Elə qəzetlər var ki, heç vaxt sıradan çıxmayacaq - Cahangir Məmmədli

11:38 23.07.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Söz azadlığı uğrunda mübarizənin başlanğıcını qoyan Zərdabi bu gün bizimlədir  

O, ömrünün böyük hissəsini Azərbaycan jurnalistikasının inkişafına həsr edən bir insandır. Bu gün jurnalistika sahəsində peşəkar fəaliyyət göstərən əksər qələm adamlarının həm də müəllimidir. İndi də bu istiqamətdə fəaliyyətini sevə-sevə,  yorulmadan davam etdirir. Söhbət Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlidən gedir. “Həftə içi” qəzetinin müsahibi qocaman jurnalist Cahangir Məmmədlidir.

- Cahangir müəllim, necəsiniz? Milli Mətbuatımızın 146-cı ildönümünü hansı əhval-ruhiyyədə qarşılayırsınız?

- Biz 30 il idi ki, Milli Mətbuat Gününü bir az xəcalətlə qarşılayırdıq.Vətən uğrunda mübarizədə, döyüşdə mətbuat da öz rolunu oynamalı idi. Bu yolda xeyli rol oynadı, amma indiki qədər yox. Bu il biz böyük qürurla, fəxrlə 146-cı ildönümümüzü qeyd edirik. Sanki Vətən azadlığı, söz azadlığı uğrunda mübarizənin başlanğıcını qoyan Zərdabi də bu gün bizimlədir. Zərdabilər, Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, Mirzə Fətəli Axundzadələr, Məhəmməd Aga Şahtaxtlılar, Əlimərdan bəy Topçubaşovlar, Mirzə Cəlillər, Ömər Faiqlər, Rəsulzadələr, Üzeyir bəy Hacıbəyovlar və başqa klassikləri olan mətbuat, onun sahibləri dünyada seçilib-sayılan jurnalistikadan olmalıdır və oldu da. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, jurnalistika çətin peşədir. Jurnalistika, azad söz, azad mətbuat olmayan yerdə demokratiya yoxdur. Ona görə də rəhmətlik özü bir məktəb yaratdı. Biz o məktəb ətrafında demokratik jurnalistika yaratdıq. Bu gün Ali Baş Komandanımız, jurnalistikaya çox ciddi diqqət yetirən, həmişə qayğısına qalan Prezidentimiz İlham Əliyev jurnalistlərimizi hər dəfə görəndə sözün həqiqi mənasında bağrına sıxır. Biz də Heydər Əliyev məktəbinin davamçısı kimi onu bağrımıza basırıq. Ali Baş Komandan, ordumuz və xalqımız, üstəgəl bütün bunları təbliğ edən mətbuatımız bizi Zəfər Gününə gətirib çıxardı. Zəfərimizdən sonra bizim jurnalistlər son bir neçə ayda haqq səsimizi dünyaya çatdırmaqdadırlar. İndi bu dəqiqə haqq səsimizin dünyaya çatdırılması olduqca vacibdir. Bu işə Prezidentimizin göstərişi ilə yerli media qurumları ilə yanaşı, xarici media orqanları da cəlb olunub və həm yerli, həm də xarici media nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara səfərləri təşkil olunur. Yerli media ilə bərabər, xarici mediada da erməni xisləti, erməni vandallığı nümayiş etdirilir. Bu olduqca vacib məsələdir. Əslində, jurnalistika budur. Jurnalistika həqiqəti deyən, ictimai rəy yaradan bir institutdur. Azərbaycan jurnalistikasının isə qarşısında bu gün dayanan ən böyük vəzifə azərbaycançılığı, milli ideologiyamızı qorumaq, milli dəyərlərimizi və milli maraqlarımızı qoruyan bir institut kimi fəaliyyət göstərməkdir. Bu günlərdə adını “jurnalist” qoyan dələduzlar, hətta şəhid ailələrindən, şəhid analarından da nə isə uması oldular. Çox şükür ki, hüquq mühafizə orqanları onları tapıb üzə çıxardı və onlar ifşa olundu. Amma bu məsələdə qabaqcıl, demokratik mətbuatımız həmin şəxsləri ictimai rəydə o qədər ifşa etdi ki, inanmıram, bundan sonra kimsə şəhid ailələrindən nəsə ummağa cürət etsin. Bizim jurnalistlərimiz belələrini başa saldı ki, şəhid sözü müqəddəsdir. Şəhid sözü Qurani-Kərimə bərabər bir anlayışdır. Çünki Qurani-Kərimin özündə də şəhid sözü, şəhid anlayışı həmişə müqəddəs anlayış kimi təkrar olunur.

- Vətən müharibəsində KİV Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdıra bildimi? Siz 44 günlük müharibə dövründə yerli KİV-lərin fəaliyyətini necə qiymətləndirdiniz?

