Döyüş yolum Ballıqayadan başladı… - Xüsusi müxbir 

13:16 06.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Həmin ərazidən uzaqlaşandan bir müddət sonra isə ora intensiv artilleriya atəşinə məruz qaldı

Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər bu ölkənin 30 illik işğal yarasına məlhəm oldu.  Müharibəyə bir çox jurnalist həmkarlarım kimi Aqşin Kərimov da qatıldı. Amma jurnalist kimi yox, bir əsgər, döyüşçü kimi… “Həftə içi”nə müsahibə verən Oxu.az-ın müxbiri Aqşin Kərimov öz döyüş yolundan və bu yolda qarşılaşdığı maraqlı məqamlardan söz açacaq.

- Vətən uğrunda gedən müharibəyə əsgər kimi qatılan həmkarımız olaraq, yolun haradan başladı, haralardan keçdin? Təəssüratların hansılardır?

- 31 yaşında müharibəyə əsgər kimi qatılarkən qələbə ilə, alnıaçıq, üzüağ evimə sağ-salamat qayıdacağıma içimdə bir əminlik var idi. Orduda qaydalar mülki həyatdakından fərqlidir. Müharibədə isə hərbi qaydalara daha sərt yenilənmələr əlavə olunur və məsuliyyət dərəcəsi dəfələrlə artır. Müharibəyə fiziki cəhətdən özümü tam hazır hiss edirdim. Psixoloji sədləri də Vətən müharibəsi başlayana qədər keçmə ərəfəsində idim, qismət elə oldu ki, psixoloji hazırlığım müharibədə tamamlandı. İstər-istəməz qulağın mərmi, partlayış səslərinə alışır və artıq sənin həyəcanını soyuqqanlı şəkildə biruzə verirsən.

Döyüş yolum Murov istiqamətində, Ballıqayadan başladı, daha sonra bölmələrimiz Murovdağ silsiləsindəki postlarda, Talış və Suqovuşan istiqamətində xidmət keçdilər.

İlk təhlükəli anlardan birini oktyabrın əvvəllərində hiss etdim, başımızın üstündən erməni qüvvələrinə məxsus dron keçdi, səsini eşidən kimi qaçıb özümü dərəyə tulladım. Həmin an biz olduğumuz yer vurula bilərdi. Bildiyimiz kimi, dronlar həm də kəşfiyyat aparmaq məqsədi daşıyır, ermənilərdə zərbə dronları olmasa belə, həmin anda çəkdiklərini ötürər və həmin koordinat artilleriya zərbələri altında qala bilərdi. Ona görə də arxayınlıq lazım deyildi, özümüzü hərəmiz nisbətən təhlükəsiz yerlərə səpələdik. Biz həmin ərazidən uzaqlaşandan bir müddət sonra isə ora intensiv artilleriya atəşinə məruz qaldı. Ertəsi gün isə dörd bir tərəfdən artilleriya atəşi bizi haqladı- istər toplar, istərsə də minomyotlarla yerləşdiyimiz mövqeni hədəfə aldılar. Sığınacaqlar, istinad divarları çox köməyimizə gəldi, bununla belə yerdəyişmə vacib idi deyə, meşəlik ərazilərə getdik. Ora da atəş altında idi, buna görə də ayıq-sayıqlığımızı itirmirdik.

Mən həmlə taborunda idim deyə, meşədə qalarkən belə bizi hücuma hazırlaşdırmaq üçün ağır təlimlər keçirdilər.

- Torpaqları düşməndən azad etmək üçün vuruşmaq necə bir duyğudur? Səncə, Vətənin müharibəsini udmaq üçün hansı hiss daha güclüdür, hansı cəbhədə olmağın sənə güvən, mənəvi rahatlıq verdi? Jurnalist, yoxsa əsgər?

- 30 illik həsrətə son qoymaq üçün müqəddəs missiya bizim üzərimizə düşdü, bu təsəvvürəgəlməz qədər müqəddəs duyğulardır. Müharibə vaxtı əsgər kimi hansı cəbhədə olursan-ol, səndə güvən, əzm, iradə olmalıdır. Mənəvi rahatlığımız isə o idi ki, hər gün torpaqlarımızın işğaldan azad olunmasına dair yeni-yeni xəbərlər alırdıq, bu, bizi daha da möhkəm edirdi. Eyni zamanda əsgərlər arasında da yüksək əhval-ruhiyyə var idi, bu da bizə əlavə stimul verirdi.

- Bir jurnalistin döyüş bölgəsindəki hazırlığını necə qiymətləndirirsən?

