Dünyaya yayılan yeni epidemiya – “MEYMUN ÇİÇƏYİ” VİRUSU (ARAŞDIRMA)

11:50 23.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasından qurtulacağımız günü gözləyərkən, indi də “Meymun çiçəyi” virusu deyilən əcaib epidemiyanın eşiyində dayanmışıq. Dünən yayılan xəbərə əsasən, İsveçrədə bir nəfərdə bu xəstəliyin aşkarlanması ilə virusun yayıldığı ölkələrin sayı 13-ə yüksəlib və hətta, dünyada ilk dəfə olaraq Belçikada karantin elan olunub.

Azərbaycanın Səhiyyə Nazirliyi deyir ki, sözügedən xəstəlik o qədər də qorxulu deyil. Çünki yoluxma sürəti olduqca aşağıdır, öldürücü təsiri isə nadirdir. Üstəlik, bu xəstəliyi 70 faiz yaxına buraxmayan vaksin də mövcuddur.

Bioloji silah fərziyyəsi

Bu arada, əvvəllər Mərkəzi və Qərbi Afrika ölkələrində, daha konkret desək, ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında qeydə alınan və son 10 ildə sürətlə yayılan “Meymun çiçəyi” virusunun hardasa 30 il öncə Rusiya alimləri tərəfindən bioloji silah olaraq yaradıldığı üzə çıxıb. Özü də bu məlumatı adi biri deyil, məhz adıçəkilən silahın hazırlanmasında mütəxəssis olaraq iştirak etmiş bioloji silahlar üzrə mütəxəssis Kolonel Kanat Alibekov açıqlayıb. Onun sözlərinə görə, "Meymun çiçəyi” virusu Rusiyanın bioloji silah laboratoriyasında 30 il əvvəl hazırlanıb və ruslar onun təsirini öyrənmək üçün 1990-cı illərin əvvəllərində Konqoda sınaqdan keçiriblər.

"Bu səbəbdən də Rusiyada çiçək xəstəliyi yerinə hansı "model" virusdan istifadə edəcəyinə dair proqram hazırlanıb. Vaxtilə çiçək xəstəliyi üçün model olaraq "siçan çiçəyi", "dovşan çiçəyi" və "meymun çiçəyi" viruslarını sınaqdan çıxarmışıq. O vaxt belə bir fikir hakim idi ki, bütün növ bioloji silahları məhz bu model viruslardan istifadə edərək hazırlamaq olar. Bir sıra müsbət nəticə qazandıqda, çiçək xəstəliyi virusu ilə eyni manipulyasiyaları etmək və müharibə agentini hazırlamaq üçün sadəcə iki həftə bəs edirdi. Rus bioloji silah cəbbəxanasında hazırda geni dəyişdirilmiş bir çiçək xəstəliyi virusu var. SSRİ dağıldıqdan sonra Rusiya Müdafiə Nazirliyi "gələcəyin bioloji silahlarını yaratmaq" üçün "Meymun çiçəyi" variantı ilə işinə davam edib.

Göründüyü kimi, Ukraynada gedən müharibədə anti-Rusiya mövqeyində dayanmış Avropa və Amerikaya qarşı bu silahın məhz Moskva tərəfindən tətbiq edilməsi inandırıcı görünür. Çünki Rusiya ilə Qərb arasında sözün əsl mənasında müharibə gedir...

Onu da vurğulayaq ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi İbrahim Soce Fallın sözlərinə əsasən, ötən il “Meymun çiçəyi” viruusna yoluxma ilə bağlı Konqoda 6 mindən çox, Nigeriyada isə təxminən 3 min hadisə aşkar edilib. Amma onun Avropanın inkişaf etmiş ölkələrinə, eləcə də Şimali Amerika ölkələrinə yayılması narahatvericidir.

Virusun xarakteri

Bir az da virus haqda danışaq. ÜST-ün məlumatında deyilir ki, bu xəstəlik elmdə Monkeypox virusu kimi tanınan infeksiya nəticəsində yayılır. Monkeypox virusu isə adətən Qərbi və Mərkəzi Afrikanın tropik ölkələrində insanlar arasında yayılmaqdadır. İnfeksiya insana bu virusun əsas daşıyıcısı sayılan dələ, meymun və siçovulla, eləcə də yataq dəsti və paltar kimi əşyalarla təmas zamanı yoluxur. Bununla belə, yoluxmuş şəxslə çox yaxın təmas zamanı da ötürülə bilər.

