“Ermənilərin məscidləri dağıtması ərəb ölkələrində böyük rezonans yaratdı” – Oqtay Bayramov

13:00 21.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın tarixən Yaxın Şərq bölgəsi xalqları ilə sıx mədəni-ticarət əlaqələri olub və günümüzdə bu münasibətlər siyasi, iqtisadi-ticarət, elmi-mədəni müstəvidə daha da inkişaf edib, xüsusilə də Misirlə. Ərəb aləminin ən böyük və qədim subyekti olan bu dövlət hazırda müasir nəslin nağıl dünyası, səyyahlarımızın mütləq gəzəcəyi sirli məkan, gənclərimizin ali təhsil alacağı oturuşmuş elm ocağıdır. Siyasi-iqtisadi müstəvidə də Azərbaycanın əsas tərəfdaşlarından olan Misir, təəssüf ki, uzun müddətdir Fələstin-İsrail, Liviya, bir az şimalda Suriya, İraq, şərqində Yəmən münaqişələri ilə sarılmış durumdadır. Hansı ki, elə bu münaqişəli ölkələrlə Misir Ərəb dünyasının timsalında bir bütündür – onları bir-birindən ayrı təsəvvür etmək olmur...

Bu gün mətbuat da xalqlar və dövlətlərarası əlaqələrin inkişafında mühim rol oynamaqdadır. Xüsusilə də ayrı-ayrılıqda jurnalistlər öz peşə bacarıqlarından asılı olaraq böyük töhfələr verirlər. Bu müstəvidə, AZƏRTAC-ın Şimali Afrika və Yaxın Şərq ölkələri üzrə xüsusi müxbiri Oqtay Bayramovun da işini alqışlamaq lazımdır. Misirdə - Qahirədə mənzillənsə də, bütün bölgə ölkələrində baş verən hadisələri vaxtında və təfsilatlı şəkildə azərbaycanlı oxuculara çatdırır. Özü də sadəcə xəbər vermir, onu tam diplomatik tələblər əsasında hazırlayır ki, Azərbaycanın və mediasının imicinə söz gəlməsin. Üstəlik, fəaliyyəti dövründə Azərbaycan həqiqətlərini Misir və digər ərəb ölkələrinin ictimaiyyətinə çatdırılmasında əvəzsiz işlər görüb. Bəs bu qədər ağır zəhmət, xüsusilə də Yaxın Şərq kimi qaynar regionda çalışmaq jurnalist həmkarımıza çətin deyilmi? Gəlin cavabı müsahibimizin öz dilindən eşidək.

- AZƏRTAC-ın müxbir məntəqəsi Qahirədə yerləşir. Şimali Afrika və Yaxın Şərq ölkələrində də baş verən mühüm hadisələr, səfirliklərin və diaspor təşkilatlarının fəaliyyəti haqqında materiallar hazırlayıram. Bütün bunlar asan deyil, amma diplomatik missiyalar, yerli media və diaspor üzvləri ilə əlaqələr çətinliklərin öhdəsindən gəlməyə imkan verir.

- Koronavirus dünyanı əsirə çevirdiyi bir vaxtda, Misir kimi qələbəlik bir dövlətdə olmaq sizə çətin deyil? Doğrudur, 110 milyonluq Misirdə yoluxma sayı, hətta Azərbaycandakından da çox aşağıdır, amma yenə də, ölkədə durum necədir, küçəyə çıxma, iş yerlərinin fəaliyyətinə və sair icazə verilirmi?

- Misirə pandemiyanın ilk günlərində təyin olunmuşam. Rəsmi rəqəmlərə görə, hazırda bu ölkədə sutkada ortalama 1000 yoluxma, 60 ölüm faktı qeydə alınır. Küçəyə çıxma qadağası axşam saat 9-dan sonra qüvvədədir. İş yerləri də bu vaxta qədər açıqdır. Mayın 19-da Misir hökuməti park və çimərliklərin də açılmasına icazə verib. buna baxmayaraq, vaksinasiyanın həcmi Azərbaycanda olduğundan çox aşağıdır.

