Dünyadakı müharibə muzeyləri - Araşdırma

14:00 21.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının sədri Edmon Marukyan AŞ PA-da çıxışında, Bakıda açılmış “Hərbi Qənimətlər Parkı”nın əleyhinə ifadələr işlədib, bu parkın açılışını humanizmə zidd hesab edib. Maraqlıdır ki, AŞ PA-nın ermənipərəst avropalı üzvləri də parkla bağlı eşitdiklərindən məyus olublar. Əlbəttə, Azərbaycan nümayəndə heyəti ermənilərin və havadarlarının cavabını yerindəcə verib. Bildirilib ki, “Hərbi Qənimətlər Parkı” və ya ümumiyyətlə, bu cür muzeylər dünyada ilk deyil, Azərbaycan torpaqlarının uzun illər ərzində işğalına, minlərlə insanın şəhid olmasına səbəb verən düşməni gələcək nəsillər də yaxından tanımalıdır.

Əslində, doğrudan da, müharibələrdə qalib çıxmış tərəflərin sonradan bu cür muzeylər yaratması ilk deyil. Məsələn, II Dünya Müharibəsindən sonra bu dəhşətli fəlakətə həsr olunmuş muzeylər Avropanın əksər ölkələrində yaradıldı. Rusiyada, Ukraynada, Belarusda, Polşada, Danimarkada, Macarıstanda, Çexiyada, Baltikyanı ölkələrdə və sair bu muzeylər indi də turistlərin ən çox baş çəkdiyi məkanlardan sayılır. Nəzərə alaq ki, bu gün Avropa ölkələri bir vaxtlar Hitler faşizminin idealogiyasının qurbanına çevrilməsinə baxmayaraq, müasir Almaniya ilə vahid bayraq altında ittifaqda birləşiblər. Amma həmin muzeylər yenə də qalır və hətta alman turistlər o muzeylərə gedir. Buna görə nə Almaniya inciyir, nə də ev sahibi ölkələr muzeydən imtina etmək barədə düşünür.

Bildiyimiz kimi, qardaş Türkiyədə də yüz il əvvəlki qanlı Çanaqqala döyüşlərini xatırlatan eyniadlı muzey mövcuddur. Vaxtilə müharibənin tərəfi olmuş hansı ölkə indiyədək etiraz edib ki, həmin muzey humanizmə ziddir və sair? Müharibənin vurduğu ziyanları yeni nəsillərə xatırladan muzeyin olması humanizmə ziddirsə, bəs o muzeyin yaradılmasını zəruri edən, müharibələri başlayan ölkələrin tökdüyü qan, xaraba qoyduqları şəhər və kəndlər hansı humanizmə sığır? Göründüyü kimi, erməni millət vəkilinin Azərbaycanın əleyhinə başlatdığı antitəbliğatın heç bir əsası yoxdur.

İndi də gəlin dünyada müharibələri əks etdirən bir neçə muzey barədə söz açaq:

İmperiya Müharibə Muzeyi (London, Böyük Britaniya):

Tarixən dünyanın böyük bir hissəsini öz müstəmləkəsinə çevirmiş İngiltərənin paytaxtında da 5 mart 1917-ci ildən üzübəri müharibələri əks etdirən muzey fəaliyyət göstərir. İmperiya Müharibə Muzeyi (İmperial War Museums) adlanan bu cəlbedici məkanın Londonda beş fərqli yerdə şöbələri mövcuddur. Bu muzeydə I Dünya Müharibəsi və II Dünya Müharibəsi, eləcə də, İngilis Millətlər Cəmiyyəti dövrü sərgilənir. Əlbəttə, alman faşizminə qarşı savaşda ingilislər də itki verib, amma sual yaranır: İngilis Millətlər Cəmiyyəti dövrünün müharibələrində İngiltərə öz torpaqlarınımı müdafiə eləyib, əlbəttə ki, yox. Əksinə, İngiltərə yüz illərlə dünyanın hər yerində - Hindistandan Avstraliyaya, Tailanddan Yeni Zelandiyaya, Afrikadan Şimali Amerikayadək torpaqları işğal edib, yerli xalqların milyonlarla nümayəndəsini qətlə yetirib. Amma yuxarıda qeyd etdiyimiz kimi, Londonun beş yerində fəaliyyət göstərən bu muzey ingilislərin müharibələrdə qazandığı uğurları turistlərə və yeni nəsillərə aşılayır.

