Ermənilərin hər bir silahlısı Azərbaycan üçün düşməndir - POLKOVNİK

19:01 23.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan sərhəddə atəşkəsi pozaraq Azərbaycanı müharibəyə təhrik edir. Sərhədlərdə atəşkəsi ardıcıl şəkildə pozan Ermənistan hərbi quldurları bu gün də Kəlbəcər istiqamətindən atəş açaraq hərbçimiz - gizir Fərman Yaqublunu snayperlə qətlə yetiriblər. Görünən odur ki, Ermənistan sülhə gəlmək istəmir. Ermənistanın bu cinayətləri nə vaxta qədər davam edəcək? Ermənistan niyə sülhə məcbur edilmir və sülhməramlılar niyə bu prosesdə aciz qalıblar.

Sərhəddə baş verən son hadisəni və digər nüansları hafta.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov bu gün sərhəddə hərbçimizin ermənilər tərəfindən öldürülməsi ilə bağlı mühüm məqamlara diqqət çəkib. Ekspert son olayla bağlı vəziyyətin araşdırılaraq konkret tədbirlərin görülməsini zəruri sayıb.

Ş.Ramaldanov bildirib ki, dövlət sərhəddində - Gədəbəydən tutmuş, Qazağa kimi həmişə ermənilər atəşkəsi pozub. Həmişə cavab atəşi ilə qarşı tərəf susdurulurdu. Onun sözlərinə görə, şübhəsiz ki, son atəşkəsin pozulması zamanı da düşmən cavab atəşi ilə susdurulub. 

“Əgər atəşkəsin pozulması sərhəddə baş veribsə orda başqa amillər ortaya çıxır. Bunun qarşısını almaq üçün başqa mexanizmlər yoxdur.  Hansısa snayperin atdığı atəşə görə biz sərhəddi adlayıb o üzə keçə bilmərik.  Ona görə də belə hallarda iki dövlət arasında yaranmış vəziyyət təhlil olunur, incələnir və sonra qərarlar qəbul olunur. Biz Rusiya sülhməramlılarının bölgədəki missiyasının aktiv fazaya keçməyini gözləyirik. Yəqin ki, aktiv fazaya keçəndən sonra bu məsələlər öz həllini tapacaq.  Biz hələ ki, o atəşi atanın hansısa daşın altında gizlənən quldur və yaxud hərbçi olduğunu bilmirik. Ona görə də deyirəm ki, məsələ araşdırılacaq və lazım olan addımlar atılacaq.  Bununla yanaşı Azərbaycan Ermənistanı sülh müqaviləsini bağlamağa məcbur edə bilməz. Ermənistan sülhə imza atarsa Azərbaycan bu dövlətlə qonşuluq siyasəti aparacaq. Sülh bağlanmazsa ermənilərin hər bi silahlısı Azərbaycan üçün düşməndir”.

Bununla yanaşı Ş.Ramaldanov Ermənistanın Azərbaycan sərhədlərini atəşə tutmasında təəccüblü heç nə olmadığını bildirib.

“Çünki Ermənistan Azərbaycanın torpaqlarını işğal edən və hətta məğlubiyyətdən sonra da öz iddialarından əl çəkməyən düşmən dövlətdir.  Hələ biz Ermənistanla sülh müqaviləsi bağlamamışıq. Düşməndən sülh gözləmək sadəlöhvlük olar. Ona görə də biz öz hazırlığımızı heç  zaman əldən verməməliyik. Və silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev Dəmir Yumruğu onların yadına sözgəlişi salmadı.  Azərbaycan öz dəmir yumruğunu nümayiş etdirməyə hər zaman hazırdır”.

Ş.Ramaldanov belə bir vəziyyətdə təbii olaraq sülhməramlıların missiyası ilə bağlı mübahisələrin ortaya çıxdığını qeyd edib. Eyni zamanda bildirib ki, ehtiyac olmasaydı, sülhməramlılar orda yerləşməzdi.

“Biz yaddan çıxarmalı deyilik ki, hələ müharibəyə qədər ermənilər muzdlu əsgərlərini bura dəvət edirdilər. Partizan hərəkatına keçmək üçün düşərgələr qururdular. Mümkündür ki, bu istiqamətdə hansısa hazırlıqlar görüblər. Dağlarda qar əriyəndən sonra müəyyən qüvvələrin hərəkətə keçməsi istisana olunmurdu. Mən erməni hərbi aktivliyinin daha çox artmasını gözləyirdim. Amma bütün qış, yaz ayları bizim müvafiq güc strukturları  müəyyən istiqamətlərdə xeyli işlər görüblər və nəticədə bu gün 70 nəfərdən çox  erməni terrorçularını tərksilah edib. Heç kim deyə bilməz ki, Azərbaycan ərazilərində yerləşən ermənilər erməni diasporları tərəfindən maliyyələşdirilmir.  Azərbaycan ərazilərində yerləşən quldur qruplar ya məhv edilməlidir, ya da həbs olunmalıdır. Bu proses gedir. Silahlı qüvvələrimiz belə halların qarşısını almaq üçün lazım olan tədbirləri görür. Ancaq istisna hallar olur. Bizim düşmən düşmənçiliyindən əl çəkmir. Bütün vəziyyət təhlil olunandan sonra nəticələrinə uyğun olaraq addımlar atılacaq”.

Oxunma sayı 9141