Gələn ildən Azərbaycanda bütün növ pensiyalar artırılacaq. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək. Bu və digər məsələlərlə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyevin “Həftə içi” qəzetinə müsabisəsini təqdim edirik.
- Musa müəllim, “Əmək pensiyaları haqqında” Qanununa nəzərdə tutulan yeni dəyişikliklərin əsas mahiyyəti nədən ibarətdir? Bu layihənin hansı üstünlükləri olacaq?
- Bu gün biz Əmək və sosial siyasət komitəsinin iclasında bu məsələni müzakirəyə çıxardıq və Milli Məclisin plenar iclasına da tövsiyyə etdik. Onu deyim ki, nəzərdə tutulan bütün dəyişikliklər pozitiv istiqamətdədir və vətəndaşlarımızın pensiya təminatını yaxşılaşdıracaq, etibarlılığını artıracaq, eyni zamanda, pensiya təyinatının və artırılmasının avtomatlaşdırılmış sistemdə daha da yaxşı inteqrasiya olunmasını təmin edəcək, müəyyən qədər sosial ədalətsizliyi aradan qaldıracaq. “Əmək pensiyaları haqqında” Qanuna ediləcək dəyişiklikləri biz iki istiqamətdə xarakterizə edə bilərik. Burada mahiyyət nədən ibarətdir? Birinci istiqamət ondan ibarətdir ki, Azərbaycanda bu gün pensiyaçıların təxminən 93 faizi ümumi əsaslarla pensiya alır. Yəni, sosial sığorta əsasında pensiya alırlar. Onların da pensiyası hər il ölkə üzrə əvvəlki ildəki orta aylıq əmək haqqı artımının faizinə uyğun olaraq indeksləşdirilərək artırılır. Amma 80-85 min nəfər pensiyaçımız var ki, bunlar “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin təsiri altındadırlar. Yəni, onlar qulluq əlavəsinə görə pensiya alan şəxslərdir ki, bunların pensiyası hər il indeksləşdirilərək artırılmırdı, yalnız işlədikləri vəzifələr üzrə maaşlar nə vaxt artırılırdısa, o zaman artım baş verirdi. Bu kateqoriyaya deputatlar, hakimlər, prokurorlar, digər xüsusi rütbəli şəxslər, hərbi qulluqçular, Ombudsman Aparatı, Mərkəzi Seçki Komissiyasının üzvləri və dövlət qulluqçuları aiddir. İndi biz istəyirik ki, yeni qanun layihəsi ilə vahid indeksasiya metoduna keçək. Həmin şəxslərin də pensiyası 3-5 ildən bir deyil, digər pensiyaçılar kimi hər il orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq artsın. Bu dəyişiklik onu verəcək ki, birinci növbədə onların da pensiyaları inflyasiya təsirlərindən qorunmuş olacaq. Digər tərəfdən pensiyaçılar arasında təxmini bərabərlik yaranacaq.Yəni, bütün vətəndaşlarımızın pensiyası eyni qaydada artırılacaq. Müqayisə üçün deyim ki, 10 il ərzində umumi əsaslarla pensiya alanların pensiyası 98 faiz artıb. Amma hərbi qulluqçularda bu istiqamətdə artım 59 faiz baş verib. Dövlət qulluqçularında bu göstərici 69 faiz təşkil edib. Prokurorlarda, hakimlərdə artım daha az faizdir. Bu addım həmin insanların sosial müdafiəsini gücləndirəcək, digər tərəfdən də 80 mindən çox insanın pensiyası yüz bir milyon insanın pensiyası kimi eyni qaydada hesablanacaq. Digər istiqamət nə ilə bağlıdır? Xatırlayırsınızsa, ötən il ölkədə çox sərt şəkildə inflyasiya prosesi baş verdi və təəssüflər olsun ki, bu meyillər indi də davam edir. Bunun müqabilində orta aylıq əməkhaqqı çox yüksəlmədi. Ona görə də 2022-ci il üçün pensiyaların sığorta hissəsini indeksasiya edib artırmaq çox cüzi səviyyədə mümkün oldu. Cənab Prezident də pensiyaçıların pensiyasını inflyasiyadan qorumaq, onların sosial təminatlarının pisləşməsinin qarşısını almaqdan ötrü bu ilin fevralında müvafiq sərəncam verdi. Həmin sərəncama uyğun oalaraq da hər bir pensiyaçıya əlavə 200 manat maddi yardım göstərildi. Bu sığorta prinsipindən kənarda olan məsələ idi, Prezidentin yardımı idi. İndi bu qanunla biz onun hüquqi əsasını yaradırıq ki, maddi yardım da pensiyanın içərisinə daxil olsun və hər il pensiya indeksasiya edilib artırılanda bu maddi yardımın da faizinə uyğun artım baş versin.
- Gələn ilin sosial müdafiə xərcləri barədə nə deyə bilərsiniz? Təxminən, bu istiqamətdə nə qədər artım gözlənilir?
- Bu barədə hələlik heç nə deyə bilməyəcəyəm. Çünki gələn ilin büdcə layihəsi hələ bizə gəlməyib. Sənəd parlamentə oktyabrın 15-də daxil olacaq.
- Növbəti ildə şəhid ailələri, qazilər və bu kateqoriyadan olan digər insanlar üçün dövlət tərəfindən həyata keçirilən dəstək proqramlarının genişləndirilməsi nəzərdə tutulurmu?
