Əfqanıstan hökuməti Səmərqənddəki İmam Buxari kompleksinin tamamlanması üçün Özbəkistana 16 yük maşını məşhur Herat mərmərini bağışlayıb. Təhvil-təslim mərasimi Termizdə baş tutub.
Hafta.az-ın yazdığına görə, mərasimdə Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatilla İrqaşev, Surxandərya vilayətinin hakimi Uluqbek Kosimov, Əfqanıstan baş nazirinin Aparat rəhbəri Molla Əbdül Vase və Bəlx vilayətinin qubernatoru Hacı Məhəmməd Yusuf Vəfa iştirak ediblər.

Yük maşınlarının üzərindəki plakatlarda “Qardaş Əfqanıstan xalqından İmam Buxari məscidi və kompleksinə hədiyyə” yazılıb.
“UzA” bildirir ki, bu, 3,5 - 4 sm qalınlığında olan mərmər plitələrin ilk partiyasıdır və ümumi həcmi 324 paketdən ibarətdir.
Tərəflər iki ölkə arasında çoxşaxəli əməkdaşlığı, o cümlədən ticarət, nəqliyyat, humanitar və mədəni əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2019-cu ildə İmam Buxari abidə kompleksinin ölkədə ziyarət turizmi mərkəzi kimi genişləndirilməsi barədə göstəriş verib. Yeni obyektlərin tikintisinə 2021-ci ildə başlanılıb. 2024-cü ilin avqustunda prezidentin mətbuat xidməti tikinti-mühəndislik işlərinin yekunlaşdığını və son tamamlama mərhələsinə başlandığını bildirib.
2023-cü ildə podratçı Enter Engineering, kompleksin ümumi sahəsinin 5,3 hektar (otel kompleksi daxil olmaqla - 43 hektar) olacağını bildirib. 10 min yerlik məscidin hündürlüyü 47 metr olan günbəz və 74 mentr hündürlüyündə 4 minarə olacaq. Kompleksə bir 4 ulduzlu, iki 3 ulduzlu otel və 24 ailəvi qonaq evi daxil olacaq.
İmam Buxari məqbərəsi yenidən qurulduqdan sonra sahəsi 9x9-dan 13x13 m-ə qədər artacaq, hündürlüyü isə 29 metr olacaq. Yaxınlıqda tematik park salınacaq, ticarət mərkəzləri, dayanacaq və digər infrastruktur obyektlər tikiləcək.