“Meymun çiçəyi” virusuna insana ilk yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb və o vaxtdan bu infeksiya sözügedən regionda görülməkdədir. İndiyədək Afrikadan kənarda yalnız bir neçə hadisə qeydə alınıb ki, onlar da həmin regiona səfərdən qayıdanlarda olub.

Monkeypox virusu adətən yüngül formada olur və xəstələrin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində öz-özünə sağalır. Bununla belə, xəstəlik ölümcül olub, yoluxduğu insanların 10 faizini öldürə bilər. Monkeypox virusu orqanizmin infeksiyalarla mübarizə qabiliyyətinin bəzi aspektlərini söndürür. Vücudun mübarizə apara bilmədiyi digər virus və bakteriyaların da olması səbəbindən, ən pis hallarda xəstələr bədəndə ölümcül şoka və qan zəhərlənməsinə tab gətirməli olurlar. Çox qəribədir ki, gənc xəstələrdə ölüm ehtimalı daha çoxdur.

Qeyd edək ki, “Monkeypox” nadir virusdur və çiçək xəstəliyinə səbəb verə bilər. Amma indiki “Meymun çiçəyi” adlanan xəstəliyi insanlar daha yüngül keçirir və mütəxəssislər bu halda yoluxma ehtimalının az olduğunu bildirirlər.

Əlamətləri

“Meymun çiçəyi” virusunun inkubasiya dövrü (infeksiyadan simptomların başlanmasına qədər – V.T.) adətən 6 - 13 gündür, lakin 5 - 21 gün arasında da dəyişə bilər. İnfeksiyanı iki dövrə bölmək olar: Təxminən 3-4 gün sürən 39-40 dərəcəyə yüksələn qızdırma, davamlı başağrısı, limfadenopatiya (limfa düyünlərinin şişməsi), bel ağrıları, əzələ ağrıları və şiddətli zəifliklə xarakterizə olunan invazyon dövrü 0-5 gün arasında davam edir. Lenfadenopatiya “Meymun çiçəyi” virusunun ilkin olaraq oxşar görünə bilən digər xəstəliklərlə (suçiçəyi, qızılca, çiçək xəstəliyi) xarakterik əlamətidir.

Dəri səpgiləri adətən qızdırma göründükdən 1-3 gün sonra başlayır. Kiçik qırmızı ləkələr əvvəlcə üzdə, sonra başda, sinədə, kürəkdə, qollarda və ayaqlarda görünür. Onların içi maye ilə dolur, sonra irinli kisələrə çevrilir. Bu vaxt bədəndə yenidən qızdırma alovlanır. Təxminən 12-ci gündə sızanaqlar partlayır, 16-cı gündə isə sızanaqlar qabıq qoyur, 2-ci və 3-cü həftələrdə qabıqlar tökülür, yerində çuxur qalır…

Virusdan qorunmağın yolları

Bu xəstəliyin qarşısını almaq üçün nə etmək lazımdır? “Meymun çiçəyi” virusuna yoluxmanın qarşısını almaq üçün görüləcək tədbirlər aşağıdakılardır:

- Virus daşıya bilən heyvanlarla (“Meymun çiçəyi” xəstəliyinin baş verdiyi ərazilərdə xəstə və ya ölü tapılmış heyvanlar da daxil olmaqla) təmasdan çəkinmək;

- Xəstə heyvanla təmasda olan hər hansı çirklənmiş materialla təmasdan çəkinmək;

- Yoluxmuş xəstələrlə təmasdan çəkinmək;

- Yoluxmuş heyvan və ya insanlarla təmasdan sonra ciddi şəkildə əl gigiyenasına riayət etmək. Məsələn, əlləri sabun və su ilə yuyub, spirt əsaslı əl dezinfeksiyaedici vasitələrlə silmək;

- Xəstələrlə təmasda olan zaman fərdi qoruyucu vasitələrdən (FPE) istifadə etmək.

Xəstəliyin müalicəsi varmı?

Bu xəstəliyin müalicəsi varmı? Xəstəliyin qarşısının alınmasının ən yaxşı yolu xəstənin 6 həftəlik karantində qalmasıdır. “Meymun çiçəyi”nin müalicəsi yoxdur, lakin virusun yayılmasının qarşısını almaqla epidemiyanı dayandırmaq mümkündür. Çiçək xəstəliyinə qarşı peyvəndin “Meymun çiçəyi” xəstəliyinin qarşısının alınmasında 85 faiz effektiv olduğu sübut edilib. Bu da narahatlığı xeyli azaldır.

