Ermənilərin xəyallarına son qoyuldu - Politoloq  

14:46 16.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Regiondakı vəziyyət, xüsusən də Laçın dəhlizi və alternativ yolun çəkilişi ilə bağlı cərəyan edən proseslər müxtəlif aspektlərdə təhlil olunmaqdadır.

Laçına qayıdış prosesinin başlanması, vaxtilə qeyri-qanuni şəkildə işğal altında olan rayonlarımıza köçürülən ermənilərin ərazilərimizi tərk etməsi dövlət sərhədlərimizin bütövlüyü, suverenliyimizin bərpası, eləcə də Ermənistanın sülhə gətirilməsi istiqamətində hansı əhəmiyyətə malikdir?

Politoloq Aytən Qurbanova hafta.az-a bildirib ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi 10 noyabr bəyanatında təsbit olunmuş ən mühüm məsələlərdən biridir. Onun sözlərinə görə, Prezidentin dəfələrlə ifadə etdiyi, kimi bu məsələ onun şəxsi təşəbbüsü ilə üçtərəfli bəyanatda əks olunmuş və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılması və ümumilikdə regionda sülhquruculuğu prosesinin sürətləndirilməsi məqsədilə atılmış kifayət qədər mühüm addımdır.

“Azərbaycan tərəfi hər zaman olduğu kimi artıq öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra edərək yolun Azərbaycan Respublikasının ərazisindən keçən hissəsinin inşasını başa çatdırıb və təbii olaraq da sülhməramlıların nəzarət etdiyi postların yerlərinin dəyişdirilməsi və Laçın şəhərində qeyri-qanuni məskunlaşmış erməni əhalinin çıxarılması tələbini açıq şəkildə bəyan edib. Əslində bu prosesin sürətli şəkildə həyata keçirilməsi eyni zamanda, ermənilərin danışıqlar prosesində Zəngəzur dəhlizindən istifadə edərək Laçın dəhlizinin alternativ yola keçirilməsinin qarşısını almaq xəyallarına da birdəfəlik son qoydu. Nəticə etibarilə, Ermənistanın istəyindən asılı olmayaraq Azərbaycan öz maraqlarına zidd atıla biləcək istənilən təxribat addımlarının qarşısını almağa qadir dövlət olduğunu növbəti dəfə nümayiş etdirərək həm Ermənistana, həm də onu himayə edən tərəflərə açıq mesaj vermiş oldu”.

A.Qurbanova eyni zamanda hesab edir ki, İrəvanda baş verən hadisələrin nəticələrinin deyil, ehtimal olunan səbəblərinin birbaşa və dolayı yolla həm Azərbaycan Respublikasının, həm də regionun digər dövlətlərinin təhlükəsizliyinə hədə təşkil edən məsələləri özündə ehtiva etməsi faktı istisna edilmir.

“Çünki kifayət qədər çox şübhəli məqamlar var və düşünürəm ki, bu məqamlar öz təsdiqini tapdığı halda Ermənistanın regionda terroru dəstəkləyən dövlət olması faktını artıq bütün dünya dövlətləri qəbul edərək ona qarşı adekvat şəkildə preventiv addımların atılması üçün ortaq mövqe nümayiş etdirəcək”.

Oxunma sayı 139
Siyasət rubrikasından digər xəbərlər