- Misir və qonşu ölkələrlə Azərbaycan arasında sıx münasibətlər mövcuddur. Misirdə kiçik də olsa Azərbaycan icması var. Seymur Nəsirov, İsra Adel kimi dostlarımız var və üstəlik, bu ölkədə Azərbaycan dilini öyrənən böyük dost nəsil yetişməkdədir. Onlarla əməkdaşlıq edirsinizmi, münasibətlərinizi necə qurursunuz?

- Açığını desəm, çox gözəl alim, səmimi insan olan Seymur müəllim AZƏRTAC-la daha çox əməkdaşlıq edir və bu, müştərək işimizə müsbət təsir göstərir. Bəli, burada azərbaycanlıların sayı barmaqla sayılan qədərdir. Əsasən tələbələr və misirlilərlə ailə qurmuş xanımlarımız. Onların Azərbaycan üçün gördüyü işlər böyükdür. Tez-tez telekanallara çıxır, ölkəmizi təbliğ edirlər. Misir - Azərbaycan Dostluq Mərkəzində, habelə Qahirə və əl-Əzhər universitetlərində Azərbaycan dili kursları fəaliyyət göstərir. Bu kurslarda iştirak edən ərəb gənclər dilimizi, mədəniyyətimizi öyrənir, hətta məzun olduqda Azərbaycanla bağlı elmi tədqiqatlar da aparırlar.

- Nə əcəbsə, Misirdə Azərbaycanı sadə ictimaiyyət çox az tanıyır və ya heç tanımır. 2016-cı ildə Qahirədə, Gizada, Şarm əl-Şeyxdə səfərdə olduğum zaman küçədə insanlarla söhbət elədim, Azərbaycan barədə heç nə bilməmələri məni üzdü doğrusu. Mən bu məsələni Misirin Ali Təhsil Naziri ilə görüşdə də vurğuladım. Sizcə, səbəb nədir ki, insanlar tarixən dost olan bir ölkə – Azərbaycan haqda bu qədər məlumatsızdırlar və nə edə bilərik ki, onlar ölkəmizi tanısınlar?

- Bilirsiniz, Misir ziyalıları, mədəniyyət xadimləri Azərbaycanı kifayət qədər yaxşı tanıyırlar. Sizin də qeyd etdiyiniz kimi, 110 milyon əhalisi olan ölkədir və burada hər kəs normal təhsilə, nisbətən gənc ölkələrə dair biliklərə malik deyil. Səfirliyimiz və diaspor təşkilatımız da məhz bu məqsədlə Azərbaycan dili kursları açır, eyni zamanda Misirin tanınmış ictimai-siyasi xadimlərini dostluq cəmiyyətinin fəaliyyətinə cəlb edir. Burada təhsil alan tələbələrimiz də sosial şəbəkələrdə ölkəmizin tanıdılmasında fəal iştirak edirlər.

- Misirli jurnalistlərlə təmaslarınız necədir, ölkələrimiz arasında məlumat mübadiləsi edirsinizmi? Yeri gəlmişkən, məhz Misir mətbuatı vasitəsilə Azərbaycanı təbliğ etmək mümkündür...

- Misirli jurnalistlərlə fəal əməkdaşlıq edirəm. MENA və “Asiaelyoum” xəbər agentlikləri, Aldiplomacy, Rayetmisr, “Əl Masr Əl Yom” və digər media orqanlarının rəhbərləri ilə mütəmadi görüşlər keçirir, AZƏRTAC-ın xəbərlərini onlara göndərirəm. Sevindirici haldır ki, son vaxtlar ərəbşünas alimlər, azərbaycanlı jurnalistlər də Misir mətbuatında məqalələrlə çıxış edirlər. Misirli jurnalistlər bu əməkdaşlığa böyük maraq göstərirlər.

- Regionun digər ölkələrində baş verən hadisələri necə işıqlandırırsınız, hadisə yerinə ezam olunursunuz, yoxsa yerli mənbələrdən alırsınız xəbərləri? Məsələn, Süveyş kanalında bu yaxınlarda baş vermiş gəmi qəzası ilə bağlı ən dəqiq məlumatı sizdən aldığımız kimi, hazırda Fələstində olub-bitənlər, Liviyada yaşanan hadisələr, yaxud da Misirin Efiopiya ilə su böhranına dair dəqiq-doğru məlumatları da sizdən almaq istərdik. Bax, bu xəbərləri yerindəcə Azərbaycana ötürmək imkanlarınızı bilmək istərdik...