- Mənim jurnalist kimi döyüşlərdə iştirak təcrübəm var. Tovuz döyüşlərində jurnalist olaraq ön cəbhədə idim. Açığı, bəzi jurnalistlərin hazırlığı yaxşı deyildi, harada, necə çəkiliş edəcəklərini bilmirlər, bəziləri isə müharibədə belə söz və ifadə azadlığından dəm vururlar. Müharibə şəraitində jurnalistikanın da qaydaları dəyişir. Bəzən jurnalistlərin dilindən belə bir ifadə işlənir  - guya biz çəkməsək, yayımlamasaq, erməni bilmir ki, harada hansı mövqeyimiz var? Təbii ki, bilir, amma müharibə zamanı dislokasiya yeri tez-tez dəyişir, ordu daha əlverişli mövqe tuta bilər və bunu düşmən bilməz. Sən hər şeyi paylaşsan, o zaman düşmən kəşfiyyatı da görüntülər əsasında yeni yanaşmalar tətbiq edəcək. Bu, çox uzun mövzudur və əminəm ki, ümumiyyətlə, məsələdən xəbərsiz olanlar yeri gəldi-gəlmədi ittihamlar səsləndirirlər.

- Mətbuatın hərbi jurnalistika sahəsində ixtisaslaşmasına, hərbi təlimlərə qatılmasına nə dərəcədə ehtiyac var?

- Hərbi jurnalistikanın inkişafı vacibdir. Bunun üçün hərbi təlimlərdə də iştirak lazımdır, ən azından, artilleriya ilə iriçaplı silahların fərqini ayırd etmək, atəşdən qorunmağın üsullarını öyrənmək üçün.

- Müharibədə sosial medianın, sosal şəbəkələrin rolunu necə dəyərləndirirsən?

- Müharibədə qələbəni təmin edən amillərdən biri də informasiya platformasıdır. Vətən müharibəsində informasiyalara çıxış azaldılmışdı, amma nəticədə daha dolğun və kəmiyyətdən keyfiyyətə keçidi təmin edən məlumatlar, yanaşmalar dövriyyədə idi.

Müharibə başlayana qədər istər cəmiyyət, istərsə də rəsmi qurumlar əvvəlki illərin neqativ təcrübələrini təhlil etmişdi, olarları, olmazları müəyyənləşdirmişdi.

Təbii ki, özünə xal qazanmaq üçün yalan danışanlar, “sizə şad xəbərim var, amma deyə bilmirəm” deyənlərin də olması normaldır, ancaq məncə artıq belələrinə etibar yox idi.

Sosial şəbəkələr informasiya müharibəsində ona görə vacibdir ki, bura geniş auditiroyanın toplandığı virtual məkandır. İnformasiya müharibəsində sosial şəbəkələrin Azərbaycan seqmenti çox fəal oldu.

- Müharibədən sonra hansı rayonlarımızda oldun, nələri gördün, hansı düşüncələrə daldın və nələri arzu etdin?

- Şuşa və Kəlbəcərdən başqa hamısında olmuşam. Səfər zamanı ikiqat sevinc hissi keçirirdim. Ona görə ki, həm o torpaqların işğaldan azad olunması üçün hərbi xidmət keçmişəm, həm də vətəndaş kimi sevinirdim. Arzularıma gəlincə, həmin ərazilərdə elə sürətlə infrastruktur qurulsun ki, digər bölgələri kölgədə qoysun. Məcburi köçkünlərin qayıdışı ağrısız-acısız keçsin, əlavə probelmlər ortaya çıxmasın.

- Müharibədə ilk mərhələdə 3000-dən çox əsgər özünü vətənə fəda etməklə, millətin ruhunu diriltdi. Amma müharibə bitmədi. Bir jurnaist, bir vətəndaş olaraq bu prosesdə nədən narahat olmalı, nə etməliyik Qarşımızda hansı tələb var?

- Gəlin, məsələyə bir az fərqli prizmadan yanaşaq. Çətin relyefdə olan Kəlbəcər və Laçın döyüşsüz boşaldılır. Ermənistanın güclü müdafiə və istehkam yaratdığı Ağdam da 10 Noyabr bəyanatına əsasən boşaldılır. İndi təsəvvür edək ki, həmin ərazilərdə döyüş gedir – itkiləri, riskləri hesablamaq lazımdır. Halbuki Azərbaycan hərb meydanındakı istər taktiki, istərsə də psixoloji üstünlüyü ələ alaraq həmin ərazilərin itkisiz geri qaytarılmasına nail oldu. Rusiya sülhməramlıların nəzarət etdiyi ərazilərə gəlincə, Azərbaycan bu ərazilərin də müəyyən dövr – ən geci 5 il müddətinə boşaldılması üçün erməni qoşunlarına vaxt verdi. Bir sözlə, Xankəndi, Xocavəndin mərkəzi, Xocalının bir çox ərazisinin geri qaytarılması diplomatik mərhələyə saxlanılıb və Azərbaycan hər gün masada istər iqtisadi gücü, istərsə də siyasi diktəsi ilə öz əlini gücləndirir. Azərbaycan üçtərəfli bəyanata imza atarkən, sözsüz ki, bütün riskləri nəzərə alıb və proseslərin gedişatı da onu göstərir.

 

Oxunma sayı 200