İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Hafta.az xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov iclasın gündəliyinə bir məsələnin - ölkə Prezidenti tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini deyib.
A.Əmiraslanov müzakirəyə çıxarılan qanun layihəsinin və hesabatın qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və formada Milli Məclisə daxil olduğunu, bununla bağlı Hesablama Palatası tərəfindən müvafiq rəyin hazırlandığını qeyd edib. O, ölkə Prezidentinin təşəbbüsü ilə ötən ildən dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı institusional xarakterli, eyni zamanda, rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılmasını əhatə edən, həm də səmərəli icra və nəzarət mexanizmlərinin yaradılmasını nəzərdə tutan mühüm islahatlara başlanıldığını vurğulayıb. Komitə sədri dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların parlament müstəvisində də büdcə hesabatlılığının təkmilləşdirilməsinə töhfə verəcəyini söyləyib.
Sonra maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini və 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatı təqdim edib. O, Prezidentin rəhbərliyi ilə 2025-ci ildə həyata keçirilən büdcə siyasətinin əsas istiqamətləri olaraq iqtisadi artımın davam etməsinin, makroiqtisadi sabitliyin, fiskal intizamın qorunmasının, büdcə qaydasına əməl edilməsinin, eyni zamanda, əhalinin rifahının, sosial tədbirlərin tam maliyyələşdirilməsinin, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsinin müəyyən edildiyini diqqətə çatdırıb. Nazir iqtisadi artım baxımından xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafının, rəqəmsal texnologiyaların, innovativ tədbirlərin genişləndirilməsinin, real sektorun inkişafının sürətləndirilməsinin prioritet olduğunu bildirib.
Büdcənin icrasının əsas məqamlarından söhbət açan nazir bildirib ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edir, 2029-cu ilə hədəf bu rəqəmi 100 faizə çatdırmaqdır. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7 faizə çatıb.
S.Babayev öz çıxışında 2025-ci ildə maliyyə sahəsində həyata keçirilən islahatlar barədə, o cümlədən dövlət maliyyəsinin səmərəli idarə edilməsi ilə bağlı tədbirlər, Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin təşkili, dövlət xəzinədarlığının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrinin gəlir və xərc smetalarının təhlili və dividend siyasətinin müəyyən edilməsi, Dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılması, müxtəlif büdcə xərclərinə dair normativlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə də məlumat verib.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata dair palatanın rəyini təqdim edib.
Palata sədri ötən ilin dövlət büdcəsinin icrasına dair rəy hazırlanarkən istinad edilən göstəriciləri diqqətə çatdırıb. Qeyd edib ki, ÜDM-in proqnoz və fakt göstəriciləri demək olar ki, üst-üstə düşür. O, qanun layihəsinin və hesabatın ümumilikdə mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Ötən ilin dövlət büdcəsinin icrasının büdcə parametrlərinə, ölkənin strateji sənədlərinə uyğunluğu barədə ali audit orqanının mövqeyini diqqətə çatdıran Vüqar Gülməmmədov gəlir və xərc göstəricilərindəki məqamlardan bəhs edib.
Hesablama Palatasının sədri 2025-ci ildə büdcə vəsaitlərinin uçotunun və xərclərin təyinatı üzrə izlənilməsinin təkmilləşdirilməsi istiqamətində qanunvericilikdə mühüm dəyişikliklərin aparıldığını qeyd edib. Eyni zamanda, dəyişikliklərin tətbiqi mexanizmlərinin və uçot sisteminin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyinə toxunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri sənədlə bağlı aparılan müzakirələrdə çıxış edərək rəy və təkliflərini bildiriblər.
Maliyyə naziri və Hesablama Palatasının sədri müzakirələrin sonunda qaldırılan məsələlərə aydınlıq gətiriblər.
İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.