London muzeyində bir maraqlı məqam da, Böyük Britaniya ilə Argentina arasında Malvin və ya ingilislərin öz diliylə desək, Folklend adası uğrunda müharibənin nəticələrinin sərgilənməsidir. Düzdür, Malvin adası ingilislərin müstəmləkəsidir. Amma Argentina sahillərində yerləşən (daha doğrusu sahildən 500 kilometr aralıda – V.T.) bu ada əslində 10 min kilometr uzaqda yerləşən İngiltərədən daha çox, elə Argentinanın halal haqqıdır. Nəticə nə oldu, Britaniya Argentina üzərində müharibəni uddu və orada ələ keçirdiyi qənimətləri Londonda nümayişə çıxardı. Qəribədir ki, o vaxtlar Avropa İttifaqının üzvü olan İngiltərəyə buna görə güldən ağır söz deyib, irad tutan olmadı.    

Yadıma düşmüşkən, ən pisi odur ki, bu muzeyin həyətində çox böyük gəmi topları nümayiş olunur. Həmin toplardan ötən əsrin əvvəllərində qardaş Türkiyəyə qarşı, tarixi Çanaqqala döyüşlərində istifadə edilib, amma əlbəttə ki, məğlub olub.

Çangi muzeyi (Sinqapur):

Bir vaxtlar Yaponiya İmperiyası tərəfindən işğal edilmiş və böyük zərbələr almış Sinqapur da düşmənini unutmaq fikrində deyil. Baxmayaraq ki, hazırda Sinqapur Yaponiya ilə sıx iqtisadi-siyasi əlaqələrə malikdir. Dünyanın hər yerindən Sinqapura gələnlər müəyyən pul müqabilində bilet alaraq Çangi muzeyinə (Changi Museum) ona görə girirlər ki, orada II Dünya Müharibəsi zamanı yaponların bu ölkədə hansı vəhşilikləri törətdiklərini öz gözləri ilə görsünlər və yeni nəsillər də müasir dünyanın bu böyük iqtisadi gücünün keçmişindən xəbərdar olsunlar.

Çangi muzeyində yapon işğalının canlandırılmasında qəbahət heç nə yoxdur. Amma oradakı eksponatlar elə qurulub, ab-hava elə formada yaradılıb ki, içəri ayaq basan hər kəsdə yapon xalqına qarşı böyük nifrət oyanır.

Amma bütün bunlara rəğmən Yaponiya Sinqapurdan nə həmin muzeyə hansısa formada əl gəzdirməsini tələb edir, nə də ABŞ-ın sabiq demokrat prezidenti Bill Klinton kimi, özünə qarşı münasibəti daha xoş məcraya yönəltmək məqsədilə pul təklif edir. Çünki Yaponiya keçmişindən utanır və nə vaxtsa müharibəyə cəlb etdiyi xalqların qarşısında boynu tükdən incədir. Əlbəttə, nə ermənilər, nə də hamiləri yaponlar qədər alicənab ola bilməzlər…

Blavand Bunker Muzeyi (Varde, Danimarka):