- Diqqətinizə çatdırım ki, dövlət agentliyinin təmsilçisi kimi, region ölkələri ilə bağlı hadisələri dövlətimizin xarici siyasət kursu prizmasından işıqlandırıram. Yəni Misir, Liviya, Yəmən və digər ölkələrlə bağlı materialların hazırlanması böyük məsuliyyət tələb edir. Ərəb ölkələrinin Bakıdakı səfirlikləri AZƏRTAC-ın xəbərlərini diqqətlə izləyirlər və çalışmaq lazımdır ki, bizim yazılarımız həmin dövlətlərlə əlaqələrə töhfə versin. Yaxın Şərq və Şimali Afrikada çoxlu sayda münaqişələr və mübahisəli məsələlər mövcuddur. Onlarla bağlı istər xəbər, istərsə də analitik məqalə hazırlayanda, ilk növbədə, Azərbaycan dövlətinin xarici siyasət kursu nəzərə alınmalı, materiallar tərəflərin hər birinin mövqeyini əhatə etməlidir.

- Azərbaycanda jurnalistlər üçün “Vahid kart sistemi”nin tətbiqi məsələsi müzakirə edilir. Vahid kartın el dili İlə desək, reketçiliyin, eləcə də daxildən və hətta xaricdən maliyyələşdirilərək jurnalistlərə təsir edilmənin qarşısını alacağı düşünülür. Misirdə və digər bölgə ölkələrinin mediasında kart məsələsi necə çözülür, jurnalistlər ənənəvi kartla fəaliyyət göstərirlər, ya necə? Bir də bu ölkələrdə media nümayəndələrinə dövlət tərəfindən hər hansı güzəştlər-filan verilirmi, hansı ki, onların Azərbaycan mediasında da tətbiq olunmasını məqsədəuyğun görərdiniz?

- Mən bundan əvvəl 8 il Türkiyədə AZƏRTAC-ın xüsusi müxbiri qismində fəaliyyət göstərmişəm. Qardaş ölkədə də, Misirdə də “Vahid kart” sistemi mövcuddur. Misirdə jurnalistlərin reketçiliyi ilə bağlı problem yoxdur. Eyni zamanda, media nümayəndələrinə dövlət orqanları tərəfindən böyük ehtiram var, hətta, deyərdim ki, əcnəbi jurnalistlərə diplomatlardan da çox hörmət göstərilir. Burada muzeylərə giriş onlara pulsuzdur, Dövlət İnformasiya İdarəsi xarici müxbirlərin problemləri ilə maraqlanır. Əslində, Azərbaycanda da media nümayəndələrinə böyük diqqət diqqət göstərilir, onlar pulsuz mənzillə təmin edilir. Bu, dünyanın heç bir ölkəsində yoxdur.

- Məsələn, mətbuat əhlinin timsalında, hansısa hadisə yerinə gedirsiniz, yaxud başqa bir məkana, maraqlıdır, polis sizi saxlaya bilərmi və ya saxladıqda güzəşt edirmi? Misirdə jurnalist olmanın bir üstünlüyü varmı?

- Qeyd etdiyim kimi, Misirdə əcnəbi jurnalistlərə xüsusi diqqət var. nəzərə almaq lazımdır ki, artıq 4 ilə yaxındır bu ölkədə fövqəladə vəziyyət rejimi mövcuddur. Fotoşəkil çəkdikdə polis sizə yaxınlaşır, hətta keçədə belə video çəkilişi üçün icazə almaq lazımdır. Ötən il Misir haqqında mənfi kontekstdə məqalələr yazmış üç əcnəbi jurnalistin akkreditasiyası ləğv olunub. Qeyd edim ki, dövlətlərarası münasibətlərin gərgin olması səbəbindən internetdə Türkiyənin Anadolu agentliyinə, Qətər mediasına giriş bağlanılıb. Misir hökuməti əcnəbi jurnalistlərin fəaliyyətinə şərait yaratmaqla yanaşı, onların fəaliyyətini də diqqətlə izləyir.

