Əhməd əl-Şara İraqda həbs edilə bilər

10:10 23.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin Suriya prezidenti Əhməd əl-Şaranı Ərəb Liqasının Bağdad sammitində iştirak üçün dəvət etməsi ölkədə siyasi böhrana səbəb olub. Şəranın dəvətindən sonra 50-dən çox iraqlı şiə deputat səfərin qadağan edilməsi üçün parlamentə müraciət edib, bəzi siyasi qruplar isə onun ölkəyə daxil olarkən həbsini tələb ediblər.

Hafta.az-ın yazdığına görə, Qətərdəki görüşdə Sudaninin rəsmi dəvəti Şaraya çatdırdığı üzə çıxdıqdan sonra xüsusilə şiə siyasi bloklarından sərt reaksiyalar gəldi. Şiə millət vəkili Yusif əl-Kələbi “Şaranın İraqa girməsi bizə xəyanətdir” deyib.

İraqdakı iranyönlü silahlı birləşmələrin nümayəndələri də öz reaksiyalarını gizlətməyiblər. Ketaib Hizbullah sözçüsü Əbu Əli əl-Əskəri dəvətin səbəbini şübhə altına alarkən, Əsaib Əhli-Həq lideri Qais əl-Xəzali dəvəti “vaxtından əvvəl” adlandırıb və Şaranın İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasını təklif edib.

Böyük Britaniyada fəaliyyət göstərən “AmwajMedia”nın xəbərinə görə, Qətərdəki görüş günü Telegram-da paylaşılan bəzi məxfi sənədlərdə Şaranın 2005-2011-ci illər arasında ABŞ və İraqda saxlanmasına dair məlumatların olduğu iddiası ilə ictimaiyyətə təqdim edilib. Bu sənədlərin İraq ictimaiyyətini təhrik etmək məqsədi daşıdığını, eyni zamanda sənədlərdə Şəraa qarşı ittiham irəli sürmək üçün istifadə oluna biləcək konkret sübutların olmadığını qeyd edib. İraq məhkəmə sistemi indiyədək Şara üçün aktiv həbs orderinin olub-olmadığını açıqlamaqdan imtina edib.

Xatırladaq ki, İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani, keçən həftə Süleymaniyyədə keçirilən toplantıda Suriya prezidenti Əhməd əl-Şaranı mayın 17-də Bağdadda keçirilməsi planlaşdırılan Ərəb Liqası Sammitinə dəvət etdiyini təsdiqləyib. Bu dəvətdən sonra İraqda həm siyasi, həm də təhlükəsizlik dairələri tərəfindən Şaraya qarşı reaksiyalar artıb.