- Təbii ki, bu istiqamətdə işlər davam etdiriləcək. Amma gələn ilin dövlət büdcəsi layihəsi hələ ki, bizə gəlmədiyinə görə konkret rəqəmlər söyləyə bilmirəm. Sözsüz ki, bu kateqoriyadan olan insanların pensiyasında, təqaüdlərində, müavinətlərində də artımlar nəzərdə tutulacaq. Eyni zamanda, həmin insanların məşğulluğunun da daha geniş şəkildə təmin olunması, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması, müalicə xərcləri və digər məsələlərdə təminatlar nəzərdə tutulub. Yəni, bu istiqamətdə proqramlar ildən-ilə genişləndiriləcək. Cənab Prezidentin də dediyi kimi, 2025-ci ilə qədər mənzil təminatından kənarda bir nəfər də olsun şəhid ailəsi, Qarabağ qazisi qalmayacaq. Digər tərəfdən, ən yaxşı təminat aktiv sosial müdafiə yolunu seçməkdir. Yəni, onların məşğulluğunun təmin olunmasıdır ki, iş yerləri olsun, işləsinlər və yaxud da öz kiçik biznesləri olsun. Heç kimdən də asılı olmasınlar. Dövlətin pensiyası, müavinəti öz yerində. Amma daha yaxşı olar ki, aktiv şəkildə fəaliyyət olsun. Bu mənada hesab edirəm ki, “Məşğulluq Marafonu” gələn il yenə də davam etməlidir. Bu layihə çərçivəsində bütün işəgötürənlər fəal iştirak etməlidirlər. Yəni, hər şeyi dövlət edə bilmir. Dövlət sahibkara şərait yaradırsa, sahibkarın da bir sosial məsuliyyəti olmalıdır. Və sahibkar da sosial müdafiəyə ehtiyacı olan həmin şəxslərimizə öz dəstəyini göstərməli, ən azı işə götürməlidir. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Gələn il də özünəməşğulluq proqramı davam edəcək. Bilirsiniz ki, bu proqram Mehriban xanım Əliyevanın irəli sürdüyü bir layihədir və artıq 5 ildir ki, başlayıb. İldə təxminən 15-17 min insan bu layihə çərçivəsində öz ailə biznesini qurur. Onların da təxminən 50 faizi şəhid ailələri və qazilərdir. Bu insanların hər cür dəstək görməyə haqları var. Dövlət və cəmiyyət olaraq biz bu dəstəyi də göstərməyə borcluyuq.
- Qeyd etdiniz ki, növbəti ilin büdcə sənədi hələlik parlamentə daxil olmayıb. Amma hər halda gələn il üçün minimum əməkhaqqının, ehtiyac meyarının artırılıb-artırılmayacağı barədə məlumatlı olmuş olarsınız. Bu barədə nə deyə bilərsiniz?
- Yenə də deyirəm, büdcə bizim əlimizdə olmadığından konkret bir fikir söyləyə bilmirəm. Amma məntiqlə və aparılan siyasətin də ardıcıllğını nəzərə alaraq hesab edirəm ki, həm ehtiyac meyarı, həm minimum əməkhaqqı, həm də yaşayış minimumun gələn il artırılması nəzərdə tutulur. Lakin hələlik konkret rəqəmlər məndə yoxdur.
- Bu günlərdə keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin hərrac yolu ilə satışa çıxarılması qaydası təsdiqlənib. Amma bu məsələ cəmiyyətdə birmənalı qarşılanmır. Sizcə, həmin mənzilləri hərrac yolu ilə deyil, sosial cəhətdən zəif təbəqəyə xüsusi güzəştli şərtlərlə təklif etmək daha məqsədəuyğun olmazdımı?
- Hesab edirəm ki, hərrac ən doğru yoldur. Təbii ki, istənilən layihə, yenilik həmişə cəmiyyətdə birmənalı qarşılanmır. Bunu da normal qarşılayıram. Bir daha vurğulayıram ki, hərrac daha doğru yoldur. Hərracdan yığılan vəsait daha çoxdur və həmin vəsaitlə biz ilk növbədə şəhid ailələri, qazilərin mənzil təminatını sürətlə yaxşılaşdıracağıq. Hökümətin prioritetləri var, əgər biz bu insanların sosial müdafiəsini təmin etsək, mənzil-məişət şəraitini yaxşılaşdırsaq, digər kateqoriyadan olan insanlara da növbəti addımlarda yəqin ki, daha geniş imkanlar açılacaq. O cümlədən MİDA-nın xətti ilə tikilən sosial evlər var, onların da şərtlərini yumşaltmaq olar. Bundan başqa ipoteka şərtlərini yumşaltmaq olar ki, insanların sosial vəziyyətinə uyğun olaraq ipoteka faizləri aşağı salınsın. Digər tərəfdən, hesab edirəm ki, sosial evlər layihəsini stimullaşdırmaqdan ötrü hökümət tərəfindən müəyyən addımlar atılmalıdır. Xüsusilə sahibkarlar bu məsələdə maraqlandırılmalıdır ki, onlar bu cür evlər tikməkdə həvəsli olsunlar. Əgər bizim müvafiq qurumlar sahibkara torpağı pulsuz verərlərsə, bütün sənədləşmə işini dövlət orqanları özləri həyata keçirərlərsə və sahibkara təkcə tikinti işini aparmaq qalarsa, bu da özü sosial bir layihədir. Hər bir sosial layihədə gərək dövlət güzəştə getsin və ordan pul qazanmaq barədə düşünməsin. Eyni zamanda, sahibkar da başa düşsün ki, onun da sosial məsuliyyəti var. Tutaq ki, başqa bir layihədən 20 faiz pul qazanırsa, burdan 5 faiz pul qazananda düşünürəm ki, cəmiyyət üçün daha faydalı iş görmüş olacaq. Bu da onun digər mənəvi qazancı olacaq.