Rusiya Ali Məhkəməsinin “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı qərarı Mərkəzi Asiyanın geosiyasətində yeni eranın qapısını açır.
Hafta.az-ın yazdığına görə, bu qərar Moskvanın Əfqanıstanla birbaşa əməkdaşlığının qarşısında duran hüquqi maneələri aradan qaldırır, eyni zamanda onun Hind okeanı və Fars körfəzindəki regional ölkələrin limanlarına birbaşa çıxışı təmin edəcək böyük infrastruktur layihələrində iştirakına yol açır.
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, Ali Məhkəmənin qərarı ilə artıq Əfqanıstanla ticarət və iqtisadiyyat sahələrində hərtərəfli əməkdaşlıq qurmaq olar. Kabulov gələn ilin mayında Kazanda keçiriləcək Rusiya-Əfqanıstan biznes forumunun bu əməkdaşlığın ilk addımı olacağını açıqlayıb.
Əfqanıstanın zəngin yeraltı sərvətlərinə və strateji coğrafi mövqeyinə diqqət çəkən Kabulov bu ölkənin Rusiya, Orta Asiya və Cənubi Asiya arasında logistik körpü ola biləcəyini bildirib.
Kazanda keçiriləcək forumda “Termiz-Naybabd-Loqar-Harlaçi” və “Məzari-Şərif-Herat-Dilaram-Qəndəhar-Çaman” dəmir yolu layihələri müzakirə olunacaq. Ümumilikdə 573 kilometr olan bu xətlərin illik daşıma qabiliyyətinin 20 milyon ton olacağı gözlənilir. Hazırda Şərqi Əfqanıstandan keçən quru dəhlizi (Qırğızıstan-Tacikistan-Vaxan dəhlizi-Pakistan) da aktivdir.
Bundan əlavə, Türkmənistan təbii qazını daşıması planlaşdırılan TAPI layihəsi və potensial olaraq Rusiya qazını daşıyacaq TAPI-2 layihələri də yenidən gündəmdədir. Lakin ekspertlərin fikrincə, bu infrastruktur layihələrinin reallaşdırılması üçün ən kritik element elektrikləşdirmə olacaq. Ölkədə elektrik enerjisi istehsalı hələ də generatorlara və günəş panellərinə əsaslanır. CASA-1000 elektrik xətti və TUTAP layihəsi (Türkmənistan-Özbəkistan-Tacikistan-Əfqanıstan-Pakistan) kimi təşəbbüslər bu problemin həlli yollarını təklif edə bilər.
Ekspertlər hesab edirlər ki, Əfqanıstanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi strukturlarla inteqrasiyası ölkənin infrastrukturuna və iqtisadi inkişafına dəstək ola bilər. Əfqanıstanın qadın hüquqları ilə bağlı problemlərinin həllinin iqtisadi inkişafla yanaşı gedə biləcəyi də vurğulanır.
Rusiyanın bu qərarı təkcə Əfqanıstanla münasibətlərini deyil, həm də Mərkəzi Asiyadakı təsirini artırmaq məqsədi daşıyır.
Moskva bu prosesdə region ölkələri ilə koordinasiyalı şəkildə hərəkət edəcək. Bu əməkdaşlıq sayəsində həm logistika, həm də enerji sahələrində qazanc əldə edəcəyi gözlənilir.
Ekspertlər hesab edirlər ki, bu yeni yanaşma bütün tərəflər üçün qazan-qazan vəziyyəti yarada bilər.
Bununla belə, təhlükəsizlik riskləri nəzərə alınmır. “Taliban”ın tanınıb-tanınmaması təkcə terror təhlükəsinə təsir etmir. Tacik əsilli silahlılardan ibarət “Ənsarullah” kimi qruplaşmalar regional təhlükəsizliyə daha böyük təhlükə yaradır. Əfqanıstan rəsmilərinin Tacikistana gözlənilən rəsmi səfəri də diplomatik münasibətlərin yeni mərhələyə qədəm qoyacağından xəbər verir.