Dünyada 30-dan çox Moskva var

11:00 23.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada çox sayda Moskva adlı yaşayış yerinin olduğu bəllidir. Bunu nəzərə alan Rusiya saytları son illər rusların dincəlmək üçün üz tutduğu Türkiyədə də Moskva adlı məkanın olub-olmamasını araşdırıblar.

Hafta.az-ın yazdığına görə, məlum olub ki, Türkiyədə Moskva var. Bu Əskişəhrin Moskof kəndidir ki, 19-cu əsrdə tatar mühacirlər tərəfindən qurulub.

Bütün dünyada Moskva adlı 30-a yaxın şəhər və kənd var. Nə qədər təəccüblü səslənsə də, onların 20-dən çoxu ABŞ-dadır. Rusiyada Moskvanın sayı paytaxt istisna olmaqla 3-dür. Eyni adlı bu yaşayış məntəqələri Tver, Pskov və Kirov quberniyalarındadır.

“Russia Beyond”un tərtibinə görə səyahətçilərin qarşılaşa biləcəyi 7 Moskvanı təqdim edirik:

1. Bir Moskva Belçikanın Gent şəhəri ətrafındadır. Napoleon müharibələri zamanı bölgəyə qalan rus ordusunun xatirəsinə qəsəbəyə Moskva adı verilib.

2. Avropanın ən qədim Moskvası 1418-ci ildə Polşada əsası qoyulmuş Moskvadır. Varşavadan 130 kilometr aralıda yerləşən qəsəbənin əhalisi cəmi 110 nəfərdir.

3. Hindistan kommunizmin dünyada ən çox tərəfdar tapdığı ölkələrdən biridir. Sovet İttifaqından ilhamlanan hindli kommunistlər yaşayış məntəqəsini Moskva adlandırdılar. Kənddə yaşayan hindlilərin bəzilərinin adları Lenin, Qaqarin, Xruşşov, Brejnev və Puşkindir.

4. Şotlandiyada da Moskva var. İlkin adı Moss-holl və ya Moss-haw olan qəsəbənin adı Napoleon müharibələrinin xatirəsinə yenidən dəyişdirilib. Şəhər Krım müharibəsindən sonra rus qaçqınları da qəbul edib.

5. Aydaho ştatının 24 min əhalisi olan Moskva şəhəri ABŞ-ın 20 Moskva-sı arasında ən sıx məskunlaşan şəhərdir. Şəhərin niyə bu adı daşıdığı aydın deyil. Yəqin ki, heç kim buna təəccüblənməyib və araşdırmayıb.

6. Pensilvaniyadakı Moskva şəhərinin 1850-ci illərdə Rusiyadan mühacirət etmiş lüteran keşişi tərəfindən qurulduğu təxmin edilir.

7. Tennessi ştatının Moskva şəhəri isə Amerika vətəndaş müharibəsinə ev sahibliyi edən yerlərdən biridir. İndi şəhərdə Moskva döyüşünün xatirəsinə abidə-kompleks var.