Müharibənin vurduğu ziyanlardan bəhs edən bir muzey də Avropanın ortasında yerləşən Danimarkadadır. Ölkənin cənubunda – dəniz sahilində yerləşən Varde şəhərindəki Blavand Bunker Muzeyində II Dünya Müharibəsinin ölkəyə vurduğu ziyanlar əks olunub. Almaniyanın qonşusu, bir bayraq altında yaşayan, xeyri-şəri bir olan Danimarka, vaxtilə alman işğalçılara qarşı yaradılan yeraltı sığınacaqda bu muzeyi təsis etməklə, alman və ya qeyrisi, kimliyindən asılı olmayaraq düşmənə qarşı həmişə hazır dayanmağın vacibliyini, vətən torpaqlarının hər zaman müdafiə edilməsinin zəruriliyini təbliğ edir və insanlarda müharibəyə nifrət aşılayır. Əlbəttə, bunu almanlar da başa düşür və normal qəbul edirlər. Bu mənada ermənilərin fitinə gedən Avropa siyasilərinin Bakıda Müharibə Qənimətləri Parkının yaradılmasına anormal yanaşması elə onların özlərinin anormallığından xəbər verir.

Müqəddəs Müdafiə Muzeyi (Tehran, İran):

Hazırda İranın paytaxtı Tehran şəhərində də 1992-ci ildə açılmış Müqəddəs Müdafiə Muzeyi fəaliyyət göstəririr. Muzey sırf 22 sentyabr 1980-ci ildən 20 avqust 1988-ci ilədək - tam 8 il davam etmiş İran-İraq müharibəsinə həsr olunub. Burada nələr var – müharibə zamanı hər iki tərəfdən istifadə edilmiş hərbi texnika – roketlər, tank-top mərmiləri, təyyarələr, helikopterlər, minalar, mumfiqur obrazlarla hərbi qərargahlar, digər silah-sursatlar, döyüşlərdə həlak olanlara məxsus əşyalar, paltarlar və sair. Hətta müharibə sırasında İraq ordusu tərəfindən işğal olunmuş, amma sonra İran silahlı qüvvələrinin azad etdiyi, Huzestan əyalərinə bağlı Xürrəmşəhirin qurtuluşunu əks etdirən panorama da yaradılıb.

Çox maraqlıdır ki, Səddam Hüseyn devrildikdən sonra, rəsmi Bağdad dünyanın ən amansız fəlakətlərindən olan 8 illik İran-İraq müharibəsinə görə məsuliyyəti boynundan atmağa səy göstərsə də, iranlılar bu muzeyi yaratmaqla, müqəddəs vətən torpaqlarına hücum edən düşmənin vurduğu ziyanları gələcək nəsillərin hafizəsində yaşatmaq istəyirlər və çox da doğru iş görürlər.

Qeyd edək ki, günümüzdə İranla İraq şiə təəssüfkeşliyinə əsasən qardaş dövlətlərdir və nə İraq dövləti Tehrandan həmin muzeyi bağlamağı xahiş edir, nə də İran özü qardaşlıq xatirinə bunu etməyi düşünür…

Müharibə Qalıqları muzeyi (Sayqon, Vyetnam):

Bu gün Vyetnama yolu düşən hər kəs ABŞ-ın bu ölkəyə yaşatdığı insanlıq faciəsini əks etdirən, Sayqon şəhərindəki Müharibə Qalıqları muzeyinə (War Remnants Museum) baş çəkir. Bura daxil olan hər kəs sənədlərlə, fotoşəkillərlə, müharibədə istifadə edilmiş hərbi texnika, silah-sursatla – bütün ölüm vasitələri ilə 70-ci illərin müharibə illərinə səyahət etmiş olur.

Bu arada qeyd edək ki, muzeyin adı 1996-cı ilədək Amerika Müharibə Cinayətləri Muzeyi olsa da, məhz 1996-cı ildə bu ölkəyə səfər edən ABŞ prezidenti Bill Klintonun Vyetnama 5 milyard dollar təmənnasız maliyyə yardımı etməsi nəticəsində ad dəyişdirilərək indiki kimi adlandırılıb.

