Ərdoğanla İsveçin Baş naziri arasında telefon danışığı olub

18:07 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən açıqlama verilib.

Bildirilib ki, danışıq əsasında iki ölkə arasındakı əlaqələr və İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti müzakirə olunub.

Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiyini qeyd edən Prezident Ərdoğan alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından təməl dəyər olduğuna diqqət çəkib.

Türkiyənin uzun müddətdir İsveçin terror təşkilatı PKK/YPG/PYD-nin nəzarəti altında olan şəxslər və təşkilatlarla təmaslarından narahatlığını ifadə etdiyini deyən Prezident Ərdoğan FETÖ terror təşkilatının İsveçdə mövcudluğuna da diqqət çəkib.

Türkiyə Prezidenti İsveçin terror təşkilatlarına göstərdiyi siyasi, maliyyə və silah dəstəyinə son qoyulmasının lazım olduğunu vurğulayıb.

PKK/PYD/YPG-nin İŞİD-lə mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini deyən Prezident Ərdoğan İsveçin PKK terror təşkilatı, onun Suriya və İraqda genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.

Prezident Ərdoğan Suriyadan Türkiyəyə gələn terror təhlükəsi səbəbi ilə həyata keçirməli olduqları “Sülh çeşməsi” əməliyyatından sonra müdafiə sənayesi sahəsində İsveçin Türkiyəyə tətbiq etdiyi məhdudiyyətlərin də aradan qaldırılmasının vacibliyini qeyd edib.

Oxunma sayı 48