəyə” gedəcəkmi? Və ya bu addım atılacağı təqdirdə, müəyyən həddən sonra “əyləc” düyməsi basıla da bilər. Azərbaycanda situasiya belədir ki, nəyəsə gediləcəyi təqdirdə, əvvəlcədən təsbit olunur. Məsələn, biz 2016-cı ildə “üzən məzənnəyə” keçmişdik. Həmin dövrdə dollar 1 manat 95 qəpiyə çatanda hökümət dərhal “əyləcə” basdı və dollar 1,70 səviyyəsinə salındı. Ona görə də situasiyaya Azərbaycan üçün fərqli yöndən yanaşsaq daha yaxşı olar”. 

Oxunma sayı 467