Təbii ki, Vaşinqton sadəcə bu üç qatlı muzeyin adını 5 milyard dollar ala bilsə də, hazırda bu xatirə ocağının geniş həyətində sərgilənən, vaxtilə döyüşlər zamanı qəhrəman vyetnamlılar tərəfindən ələ keçirilmiş təyyarələr, helikopterlər, tanklar, digər zirehli maşınlar, toplar, raket qurğuları və sair yenə də insanlara qanlı keçmişi xatırlatmaqdadır.

Xatırladaq ki, 1955-1975-ci illər arasında davam etmiş Vyetnam müharibəsinə 1963-cü ildə daxil olmuş ABŞ döyüşlərdə 60 mindən çox hərbçisini itirib. Rəsmi məlumatlara görə, Birləşmiş Ştatlar müharibədə qaldığı 10 il ərzində Vyetnama 13 milyon ton bomba yağdırıb, 4 milyon mülki əhalinin, 700 minə yaxın öz vətənini yadellilərdən qoruyan vyetnamlı əsgərin ölümünə səbəb olub.

İnsan Muzeyi (Paris, Fransa):

Avropa Şurasında Azərbaycana irad səslənir, amma təəccüblüdür ki, qitənin ən böyük subyektlərindən olan Fransa dünyaya ürək dağı vermək üçün müharibə muzeyi yaradıb. Söhbət İnsan Muzeyi və ya öz adıyla “Musee de l’Homme”dən gedir.

Tarix boyunca yaşayan bütün irqlərə aid insanların yaşamı canlandırılan bu muzeydə xalqların nümayəndələri ancaq mumfiqurlarla obrazlaşdırılmayıb, hətta əsl insan sümükləri də nümayiş etdirilir. Fransızların özlərinin rəsmi məlumatına əsasən bu muzeydə müxtəlif xalqlara aid 18 mindən artıq insanın kəllə sümüyü saxlanılır ki, onlardan 500-nün kimliyi analizlər yoluyla təsbit edilib. Həmin 500 kəllə sümüyündən 36-sı Fransanın müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsi aparmış və bu yolda fransızlar tərəfindən öldürülmüş əlcəzairli vətənpərvərlərə məxsusdur.

Bu yerdə qeyd edək ki, Fransa dünyanın hər yerindəki müstəmləkələrdə qətlə yetirdiyi 100 minlərlə insandan cəmi 18 mininin kəllə sümüklərini nümayiş etdirərək, onillər ərzində külli miqdarda qazanc əldə edib. Bax, müasir dövrümüzün ən böyük yırtıcılığı budur: insanlara öldürülmüş digər insanların kəllələri göstərilir və başda özünü dünyanın ən mədəni xalqı sayan fransızlar olmaqla, mədəni təbəqənin insanları kəsilmiş başları görmək üçün bu muzeyə axın edir, bunun üçün müəyyən məbləğ də ödəyir. Amma Fransanın insanlıqdan kənar bu davranışını araşdıran əlcəzairli tarixçi Əli Fərid Bilkadi 2011-ci ildə bu muzeydə onlarla həmvətənlisinin kəllə sümüyünün nümayiş olunmasına dair sirri açdı.

Hazırda iki ölkə arasında şəhidlərin kəllə sümüklərinin vətənə iadəsi üzrə danışıqlar gedir. Düzdür, bir qism kəllə qaytarılıb, amma onlardan Parisdə hələ çox qaldığı düşünülür.

1882-ci ildə yaradılan bu muzey öncə Etnoqrafiya Muzeyi olaraq fəaliyyət göstərib, amma 1937-ci ildən adını dəyişib İnsan Muzeyi olub.

Göründüyü kimi, Bakıdakı Müharibə Qənimətləri Parkı sadəcə dünyada mövcud olan təcrübənin bir hissəsidir. Bu mənada nə ermənilərin, nə də qərbdəki hamilərinin məzlum görkəm almasının faydası olmayacaq…

Oxunma sayı 2058
Siyasət rubrikasından digər xəbərlər