Diaqnoz polimeraza zəncirvari reaksiya (PZR) dəqiqliyi və həssaslığı nəzərə alınmaqla üstünlük verilən laboratoriya testi əsasında qoyulur. Mümkün olduqda biopsiyadan da istifadə edilir.

Ortopoxviruslar seroloji cəhətdən çarpaz reaktiv olduqları üçün antigen və antikorların aşkarlanması üsulları “Meymun çiçəyi” üçün spesifik təsdiqi təmin etmir. Buna görə də, resurslar məhdud olduqda diaqnostika və ya keys tədqiqatı üçün seroloji və antigen aşkarlama üsulları tövsiyə edilmir.

“Meymun çiçəyi” virusu infeksiyası üçün sübut edilmiş, təhlükəsiz müalicə hələ mövcud deyil. Çiçək peyvəndi, virus əleyhinə dərmanlar və venadaxili immun qlobulin (VIG) “Meymun çiçəyi” epidemiyasına nəzarət üçün istifadə edilə bilər. Bununla belə, hazırda orijinal (birinci nəsil) çiçək xəstəliyinə qarşı peyvəndlər artıq insanlaar tətbiq edilmir. Çiçək və ya “Meymun çiçəyi” xəstəliyinin qarşısının alınması üçün yeni peyvənd 2019-cu ildə təsdiqlənib, lakin dövlət sektorunda hələ geniş istifadə olunmur.

Ekspert fikirləri

Medipol Mega Universiteti Xəstəxanasının doktoru Sevgen Tanır Başaranoğlu deyir ki, çiçək peyvəndinin “Meymun çiçəyi” virusuna qarşı 85 faiz təsiri var. “Ümumiyyətlə, çiçək xəstəliyi min illərdir yer üzündə mövcud olan virus infeksiyasıdır. Yüksək hərarət, halsızlıq, şiddətli bel ağrısı, qarın ağrısı və qusma şikayətləri ilə özünü göstərən xəstəlik bir neçə müddət ərzində səpgilərlə davam edir və bütövlükdə yanaşsaq, dünyada peyvəndlərin geniş tətbiqi ilə çoxdan silinib gedib. Amma çiçək xəstəliyinə səbəb verən virusla eyni qrupda olan “Meymun çiçəyi” virusu əslində yeni tapıntı deyil, 1970-ci ildən bəri Afrika ölkələrində fasilələrlə epidemiyalar şəklində özünü göstərir. Son belə epidemiya forması 2003-cü ilə təsadüf edir. Hazırda Avropa ölkələrində 80-dən çox xəstəyə bu diaqnoz qoyulub, 50 hadisə isə hələ də araşdırılır”, - deyir doktor Başaranoğlu.

Virusun yayılma yollarından, xəstəliyin inkişafından və başa çatmasından söz açan doktor Başaranoğlu qeyd edir ki, bu virusdan qorunmaq üçün ən yaxşı vasitə eynilə “Covid”də olduğu kimi, sosial məsafəyə və təmaslara diqqət yetirməkdir.

Başaranoğlunun sözlərinə görə, xüsusilə immun çatışmazlığı olan xəstələr risk qrupuna daxildirlər. Odur ki, məhz immun sistemi zəif insanlar özlərini daha çox qorumalıdırlar.

ABŞ-dakı Cekson Laboratoriyasında baş elmi işçisi, professor Dərya Forgetme deyir ki, heç kim bu xəstəliyi özünə dərd etməməlidir. Amma əlbəttə, bu o demək deyil ki, insanlar ehtiyyatı əldən verməlidir, əsla, hamı özünü qorumalıdır.

“ABŞ-ın dərman agentliyi FDA bu günlərdə “Meymun çiçəyi” virusu əleyhinə çiçək üçün hazırlanmış dərmanı təsdiqləyib. Köhnə çiçək xəstəliyinə qarşı peyvəndlər də çox təsirlidir. Monkeypox hadisələrinin ötürülməsi çətin olsa da, qorxmaq və ya narahat olmaq üçün əsas yoxdur. Əminəm ki, Avropada da belə dərmanlar təsdiqlənib”, - Dərya Forgetme nikbinliklə deyir.

Oxunma sayı 915