- Kim nə deyir-desin, mən 44 günlük mübarizədə KİV-lərin göstərdiyi fəaliyyəti yüksək qiymətləndirirəm. Azərbaycan jurnalistikası həmin günlərdə xüsusi peşəkarlıq nümayiş etdirdi. Məsələn, Mirşahin həmin dövrdə neçə-neçə sənədli film çəkdi. Real, ATV, AzTV, İTV və başqaları cəbhələrdə oldular. Hətta cəbhədə yaralanan jurnalistlər oldu. Unutmamalıyıq ki, müharibə dövründə elə yerlər var ki, rəsmi şəkildə həmin ərazilərə jurnalistlərin buraxılması da düzgün deyil. Bizim jurnalistlər bu tələblərə əməl edərək əsl peşəkarlıq göstərdilər. 44 günlük müharibədə bizim jurnalistlər ordumuzun, Prezidentimizin, xalqımızın yanında oldu. Ümumiyyətlə, Vətən müharibəsi  bizim tapdanılmış milli heysiyyatımızı, az qala puç olan ümidlərimizi özümüzə qaytardı. “Faşist”, “vandal”, “alçaq” kimi sözlərlə də ifadə edilməsi mümkün olmayan bir düşməni məhv etdik. Məhz aparılan təbliğatlar nəticəsində Azərbaycanın qələbəsini bütün dünya etiraf etməyə başladı. Prezidentimizin də dediyi kimi, Azərbaycan tarixində buna bənzər ümumiyyətlə, qələbə olmayıb. Allah qələbəmizi və qələbəmizin təbliğatını, təşviqatını dünyaya çatdıran jurnalistlərimizi qorusun!

- Siz də bilirsiniz ki, bu gün mediada yeni çağırışlar yaranıb və bu sahədə islahatlar  həyata keçirilməkdədir. Hazırda media sahəsində aparılan islahatlar nədən xəbər verir?

- Yeni media anlayışı bütün ölkələr üçün xarakterikdir. Bəzən elə bilirlər ki, bu yalnız sovetlərdən qopmuş ölkələrə aiddir. Bu belə deyil. Yeni media informasiya texnologiyalarının inkişafı ilə bağlı bir anlayışdır. Biz də yeni mediaya uyğunlaşmışıq, texnologiyanı, tətbiq etməyi, yaymağı öyrənmişik. Bu gün kifayət qədər blogerlər, saytlar var. Bunlar hamısı yeni media anlayışına daxildir. Bəzən yeni medianın bu qədər sürətli inkişafı fonunda deyirlər ki, ənənəvi mətbuat, print jurnalistikasının sonu çatıb. Bu, belə deyil. Hər şey peşəkarlıqdan, tələbkarlıqdan asılıdır. Bizim elə qəzetlər var ki, onlar heç vaxt sıradan çıxmayacaq. Ölkə Prezidentinin sərəncamı ilə MEDİA yaradılıb. Bu gün həmin qurumda çox böyük işlər gedir. Bu günlərdə MEDİA tərəfindən müsabiqələr keçirildi və həmin müsabiqələrlə maraqlandım. Müsabiqənin nəticəsi olaraq haqlı gileylənən qəzetlərə mükafatlar ayrıldı. Eyni zamanda, bu dəfə bir ilk də yaşandı və onlayn media da dövlətdən dəstək əldə etdi. Ən vacib məsələ isə media ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsidir.

Bilirsiniz ki, media ilə bağlı yeni qanunvericilik bazası hazırlanır və hazırda müzakirə mərhələsindədir. Bu müzakirələrə çox ciddi, savadlı insanlar cəlb olunublar. Hesab edirəm ki, qanun o qədər səviyyəli olacaq ki, təkcə print jurnalistikası, təkcə televiziyalar deyil, bütövlükdə media sisteminə faydalı olacaq. Bu bizə bu gün çox vacibdir.

- Cahangir müəllim, xatırlayırsınızsa, biz həmişə mətbuatın yubileyi ərəfəsində sizinlə söhbətlərimizdə deyərdiniz ki, gün o gün olsun Azərbaycan mətbuatı xalqımıza qələbə xəbərlərini çatdırsın. Azərbaycan mətbuatı ötən il çox arzulanan bu missiyanı yerinə yetirdi. Bəs, bu gün Azərbaycan mətbuatına hansı arzularınız var?

- Qələbəni qazandıq, bunun eyforiyasını da yaxşı mənada yaşadıq. Viran qoyulmuş torpaqlarımız, erməni xislətinin iç üzünün açıb dünyaya göstərilməsi kimi vacib missiya da bizi gözləyir. Bir arzum da ondan ibarətdir ki, viran qoyulmuş torpaqların bərpa olunduğu xəbərlərini çatdıraq. Necə ki, Prezidentimiz 44 günlük mübarizə dövründə demək olar ki, hər gün azad olunan torpaqlarımızın müjdəsini verirdi. Biz də bir gün xəbər verək ki, Ağdam yenidən quruldu, Cəbrayıla bərpa prosesi başa çatdı, Zəngilan yenidən quruldu və s. İndi biz həmin rayonlarda quruculuq işlərinin başa çatmasını gözləyək. Allah o quruculuq işlərində başda Prezidentimiz olmaqla,bütün xalqımıza güc, qüvvət versin və elə  mətbuatımızın da əsas mövzularından biri bu olsun.

Oxunma sayı 324