- Bildiyim qədər, Misirdə bizimlə müqayisədə kifayət qədər böyük erməni diasporu var və özü də onlar orada oturuşmuş haldadırlar. Buna rəğmən, Azərbaycan - Ermənistan məsələsinə münasibət Misirdə, eləcə də faəliyyət dairənizdə olan digər qonşu ölkələrdə necədir?

- Bəli, bu ölkədə 20 mindən çox erməni yaşayır və onlar Misir vətəndaşıdırlar. Livanda, İordaniyada da Osmanlı imperiyası dövründə köç etmiş ermənilər çoxdur. Onların qəzetləri, kilsələri fəaliyyət göstərir, ermənilər dövlət orqanlarında təmsil olunurlar. Qeyd etməliyəm ki, erməni təbliğatına rəğmən, Misir və digər ətraf ölkələrdə Azərbaycana münasibət çox yaxşıdır. Bizim ədalətli mövqeyimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dəstəklənir, ermənilərin səylərinə baxmayaraq, Misir mətbuatı Azərbaycanın haqlı olduğunu yazır. Bir kiçik nüansı qeyd edim: misir və digər ərəb ölkələri dini dəyərləri daha üstün tuturlar. Bu baxımdan ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində məscidləri və İslam abidələrini viran qoyması, təhqir etməsi barədə xəbərlər və fotoşəkillər bu ölkələrin ictimaiyyətində böyük rezonans yaratdı. Düşünürəm ki, bu istiqamətdə təbliğat öz bəhrəsini verdi. Ərəbə deyəndə ki, ermənilər infrastrukturu, yaxud inzibati binaları dağıdıb, o qədər də maraq göstərmir, amma məsciddə donuz saxlanılması xəbərləri onu hədsiz dərəcədə hiddətləndirir.

- Açığını desəm, 44 günlük Vətən müharibəsi dövründə Misirin qardaş Türkiyə və ya Pakistan kimi rəsmi mövqeyini açıq səsləndirməməsi bizi üzdü. İnsafən, müharibədən iki ay öncə ermənilər Tovuz istiqamətində sərhədlərimizə hücum edəndə, Misir XİN səviyyəsində konkret bəyanat vermişdi - Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa çağırmışdı…

- Düşünürəm ki, Vətən müharibəsindən dərhal sonra misirli parlamentarilər, ictimai-siyasi xadimlərin cənab Prezidentə Qələbə münasibətilə ünvanladıqları təbrik məktubu sevindirici oldu. Misir və Körfəzin ərəb ölkələrinin siyasi xadimləri dəfələrlə bəyan ediblər ki, biz İƏT-in müharibə ilə bağlı bəyanatını dəstəkləyirik. Əlbəttə, Pakistan və Türkiyə qədər dəstək olmadı, amma İslam aləmi Azərbaycanla həmrəydir. Düşünürəm ki, Ankara və İslamabadın mövqeyi qardaş, qalan ölkələrin isə dost dəstəyidir. Qardaş isə, əlbəttə, hər zaman hər kəsdən yaxındır.

- Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri gedir. Sizin də bildiyiniz kimi, Türkiyə, Pakistan, İsrail və İtaliya şirkətləri azad edilmiş bölgələrimizin tezliklə canlandırılması işində Azərbaycanla birlikdə çalışırlar. Necə bilirsiniz, ənənəvi dostumuz olan Misir dövləti quruculuq prosesində hansı formada töhfələrini verə bilər? Ümumiyyətlə, Misir bu prosesdə həvəsli görünürmü?

- Dost ölkə olan Misirin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində iştirakı ilə bağlı hər hansı açıqlama yoxdur. Diqqətinizə çatdırım ki, bu ölkənin iri şirkətləri xaricdə həyata keçirilən layihələrdə o qədər də fəal iştirak etmirlər. Onların, əsasən, Şimali Afrikada, xüsusən Liviya və Sudanda bu cür fəaliyyətləri var.

Oxunma sayı 6640
Siyasət rubrikasından digər xəbərlər